İlyas İSMAYILOV: «Hakimiyyətimiz
dövründə rüşvətxorluq kommunistlərin
dövründəkindən dəfələrlə
çoxalıb»
AXC-Müsavat iqtidarının daxili
işlər və ədliyyə nazirləri ölkədəki
böhranda, qanunsuzluqlarda
və total korrupsiyada
hakimiyyətin ən yüksək vəzifəli məmurlarını
ittiham edirdilər
Oxucularımıza
təqdim etdiyimiz bu material tam 20 il öncə - AXC-Müsavat
hakimiyyətinin 1993-cü ilin may ayının 25-də
Prezidentin İcra Aparatında keçirdiyi hüquq-mühafizə
orqanları işçilərinin müşavirəsinin
stenoqramlarını əks etdirir. Müşavirədə səslənən
fikirləri, qarşılıqlı ittihamları təhlil
etdikcə bir məqam tam dolğunluğu ilə
özünü büruzə verir: iflas ərəfəsində
olan iqtidar siyasi süqutunu şərtləndirən səbəbləri
müzakirə edərkən xalq və dövlət
qarşısında xəyanətlərini, səriştəsizliyini
bütünlüklə etiraf edir. Bir il müddətində
ölkəyə bütün sahələr üzrə misli
görünməyən xaos bəxş edən, Azərbaycanın
cənubunda və şimalında separatçı ocaqlar
yaradan, xalqda sabaha inam hissini tamam öldürən, indi isə
"demokrat", "vətənpərvər", "Azərbaycansevər"...
amplualarında çıxış etməyə cəhd
göstərən bu siyasətbazları stenoqram materialları
ilə bir daha yaxından tanımaq olar.
Onları
və onların xəyanətlərini unutmamalıyıq!
Ölkənin dövlət katibinin "respublikada mafioz
qüvvələr güclənir və onlar ölkəni, demək
olar ki, idarə edir", baş prokurorun "iflic vəziyyətində
olan dövlət aparatının özü rüşvətxorluqla
məşğuldur və rüşvətxorluğa
qarşı mübarizə də məhz dövlət
aparatından başlamalıdır", ədliyyə nazirinin
"hakimiyyətimiz dövründə rüşvətxorluq
kommunist dövründəkindən də çoxalıb",
Gömrük Komitəsi sədrinin "xalqın
qabağında dayanan oğlanlar bu gün pulun qabağında
dayana bilmir", Ali Məhkəmə sədrinin "Nazirlər
Kabineti bu gün milyarderlərdən ibarətdir"
etiraflarında AXC-Müsavat hakimiyyətinin əsl mahiyyəti,
acgözlüyü və xalqa xəyanəti öz dilləri
ilə açılır. Həmin iqtidarın sahibi sayılan
prezident isə "xalq deyir kaş canımız qurtaraydı
bu Xalq Cəbhəsinin əlindən. Bu xalq əgər
imperiyadan canını qurtardısa, gələcəkdə
onun əlindən burada əyləşən adamların
canı qurtarmayacaq. Deyin görüm respublikanı niyə
dağıdırsınız? Camaat yollarda oturub
ata-anamızın qəbrini söyür... Bizdə demokratiya
anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan
dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz"
etirafından sonra özünəməxsus qəribə bir bəyanat
verir: "Əgər hakimiyyətdə zorla
qalmışıqsa, bizi heç kim yıxa bilməz".
Heç bir ay da keçməmiş bu sözün müəllifi
məşhur Kələki mühacirətinə, komandası
isə aqressiv müxalifətçiliyə yollandı.
Onların
nəyə "qadir" olduqlarını, dövləti necə
məhv etdiklərini elə onların öz dilləri ilə
xatırlayaq!..
Müşavirədə
baş prokuror İxtiyar Şirinovun nitqi digər
hüquq-mühafizə orqanlarının rəhbərləri
tərəfindən ciddi etirazla qarşılanır. Onlar həmkarlarının
çıxışını yerdən dəfələrlə
kəsərək onu məsuliyyətdən yayınmaqda, hətta
özünün yaratdığı problemləri belə
başqalarının üstünə atmaqda ittiham edirdilər.
