Bakıda «İnsan
hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericiliyin
perspektivləri» mövzusunda «dəyirmi masa» keçirilmişdir
Mayın 22-də Bakıda "İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericiliyin perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Amerika Hüquqşünaslar Assosiasiyasının birgə təşkil etdikləri tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, hüquqşünaslar, QHT-lərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbirə sədrlik edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirmişdir ki, "dəyirmi masa"nın mövzusu çox mühüm bir məsələyə həsr olunmuşdur. Tədbirdə əsasən Azərbaycanda insan hüquqları üzrə islahatlar və xüsusilə diffamasiya haqqında qanunvericiliyin yaradılması haqqında danışılacaqdır. Son vaxtlar Azərbaycanda vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında dialoq ənənəsi formalaşmışdır. Biz vaxtaşırı belə dialoqları keçirməklə vətəndaş cəmiyyəti institutlarının bu və ya digər mühüm mövzularla bağlı fikirlərini öyrənməyə, ictimai əhəmiyyət kəsb edən məsələlər ətrafında diskussiya aparmağa çalışırıq.
"Dəyirmi masa"da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirmişdir ki, Azərbaycan dövlətinin nümayəndələri olaraq vətəndaş cəmiyyəti institutları, KİV-lər, yerli və beynəlxalq qurumlar, həmçinin hakimiyyətin digər qolları ilə cəmiyyəti maraqlandıran, insan hüquqları sahəsində prinsipial hesab edilən, o cümlədən bütün vətəndaş cəmiyyəti strukturunun əsasında dayanan məsələlər üzrə belə dialoqların keçirilməsini təqdir edir və dəstəkləyirik. Hər bir dialoq, fikir mübadiləsi sonda ən optimal yolların tapılmasına, fərqli fikirlər söyləyənlərin ortaq məxrəcə gəlmələrinə imkan yaradır. Bununla da həm insan hüquqlarının bütün sahələri üzrə, o cümlədən insanların mətbuatla münasibəti, mətbuatın cəmiyyətlə münasibəti məsələlərinə toxunulması zənnimcə, bugünkü Azərbaycan cəmiyyətində aktual məsələdir.
Prezident Administrasiyasının şöbə müdiri diqqətə çatdırmışdır ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı ilə bağlı mühüm bölmələr, müddəalar öz əksini tapmışdır. Bu Konstitusiya qüvvəyə mindikdən sonra qəbul olunan qanunvericilik aktlarının, dövlət proqramlarının və bu sahə üzrə digər təşəbbüslərin əksəriyyəti Azərbaycan cəmiyyətində insan hüquqlarının daha dolğun təmin edilməsinə və beynəlxalq aləmdə mövcud olan ən qabaqcıl təcrübələrin öyrənilməsinə, onların Azərbaycan cəmiyyətində tətbiqinə yönəlmişdir.
Əli Həsənov sözünə davam edərək demişdir: "Biz elə bir cəmiyyət arzulayırıq və bütün hakimiyyət qolları da ona çalışır ki, bu cəmiyyətdə insan hüquqları balanslaşdırılmış şəkildə, daha dolğun təmin olunsun. Azərbaycan cəmiyyətində hər bir vətəndaş özünü azad, sərbəst hiss etsin, öz hüquqlarının qorunması ilə bağlı təminata malik olsun. Bu baxımdan qanunvericilik təşəbbüsləri də, onun icrası da, məhkəmə orqanlarının bu qanunvericilik təşəbbüsünə nəzarəti və digər məsələlər də ona yönəlməlidir ki, həmin məsələlərlə insan hüquq və azadlıqlarının qorunması arasında tarazlıq yaradılsın".
Diffamasiya məsələsinə toxunan Prezident Administrasiyasının rəsmisi demişdir ki, artıq biz neçə illərdir bu sahədə ATƏT-in Bakı ofisi, o cümlədən qurumun media divizionu və onun mərkəzi ofisi ilə fikir mübadilələri aparırıq. Hazırda mövcud layihəni Venesiya Komissiyası ilə razılaşdırmaq ərəfəsindəyik. Hesab edirik ki, gələcəkdə biz diffamasiya qanunu layihəsinə qayıdacaq, bu qanunun Azərbaycan cəmiyyətində qəbulu və tətbiqi məsələlərinə baxacağıq.
