«Uşaq
hüquqları və biznes prinsipləri»
müzakirə olunmuşdur
Mayın 22-də Milli Məclisdə UNICEF-in dəstəyi ilə "Uşaq hüquqları və biznes prinsipləri" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, BMT-nin rezident koordinatoru Antonios Broek, yerli və xarici ekspertlər iştirak ediblər. Tədbirdə uşaq hüquqları ilə bağlı bütün dünyada və Azərbaycanda olan vəziyyət, bu sahədə problemlər, perspektivlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin uşaq hüquqlarına hörmət etmək və onları dəstəkləməyi təmin etmək üçün prinsiplər müzakirə olunub.
Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, Azərbaycan elə ölkələrdəndir ki, burada uşaq hüquqlarının qorunması sahəsində vəziyyət bir çox dövlətlərdən yaxşıdır: "Amma bu o demək deyil ki, Azərbaycanda bu sahədə problem yoxdur. Yenə də bizdə uşaq əməyindən istifadə olunur, himayədən məhrum, sosial təminatları aşağı olan uşaqlar var və bir sıra biznes strukturlarında uşaqlardan işçi kimi istifadə edirlər. Əlbəttə ki, uşaqların hüquqlarını qorumaq, onların təhlükəsizliyini, sağlam qidalanmasını təmin etmək hər bir cəmiyyətin qarşısında duran ümdə məsələlərdəndir. Azərbaycan da bu sahədə beynəlxalq təcrübəni öyrənərək müstəqillik dövrü ərzində böyük nailiyyətlər əldə etmişdir. Əgər dövlət qanunları, proqramları vasitəsilə uşaq hüquqlarının qorunması istiqamətində konkret layihələri yerinə yetirirsə, iş adamlarının, biznes qurumlarının, sahibkarların da qarşıda dayanan hədəfləri ondan ibarət olmalıdır ki, dövlətin və cəmyyətin uşaq hüquqlarının qorunması siyasətinə dəstək versinlər".
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard isə çıxışında bildirib ki, uşaq hüquqlarının qorunması sahəsində iş adamları da fəal olarsa, bu, uşaqların həyatına müsbət təsir göstərə bilər. Uşaqların hüquqlarının tapdalanmasına yol verilərsə, gələcəkdə onların həyatına, bütövlükdə cəmiyyətə mənfi təsiri olar. O, qeyd edib ki, Azərbaycanda 18 yaşa qədər təqribən 3 milyona yaxın şəxs var. Bu rəqəmin ölkə üçün əhəmiyyətli olmasından danışan M.Herevard deyib ki, bu təbəqədən olan insanlar çox həssasdırlar və onların hüquqları daim diqqətdə olmalıdır: "Uşaqların gündəlik həyatında, gələcəyə köklənən strateji proqramların işlənib hazırlanmasında biznes strukturlarının rolu xüsusi əhəmiyyət kəsb edir. Uşaqlar biznes sahəsində həm istehlakçılar, həm işçilərin ailə üzvləri, həm də gələcək işçilərə çevrilən gənclər kimi əhəmiyyət kəsb edirlər. Sahibkarlar öz fəaliyyətlərini həyata keçirdikləri zaman uşaq hüquqlarına necə təsir göstərdiklərini nəzərə almalıdırlar".
Onun sözlərinə görə, beynəlxalq konvensiyalar hər kəsin üzərinə məsuliyyət qoyur ki, uşaq hüquqlarının qorunmasında iştirak etsin. Lakin bir sıra hallarda insan hüquqları barədə müzakirələr aparılan zaman uşaqların hüquqları nəzərə alınmır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə deyib: "Uşaq hüquqları ilə bağlı bəzi məsələlərin öz həllini tapmasına baxmayaraq, hələ də onların əməyindən qanunsuz istifadə olunur. Dünyada baş verən qlobal maliyyə böhranından daha çox uşaqlar əziyyət çəkirlər, çünki dünyada baş verən böhranın əsas səbəbini ictimai maraqların toqquşması təşkil edir. Sovetlər dönəmində isə ictimai maraqlar ifadəsi daha qabarıq şəkildə mövcud idi. Bütün bu məsələlərin həllində vətəndaş həmrəyliyi əsas amil olmalıdır".
Z.Səmədzadənin sözlərinə görə, Azərbaycanda son 10 ildə həyata keçirilən strateji planlamaların əsas məqsədlərindən biri uşaqların müdafiəsi ilə bağlı tədbirlərin təşkilidir: "Dünyada bəzən biznes strukturları uşaqların hüquqlarını pozur və bunun da əsas səbəblərindən biri sağlamlığı təbliğ etməyən reklam roliklərinin mövcudluğudur".
UNICEF-in Baş qərargahının korporativ sosial məsuliyyət üzrə mütəxəssisi İda Marqarita Hilestid çıxışı zamanı bildirib ki, marketinq işində məşğul olanlar aqressiv reklamları yayımlamamalıdırlar, çünki uşaqlar çox həssasdırlar, manipulyasiyalara tez məruz qalırlar. Onun fikrincə, biznes strukturları uşaq hüquqlarının qorunması ilə bağlı öhdəliklər götürməlidirlər.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, heç kəs məcburi əməyə cəlb edilə bilməz, əmək müqavilələri sərbəst bağlanılır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsində isə birmənalı şəkildə qeyd edilir ki, uşaqları onların həyatına, sağlamlığına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək olmaz. Həmçinin 15 yaşına çatmamış uşaqları onların həyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edənlər cəzalandırılmalıdır. O, qeyd edib ki, bu gün Azərbaycanda kommunikasiya sahəsi qaydasına düşür, su-kanalizasiya sistemləri qurulur və ətraf mühitin qorunması sahəsində işlər görülür ki, bu da son nəticədə uşaqların sağlam mühitdə yaşamasına kömək edir. Hadi Rəcəbli işəgötürən və işçi münasibətlərinə də toxunaraq vurğulayıb ki, işəgötürən işçi ilə əmək müqaviləsi imzalamalıdır ki, onun uşaqları üçün də bir təminat yaransın.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək bildirib ki, konfederasiya tərəfindən hər il təxminən 6 minə yaxın uşaq istirahət düşərgələrinə göndərilir: "Ancaq hesab edirəm ki, bu rəqəm yüksək göstərici deyil. Azərbaycanda sovetlər dövründə olan pioner yay düşərgələrinin yeni formada bərpasına ehtiyac yaranıb. Hər il uşaqlar 3 aydan artıq müddətə yay tətilinə buraxılırlar. Ancaq onların çoxunun imkanı yoxdur ki, istirahət düşərgələrində dincəlsin, maraqlı məşğələlər keçsin. Belə hallarda bəzi uşaqlar xoşa gəlməyən işlər görür. Bu isə çox təhlükəlidir. Ona görə də uşaqların yay dövründə istirahətlərinin səmərəli təşkil olunması üçün yay istirahət düşərgələrinin sayının artırılmasına ehtiyac var".
Tədbirdə
yerli QHT nümayəndələrinin və bir sıra şirkət
təmsilçilərinin iştirakı ilə müzakirələr
aparılıb. "Dəyirma masa"nın
aparıcısı Bahar Muradova müzakirələrə yekun
vuraraq yüksək qiymətləndirib və belə bir
toplantının keçirilməsinin mühüm əhəmiyyət
kəsb etdiyini vurğulayıb.
Elgün MƏNSİMOV
Azərbaycan.-2013.- 22 may.- S.2,3.