Müşavirənin çığır-bağırla,
intizamsız formada keçirilməsi əslində
AXC-Müsavat hakimiyyətinin mahiyyətinə tam uyğun idi.
Yaranmış qarşıdurmanı böyük çətinliklə
nisbətən yatırdan prezident Əbülfəz Elçibəy
növbəti çıxış üçün
sözü daxili işlər naziri Abdulla Allahverdiyevə verir.
Abdulla
Allahverdiyev nitqini gömrük məntəqələrində
yaranan qanunsuzluq hallarının etirafı ilə başlayaraq
bildirir ki, onların havadarları elə onun rəhbərlik
etdiyi polis sisteminin yüksək vəzifəli mənsublarıdır.
Daxili işlər naziri "sistemimizdə olan bu cinayətkarları
tezliklə ifşa edəcəyik" sözünü verir.
"Cinayətlərin
dinamikası və strukturundakı neqativ təmayül qalmaqdadır.
Cinayətkar əlaqələrin zorakılığı və
qəddarlığı güclənir, silahlı formalarda
cinayətkar terrorizm yayılır, iqtisadi sahələrin
kriminallaşması davam edir, mütəşəkkil cinayətkarlığın
və korrupsiyanın kriminal-siyasi təhlükəsi
böyüyür... Bölgələrdə mənəm-mənəmlik,
hegemonluq iddiası hələ də davam edir. Məsələləri
sivilizasiyalı həll və qanunun aliliyini təmin etmək əvəzinə
vəzifəli şəxslər şəhərdə və
ya rayonda birinci olmaq uğrunda didişirlər. Belə hallar
iqtidarı, hökuməti nüfuzdan, hörmətdən
salır, xalqın mövcud hakimiyyətə olan
inamını sarsıdır. Məncə, artıq
bölüşdürülməli heç nə yoxdur. Sadəcə
olaraq hər kəs öz yerini bilməli və öz
işimizi görməliyik. İndi respublikanın bu
günündə, torpaqlarımızın böyük bir hissəsinin
işğal olunduğu bir dövrdə hamı birlikdən
danışır. Çox təəssüf ki, biz hələ
də ibarəçiliyə, boşboğazlığa son
qoymamışıq. Hər kəs öz yerini bilməlidir",
- daxili işlər nazirinin bu etirafları müşavirə
iştirakçıları tərəfindən müxtəlif
nidalarla müşayiət olunurdu.
Abdulla
Allahverdiyev mənsub olduğu hakimiyyətin əsas prinsipi
sayılan "günahını və xəyanətini
başqasının üstünə at" metoduna əsaslanaraq
həmkarlarının tənqidinə də nitqində
geniş yer ayırırdı: "Rayonlarda prokurorların
polisə olan münasibətləri birdən-birə dəyişib,
hətta hər cür yolla açıq hücuma da
keçirlər. Cinayətkarlarla mübarizəni bir kənara
qoyub bir-birimizlə müharibəyə girişsək, bu nə
ilə nəticələnə bilər? Hüquq-mühafizə
orqanlarının şəxsi heyəti arasında səriştəsizlik
də, düzgün prosessual qərarların qəbul edilməməsi
halları da, tutduqları vəzifələrə layiq
olmayanların sayları da indi çox artıb. Belələri
haqqında qəti ölçülər
götürülmür. Bir boş yer tapan kimi sancmaq, bir-birində
günah axtarmaq vərdişini tərgitməliyik. Ehtiyac
oldu-olmadı, qərar ləğv etmək, lüzumsuz
öyüdverici məktublaşmalar nəyə
lazımdır? Məsələləri iş prosesində,
göstəriş və tövsiyələr verməklə
yoldaşcasına, işgüzarlıqla həll etmək
olmazmı?" - Abdulla Allahverdiyev hüquq-mühafizə
orqanları sistemindəki mövcud böhranlı durumu,
göründüyü kimi, rəhbərliyin intriqaları və
cinayətkar qruplaşmaların mənafeyini müdafiə etməsilə
əlaqələndirirdi.