Əli Həsənov daha sonra demişdir: "Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində diffamasiya haqqında qanunun qəbul olunması təşəbbüsünü, bu qanunvericilik aktının mahiyyətini bəzən düzgün anlamır, onun məqsədini düzgün izah etmirlər. Mən ilk növbədə, bu sahə ilə məşğul olan media qurumlarını, jurnalist təşkilatlarını nəzərdə tuturam. Ona görə də belə toplantılarda bu qanunun əsas fəlsəfəsinə, onun əsas məqsədinə və mahiyyətinə də diqqət yetiriləcəkdir. Biz hakimiyyət olaraq diffamasiya haqqında qanuna Azərbaycanda fəaliyyət göstərən peşəkar, məsuliyyətli və öz işinə hörmətlə yanaşan jurnalistlər üçün əlavə yaradıcılıq imkanının yaradılması kimi baxırıq. Hesab edirik ki, bu qanun peşəkar, məsuliyyətli və peşə şərəfini qoruyan jurnalistlərin fəaliyyətini daha dolğun həyata keçirmək məqsədi daşıyır. Bu qanun heç vaxt elə təqdim olunmamalıdır ki, həmin qanunvericilik aktı qəbul edildikdən sonra Azərbaycan cəmiyyətində kim kimi istəyir, necə istəyir və harada istəyir təhqir edə bilər və buna görə heç bir cinayət məsuliyyəti daşımayacaqdır. Bu, tamamilə yanlış fikirdir. Bilmək lazımdır ki, Cinayət Məcəlləsində insanların şərəf və ləyaqətinin alçaldılmasına, şəxsiyyətin təhqir olunmasına görə cinayət məsuliyyətini nəzərdə tutan müddəa həmişə qalacaqdır. Bu, Azərbaycan cəmiyyətinin, qurduğumuz demokratik dövlətin əsas prinsiplərindən biridir. Çünki insanlar öz əməllərinə, başqasının şərəf və ləyaqətinin alçaldılmasına görə məsuliyyət daşıdıqlarını bilməlidirlər. Bu məsuliyyət nə qədər yüksək olsa, cəmiyyətimiz üçün bir o qədər də faydalı olar. Jurnalist adı daşıyan, Azərbaycan cəmiyyətində jurnalist kimi tanınan, jurnalistin əxlaq kodeksi ilə tanış olan və onu qəbul edən insanlar üçün şübhəsiz fərqli şərait yaratmaq lazımdır ki, onlar Azərbaycan cəmiyyətində istənilən insanın fəaliyyətini təhlil edə, onu dəyərləndirə, hətta lazım gələndə bu fəaliyyətə ictimai qiymət verə bilsinlər. Diffamasiya haqqında qanun jurnalistlərə aiddir. Bu qanun gələcəkdə jurnalistlərin daha dolğun fəaliyyət göstərmələri, onların yaradıcılıq mühitini, azad sözün dairəsini genişləndirməklə Azərbaycan cəmiyyətində şəffaflığı təmin etmək məqsədi daşıyır".
Şöbə müdiri vurğulamışdır ki, bu gün bəzi hallarda parlamentin şərəf və ləyaqətin təhqir olunması ilə bağlı cəza tədbirlərini sərtləşdirməsi təşəbbüslərini Azərbaycan cəmiyyətində mətbuat və söz azadlığının pozulması kimi təqdim edirlər. Bu, qətiyyən belə deyildir. Azərbaycanda mətbuat və söz azadlığının təminatı tamamilə başqa qanun əsasında həyata keçirilir. KİV-lərin fəaliyyəti müvafiq qanunlarla tənzimlənir. Jurnalist fəaliyyəti ilə bağlı Azərbaycan Mətbuat Şurasının qəbul etdiyi əxlaq kodeksi vardır və bu prinsiplərə əməl edən hər bir jurnalist Azərbaycan cəmiyyətində istənilən sahə ilə bağlı informasiya toplaya, təhlil edə, yaya və insanların fəaliyyətini dəyərləndirə bilər. Diffamasiya da ona yönəlmişdir ki, bəzən jurnalistlər səhvən, bəzən bilərəkdən informasiya yanlışlığına yol verirlər. Bu və ya digər insanın fəaliyyətinin dəyərləndirilməsində yanlış fikirlər yayırlar. Yeni qanun imkan verəcəkdir ki, bu insanlar dərhal cinayət məsuliyyəti daşıyaraq məhkəmə qarşısına çıxmasın, İnzibati Xətalar Məcəlləsinin maddələrinə müvafiq olaraq onlarla bağlı inzibati cəza tədbirləri görülsün.
Ə.Həsənov demişdir: "Ona görə də mən düşünürəm ki, bugünkü "dəyirmi masa"da və bundan sonra Azərbaycan cəmiyyətində, xüsusən də media səhifələrində gedən müzakirələrdə də diffamasiya haqqında qanunun izahı düzgün aparılsın".
