Bakıda keçirilən «Canlı tarix» I Beynəlxalq Festivalında Rusiya xalqlarının da mədəniyyəti
təqdim edilmişdir
Xəbər
verildiyi kimi, mayın 18-19-da Bakıda, "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğunda "Canlı
tarix" I Beynəlxalq Festivalı keçirilmişdir.
Festival
diplomatik nümayəndəlikləri Azərbaycanda akkreditə
olunmuş ölkələrin mədəni müxtəlifliyini
və irsini nümayiş etdirmək məqsədi
daşımışdır. Rusiya xalqlarının mədəniyyəti
musiqi və rəqslərdən ibarət 1,5 saatlıq
tamaşa ilə təmsil olunmuşdur. Qədim qalada festivala
qatılan ölkələrin, o cümlədən
Macarıstan, Almaniya, İtaliya, Latviya, Moldova, Niderland, Rusiya,
Rumıniya, Serbiya, Türkiyə və Özbəkistanın
pavilyonlarından ibarət olan gözəl şəhərcik
salınmışdır.
Rusiya
İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki, festivalda Rusiya pavilyonunun təşkilatçıları
Rusiya səfirliyi və Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyi
olmuşdur.
Rusiya pavilyonu tamaşaçıların böyük marağına səbəb olmuşdur. Burada Rusiyadan söz açan təqdimat filmlərinə baxmaq, Rusiya xalqlarının musiqisini dinləmək, xalq yaradıcılığı nümunələri, milli kostyumlarla tanış olmaq, yeməklərinin dadına baxmaq mümkün idi. Festivalın keçirildiyi müddətdə Rusiya pavilyonuna minlərlə qonaq gəlmişdir.
Möhtəşəm mədəniyyət bayramının finalında qala-konsert olmuşdur. "İqray, qarmon" folklor ansamblının (bədii rəhbəri V.Limberq) ifasında mahnı, gənc avar Əli Xurmayevin ifasında oynaq rəqs və mənalı mahnı tamaşaçıların zövqünü oxşamışdır. Tatar icmasının nümayəndəsi Rinat Alimov "Baz qızım atilya" ("Oyna, mənim qızım") məzəli mahnısını ifa etmişdir. Dilarə Əliyevanın ifasında Azərbaycanda sevilən "Volqa çayı axır" mahnısı ürəkləri riqqətə gətirmişdir. Beynəlxalq müsabiqələr laureatı Vaqif Nağıyevin ifasında Müslüm Maqomayevin "Əlvida, Bakı", "Mavi əbədiyyət" mahnıları səslənmişdir. "Günay" uşaq teatrının "Dənizçi qız" və Bakı şəhərindəki 145 nömrəli məktəbin şagirdlərinin "Kadril" rəqsləri şuxluğu ilə tamaşaçıların qəlbini fəth etmişdir.
Bütün çıxışlar sürəkli alqışlarla qarşılanmışdır.
Rossotrudniçestvonun
Azərbaycandakı nümayəndəliyi festivalda Rusiya xalqlarının mədəniyyətinin
parlaq şəkildə təqdim olunmasına görə Azərbaycandakı
həmvətənlər təşkilatlarına,
"İşərişəhər" kompleksinin müdiriyyətinə,
ifaçılara minnətdarlığını bildirir.
Azərbaycan.-2013.- 22 may.- S.12.