Prezident İlham Əliyev XIX Azərbaycan
beynəlxalq qida sənayesi və VII Azərbaycan beynəlxalq
kənd təsərrüfatı sərgiləri ilə
tanış olmuşdur
Mayın 22-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Bakı Sərgi
Mərkəzində "WorldFood Azerbaijan-2013" XIX Azərbaycan
beynəlxalq qida sənayesi və "Agrihort Azerbaijan-2013"
VII Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgiləri
ilə tanış olmuşdur.
Kənd təsərrüfatı naziri İsmət Abasov dövlət başçısına məlumat verdi ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun əsas sahələrindən olan aqrar bölmənin inkişafı respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasına, əhalinin rifahının yüksəlməsinə önəmli töhfəsini verməkdədir. Ən son texnologiyaların qida sənayesində tətbiqi bu sektorun inkişafı, istehsal olunan məhsulların keyfiyyəti və rəqabətə davamlılığı baxımından çox mühümdür. Bu baxımdan ölkəmizdə təşkil olunan sərgilər böyük əhəmiyyət kəsb edir və aqrar sahənin inkişafına müsbət təsirini göstərir.
Qeyd olundu ki, ənənəvi "WorldFood Azerbaijan-2013" və "Agrihort Azerbaijan-2013" sərgiləri ildən-ilə daha çox tərəfdaş toplayır, kənd təsərrüfatı məhsullarının istehsal və emal proseslərində yeni texnologiyaların tətbiqi ilə yanaşı, bu sahənin inkişafına və təkmilləşdirilməsinə, yerli və xarici iş adamları üçün işgüzar mühit yaratmaqla biznes əlaqələrinin qurulmasına və genişləndirilməsinə xidmət edir.
Vurğulandı ki, builki sərgilərin Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğu dövrə təsadüf etməsi bu tədbirlərin əhəmiyyətini daha da artırır. Azərbaycan iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatı və emal sənayesinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət kənd təsərrüfatının davamlı inkişafı üçün əlverişli şərait yaratmışdır. Təşkil olunan hər iki sərgi bu inkişafın daha bir göstəricisidir.
Bildirildi ki, hər iki sərgi Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilir. "WorldFood Azerbaijan-2013" sərgisində MDB ölkələri və Avropadan olan şirkətlər üstünlük təşkil edir. İştirakçıların ümumi sayının 38 faizini təşkil edən yerli şirkətlər də sərgidə böyük fəallıq göstərirlər. Bu il sərgidə Naxçıvan Muxtar Respublikası ayrıca pavilyonla çıxış edir. Bu pavilyonda Naxçıvanın məşhur mineral suyu, habelə xörək duzu, un və qənnadı məmulatları nümayiş etdirilir.
Budəfəki qida sənayesi sərgisində 30-dan çox ölkədən 180-dək şirkət iştirak edir. Sərginin ekspozisiya sahəsinin ötən ilə nisbətən 40 faiz artması bu tədbirə marağın ildən-ilə çoxaldığını göstərir.
Diqqətə çatdırıldı ki, qida sənayesi sərgisi ilə eyni məkanda keçirilən və artıq yeddinci dəfə təşkil olunan "Agrihort Azerbaijan-2013" sərgisi aqrar kompleksin aparıcı nümayəndələrini, habelə kənd təsərrüfatı məhsullarının istehsalçı və təchizatçılarını bir araya gətirir. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün, habelə istixana avadanlığı, suvarma sistemləri, toxumlar, gübrələr, heyvanlar və balıqlar üçün yemlər və s. məhsullar nümayiş etdirilir.
Azərbaycan Prezidenti sərgilərin pavilyonları ilə tanış oldu.
ABŞ-ın Ət İxracı Federasiyasının stendi ilə tanış olan dövlət başçısına məlumat verildi ki, federasiya bütün dünyada Birləşmiş Ştatların ət məhsullarını təşviq edən, bu ölkənin qırmızı ət məhsulları üçün yeni imkanların yaradılması və mövcud beynəlxalq bazarların genişləndirilməsi ilə məşğuldur. Şirkət habelə istehlakçıların ABŞ-da istehsal olunan ət məhsullarının keyfiyyət xassələri haqqında maarifləndirilməsi istiqamətində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır.
Bildirildi ki, Hollandiyanın "Royal Brinkman" şirkəti 1885-ci ildə yaradılmışdır. Əsasən bağçılıq və istixana təsərrüfatları üçün avadanlıq istehsalı ilə məşğul olan şirkət 125 ildir ki, dünyanın bu sahədə ən aparıcı qurumlarından biridir. Şirkətin dünyada 250-dən çox nümayəndəliyi vardır. Bu şirkətin nüfuz qazanmasının əsas səbəbi müştərilərini yüksək keyfiyyətli xidmət və məhsullarla təmin etməsidir.
Sərgidə ziyarətçilərə imkanlarını geniş çeşiddə təqdim edən müəssisələrdən biri də "AzFP Co LTD" MMC-dir. Müəssisənin "Milla" brendi ilə istehsal etdiyi 50 adda süd və dondurma məhsulları istehlakçıların rəğbətini qazanmışdır. Bundan başqa, şirkət polistirol və polipropilen kisələr, eləcə də birdəfəlik plastik qablar da hazırlayır. Gündəlik istehsal gücü 250 ton olan müəssisə qısa zamanda Azərbaycanın bütün bölgələrində geniş alıcı kütləsi toplamışdır.
