Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyənin Anadolu Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır

 

Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Respublikasının Əskişəhər Anadolu Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

AzərTAc xəbər verir ki, AMEA-nın Rəyasət Heyətində keçirilən tədbirdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də mövcud olan hərtərəfli əlaqələrdən söz açılmışdır.

AMEA-nın prezidenti akademik Akif Əlizadə ölkəmizdə elmə və elm adamlarına göstərilən dövlət qayğısından söz açmış və bildirmişdir ki, bu gün Azərbaycan alimləri dünyanın nüfuzlu elmi konfranslarında çıxış edirlər.

Təmsil etdiyi ali təhsil ocağı barədə məlumat verən Anadolu Universitetinin rektoru Davud Aydın diqqətə çatdırmışdır ki, 1958-ci ildə yaradılan bu elm məbədinin hazırda dünyanın 30-dan çox ölkəsində tədris mərkəzləri fəaliyyət göstərir. Ümumilikdə universitetdə 2 milyona yaxın tələbə təhsil alır.

Qonaq məlumat vermişdir ki, 42 elmi mərkəzi olan bu ali təhsil ocağı ildə həmin mərkəzlərdən 30 milyon dollara yaxın gəlir əldə edir. Universitetin dünyaya çıxışı olan televiziya kanalı ilə yanaşı, uçuş meydançası da vardır.

Davud Aydın AMEA-nın prezidentini Anadolu Universitetində keçiriləcək məzun gününə dəvət etmişdir.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Respublikasının Əskişəhər Anadolu Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

Sənədi Akif Əlizadə və Davud Aydın imzalamışlar.

Beşillik müqavilə əsasında AMEA Anadolu Universitetində yaradılmış Heydər Əliyev Mərkəzi ilə tarix, ədəbiyyat, dilçilik, incəsənət, iqtisadiyyat, arxeologiyaetnoqrafiya sahələri üzrə birgə elmi-tədqiqat işləri aparacaqdır.

Həmçinin müqavilədə ortaq simpoziumların və seminarların keçirilməsi, hər iki qurumun təşkil edəcəyi elmi və mədəni tədbirlərdə nüfuzlu alimlərin iştirakının təmin olunması və digər məsələlər öz əksini tapmışdır.

Qonaqlar AMEA-nın prezidentinə xatirə hədiyyələri təqdim etmişlər.

 

 

Azərbaycan.-2013.- 23 may.- S.4.