Azərbaycanın Qobustan Milli Tarixi-Bədii Qoruğu «Avropada ilin muzeyi» müsabiqəsinin qalibidir

 

Qobustan Milli Tarixi-Bədii Qoruğu 2013-cü il üzrə "Avropada ilin muzeyi" müsabiqəsinin qalibi olmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva AzərTAc-a bildirmişdir ki, Avropanın 41 tanınmış muzeyinin iştirak etdiyi müsabiqədə Qobustan qoruğu mürəkkəb seçim mərhələlərindən uğurla keçərək xüsusi mükafata layiq görülmüşdür.

Avropa Muzey Forumu (European Museum Forum) tərəfindən keçirilən "Avropada ilin muzeyi" müsabiqəsi (EMYA - European Museum of the Year Award) dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrindəndir. 1977-ci ildən bəri hər il onlarla muzey bu yarışmada iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır. Müsabiqə, eyni zamanda, geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır.

Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış "köhnə" muzeylər iştirak edə bilərlər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun yeni muzeyi 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılmışdır. Muzey tarixin təqdim olunmasında və qabaqcıl texnologiyaların istifadəsində yeni yanaşma vasitəsilə regional, milli və beynəlxalq səviyyədə ictimaiyyətin maarifləndirilməsində ibtidai dövrün incəsənətinə marağın və biliyin artırılmasına görə "Avropada ilin muzeyi" müsabiqəsinin xüsusi mükafatı ilə təltif edilmişdir. Artıq illərlə təsdiq edilmiş faktdır ki, bu nüfuzlu müsabiqədə uğur qazanan muzeylərə ziyarətçi axını xeyli artır. Məsələn, bu il EMYA-nın təqdimat mərasiminə ev sahibliyi edən Belçikanın Tongeren şəhərindəki Qallo-Roman arxeoloji muzeyi 2011-ci ilin əsas mükafatını aldıqdan sonra onu ziyarət edənlərin sayı ildə 150 minə (bu, kiçik bir əyalət şəhərinin əhalisindən üç dəfə çoxdur) çatmışdır.

Qısa müddətdə ölkəmizdə və onun hüdudlarından kənarda tanınan Qobustan muzeyinin də EMYA-nın münsiflər heyəti tərəfindən mükafata layiq görülməsi onun dünyada daha geniş tanıdılmasına yeni bir töhfə olacaqdır.

 

 

Azərbaycan.-2013.- 22 may.- S.11.