Bildirildi ki, İranda manna yarmasından hazırlanan makaronun ilk və ən böyük istehsalçısı olan "Zar Macaron" şirkəti də keyfiyyətli və yüksək səviyyəli məhsullar hazırlayır.
Prezident İlham Əliyev "Helmaks" şirkətinin stendi ilə də tanış oldu.
Qeyd edildi ki, şirkət qaramalın və davarın kəsilməsi üçün yüksək səviyyəli texnika hazırlayır. "Helmaks" şirkəti dünyada ən müasir avadanlığın layihələndirilməsi və istehsalı üçün davamlı olaraq tədqiqat və təkmilləşdirmə işlərini həyata keçirir.
"Shebekinsky machine-building plant" ASC isə çörək və şirniyyat məmulatlarının hazırlanması üçün nəzərdə tutulan sobaların istehsalı sahəsində 70 illik təcrübəyə malikdir.
Prezident İlham Əliyev Latviyanın da pavilyonuna baxdı.
Diqqətə çatdırıldı ki, Latviya sərgidə üç şirkətlə təmsil olunur. Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin məqsədi daha çox xarici investisiyalar cəlb etməklə latviyalı sahibkarların həm daxili, həm də xarici bazarlarda rəqabətə davamlılığını artırmaq və biznesin inkişafını təşviq etməkdir. Latviyanın "Jaunpils Süd Zavodu" şirkəti pendir və kəsmik istehsalı ilə məşğuldur. Məhsul istehsalında heç bir konservantdan istifadə edilmir. Əsas ofisi Riqada yerləşən "Laima" şirkəti isə Latviyanın ən böyük şirniyyat istehsalçısıdır.
Dövlət
başçısı "Grand Motors" şirkətinin
pavilyonunda da oldu.
Diqqətə
çatdırıldı ki, şirkət sərgidə kənd
təsərrüfatı texnikası və
avadanlığını təqdim edir. 2005-ci ildən fəaliyyətdə
olan müəssisə əsasən
tikinti və kənd təsərrüfatı
texnikalarının idxalı və satışı sahəsində
böyük təcrübəyə malikdir. Müəssisə
həmçinin İtaliyanın "New Holland" və
"Maschio Gaspardo" şirkətlərinin Azərbaycanda rəsmi
nümayəndəsidir.
Sərgidə
təmsil olunan yerli şirkətlərdən biri də
"ASPI AGRO" MMC-dir. Şirkət öz fəaliyyətində
müasir texnologiyanın tətbiqinə və Azərbaycanın
şərabçılıq ənənələrinə əsaslanaraq
üzümün yetişdirilməsindən yüksək
keyfiyyətli məhsulların buraxılışınadək
tam bir istehsal prosesini özündə birləşdirir.
Almaniyanın
"CLAAS Global Sales GMBH" şirkəti də sərgidə
təmsil olunur. Şirkətin Azərbaycandakı təmsilçiliyi
müştərilərə "CLAAS" markalı kənd təsərrüfatı
texnikası təqdim edir. "CLAAS" şirkəti təxminən
100 ildir ki, məhsul yığımı dövründə müştərilərin
işini asanlaşdıran kənd təsərrüfatı
maşınları üçün yüksək
texnologiyalı həll variantları işləyib
hazırlayır. Müəssisə həmçinin sahələrdə
texnikaya yüksək keyfiyyətli xidmət göstərir və
maşınları orijinal ehtiyat hissələri ilə təchiz
edir.
İndoneziya
sərgidə ayrıca pavilyonda təmsil olunur. Bu ölkənin
pavilyonunda qənd, ədviyyat, çay, kofe, kakao, dəniz məhsulları
və digər məmulatlar nümayiş etdirilir.
Sərgidə
təmsil olunan yerli şirkətlərdən biri "Azərtoxum"
MMC-dir. Cəmiyyətin fəaliyyətə başladığı
gündən əsas hədəfi fermerləri yüksək
reproduksiyalı toxumla təmin etməkdir. Müəssisənin
illik istehsal gücü 250 min tondur. İstehsal prosesi əsasən
dörd sahəni əhatə edir.
"Azəryem"
MMC də müştərilərə ekoloji cəhətdən
təmiz məhsullar təqdim edir.
Pavilyonlarla
tanış olan dövlət başçısına
bildirildi ki, bütün Qafqaz regionunun qida sənayesində və
kənd təsərrüfatında ən iri hadisə olan bu sərgilər
müvafiq sahələrin inkişafına, iş adamları
arasında işgüzar əməkdaşlığın
genişlənməsinə, məhsul istehsalının təkmilləşdirilməsinə
və istehsalatda modern texnologiyaların tətbiqinə imkan
yaradacaqdır.
Prezident
İlham Əliyev sərginin işinə uğurlar
arzuladı.
AzərTAc
Azərbaycan.-2013.- 23 may.- S.1.