Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva Fransa Milli Assambleyasında görüşlər keçirmişdir
.Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva mayın 21-də Fransa Milli Assambleyasında bir sıra görüşlər keçirmişdir.
Birinci xanım Mehriban Əliyevanı Fransa Milli Assambleyasının sədri Klod Bartolone qarşıladı.
Assambleyanın sədri Klod Bartolone Fransanın böyük dostu olan Mehriban xanım Əliyeva ilə görüşdən məmnun olduğunu qeyd etdi, bu səfərin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində vacib rol oynayacağını bildirdi. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə Azərbaycan-Fransa əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən Klod Bartolone Bakıda Fransız liseyinin tikilməsində Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğuladı.
Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban xanım Əliyeva ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu, əlaqələrimizin bütün sahələrdə inkişaf etdiyini bildirdi. Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə ətraflı məlumat verdi.
Azərbaycanın birinci xanımı Fransada ölkəmizlə bağlı mədəniyyət tədbirlərinin keçirildiyini, Heydər Əliyev Fondunun bu layihələri davam etdirdiyini diqqətə çatdırdı.
Sonra Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın başçılıq etdiyi deputatlardan ibarət nümayəndə heyəti Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun sədri Tierri Marianni ilə görüşmüşdür.
Görüşdə ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsinin, o cümlədən işçi qruplarının fəaliyyətinin intensivləşdirilməsinin əhəmiyyəti qeyd olundu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulandı.
Həmin
gün Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan
tərəfindən Fransa heyətinin şərəfinə
şam yeməyi verilmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2013.- 22 may.- S.2.