"Dəyirmi masa"da USAİD/Azərbaycanın demokratiya
və idarəçilik ofisinin direktoru Ronald Qlass, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Azərbaycan
Hüquqşünasları Konfederasiyasının idarə heyətinin
sədri Əli Hüseynli, Mətbuat
Şurasının sədri Əflatun Amaşov,
ATƏT-in Bakı ofisinin
rəhbəri Koray Tarqay, Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan
üzrə ölkə nümayəndəliyinin rəhbəri
Robert Stir
çıxış edərək mövzunun
aktuallığından, diffamasiya qanununun vacibliyindən
danışmış, "dəyirmi masa"nın işinə
uğurlar arzulamışlar.
Bildirilmişdir
ki, tədbirin əsas məqsədi
bu qanunun qəbulunu gerçəkləşdirmək və
bütövlükdə ümumi işə fayda verə biləcək
bir formatı tapmağa kömək etməkdən ibarətdir.
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "İfadə azadlığı sahəsində qanunvericiliyin inkişaf perspektivləri: Milli Məclisin Hüquq komitəsinin baxışı" mövzusunda məruzə ilə çıxış etmişdir.
Bildirmişdir ki, diffamasiyadan müdafiə haqqında qanun layihəsi müxtəlif dövrlərdə ictimaiyyətin ciddi müzakirə predmeti olmuşdur. Hesab edirəm ki, Konstitusiyaya etdiyimiz sonuncu dəyişikliklər və bunların nəticəsində həm də vətəndaşlara qanunvericilik təşəbbüsü hüququ verilməsi ölkəmizdə demokratiyanın inkişafında xüsusi rol oynayacaqdır. Bu baxımdan vətəndaş cəmiyyətinin beynəlxalq təşkilatlarla birgə istənilən təşəbbüsü, o cümlədən qanunvericilik təşəbbüsü çox müsbət qəbul olunur.
Ə.Hüseynli diffamasiya haqqında qanunvericiliyin hazırlanmasında görülən işlərdən danışmışdır.
Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli isə "Diffamasiya haqqında qanunvericiliyin inkişafı perspektivlərinə vətəndaş cəmiyyətinin baxışı" mövzusunda məruzə ilə çıxış etmişdir.
Sonra məruzələr ətrafında müzakirələr olmuşdur.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, Azərbaycan inkişaf edən və demokratik dünyaya inteqrasiya olunan bir dövlət kimi götürdüyü əsas öhdəlik ölkədə söz, məlumat və fikir azadlığının təmin edilməsidir. Bu prinsipi heç kim poza bilməz və biz bunu bütün fəaliyyətimizdə nəzərə alırıq. Hakimiyyətin əsas funksiyası budur. Yəni, söz, məlumat, fikir azadlığını məhdudlaşdırmaq olmaz. Eyni zamanda, burada cəmiyyətin ikinci bir tələbi ortaya çıxır. Bu da söz, məlumat, fikir azadlığı prinsiplərindən sui-istifadə olunmamasıdır. Bəzi hallarda söz, məlumat, fikir azadlığından istifadə edərək insanların şərəf və ləyaqətinin təhqir olunmasına yol verilir. İnsanların işgüzar və yaxud xidməti nüfuzuna xələl gətirilir. Ona görə də biz hakimiyyət olaraq öz öhdəliyimizi yerinə yetirərək qarşı tərəfdən - jurnalistlərdən də, mətbuatdan da tələb edirik ki, onlar da söz, məlumat, fikir azadlığının pozulmazlığı prinsipindən sui-istifadə edib insanların şərəf və ləyaqətini, onların işgüzar nüfuzunu təhdid etməsinlər. Cəmiyyətdə hər şey şəffaf olmalıdır. Hamı hər şey haqqında məlumata malik olmalıdır. Lakin peşəkar jurnalistin vəzifəsi ondan ibarətdir ki, o şəffaflığı təmin edərkən cəmiyyətin mövcud olan əxlaq normalarına əməl etsin.
"Dəyirmi
masa"da insan hüquqlarının təmin olunması məsələləri üzrə
dövlət orqanlarının nümayəndələri ilə
vətəndaş cəmiyyəti strukturlarının
konstruktiv ictimai dialoq platformasını gücləndirmək
və insan hüquqlarının təminatı sahəsində,
eləcə də ifadə azadlığı sahəsində
qanunvericiliyin inkişafı perspektivləri ilə
bağlı diskussiyalar aparılmışdır.
Azərbaycan.-2013.- 22 may.- S.3.