Azərbaycan Prezidenti İlham Əliyev Uruqvay Parlamenti Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardosonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan ilə Uruqvay arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin  inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə inkişafı üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev münasibətlərimizin genişləndirilməsində parlamentlərarası əlaqələrin rolunu qeyd etdi. Dövlətimizin başçısı  Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardosonun ölkəmizə səfərinin uğurlu olacağına və əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardoso öz növbəsində ölkəsi ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu dedi. O bildirdi ki, ölkələrimizin bir-birindən uzaq məsafədə yerləşməsi əməkdaşlığımızın genişləndirilməsi işinə mane ola bilməz.

Görüşdə ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə inkişafı üçün yaxşı imkanların olduğu vurğulandı və bu istiqamətdə müvafiq addımların atılmasının önəmi qeyd edildi.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 23 may.- S.1.