Daxili
işlər naziri rəhbərlik etdiyi orqanlarda peşə
problemlərinin də geniş intişar
tapdığını qeyd edirdi: "Polisin müasir texnika ilə
təchizatı məsələsi bütövlükdə
qeyri-qənaətbəxşdir. Keyfiyyətli kadr heyətinin
yaradılması əsas problemdir. Etiraf etməliyik ki, peşəkarlığın
səviyyəsi dəhşətli dərəcədə
enmişdir. Gedən təcrübəli əməliyyatçılar
və müstəntiqlərin layiqli əvəzlərini
hazırlaya bilmirik".
Abdulla
Allahverdiyevin çıxışını prezident Əbülfəz
Elçibəy yarımçıq kəsərək ona belə
bir sual verir: "Yerli cəbhə xətlərində olan əsgərlərin
arasındakı intizamsızlıq və əsgərlərin
böhranlı vəziyyəti haqqında müdafiə
nazirinin niyə xəbəri yoxdur və o, bunlara niyə əhəmiyyət
vermir? Siz buna necə baxırsınız? Əsgərlər
Ağdərədə təpələri qoyub gedir, bəs
sizin polisiniz hara baxır? Və bu haqda niyə
ölçü götürmür? Orada polis olmalıdır
ki, o yerin bir nəzarəti də olsun".
Stenoqramda
prezident Əblüfəz Elçibəyin söylədiyi
problemlə bağlı gəldiyi qənaətə
müşavirə iştirakçılarının necə
reaksiya verməsi qeyd olunmayıb. Ancaq aydındır ki,
Müdafiə Nazirliyinin məsuliyyətini Daxili İşlər
Nazirliyində axtaran, "əsgəri təpədən
qaçmamaq üçün" polisin nəzarətini vacib
sayan belə Ali Baş Komandanın rəhbərlik etdiyi ordu,
dövlət, komanda məhz bu cür böhranlı və faciəli
durumda olmalı idi.
Müşavirənin
gedişində prezident Əbülfəz Elçibəy o qədər
qəzəblənir ki, iclası aparmaq iqtidarında
olmadığını bildirir və sədarəti dövlət
katibi Əli Kərimova həvalə edir. Növbəti
çıxış üçün tribunaya ədliyyə
naziri İlyas İsmayılov dəvət olunur.
İlyas
İsmayılov hüquq-mühafizə orqanlarının fəaliyyəti
ilə bağlı söylənən ittihamların heç də
hamısının müşavirədə səslənmədiyini
deyərək Əli Kərimova xitabən "Siz hələ
bir az yumşaq danışdınız, vəziyyət daha
böhranlıdır" söyləyir. "Cinayətkarlar
öz içimizdədir. Ona görə də onun
dağıdıcı qüvvəsi çox
böyükdür. Ümumiyyətlə isə ölkədəki
cinayətkarlıqla bağlı mübarizədə biz
heç nə edə bilməmişik. Cinayətkarlıq bizim
fəaliyyətimizi üstələyir, bu, çox acı
gerçəklikdir. Bu il Azərbaycanda 22450 cinayət faktı
qeydə alınıb, yəni ötən ilə nisbətən
cinayətkarlıq 43,5 faiz artıb. Ancaq hamımız bilirik
ki, bu rəqəmlər heç də real vəziyyəti
göstərmir. Bu, necə deyərlər, aysberqin
görünən tərəfidir. Qeydə alınmayan cinayətkarlıq
isə bundan yüz dəfələrlə çoxdur. Məhkəməyə
verilən 14407 cinayətkardan cəmi 7878 nəfəri cəza
alıb. Bəli, biz işləyə bilmirik.
Hüquq-mühafizə orqanlarında əlaqələndirmə
yox dərəcəsindədir", - İlyas İsmayılov
da başa düşürdü ki, məsuliyyəti boynuna
götürməkdənsə o da ən asan yolu seçsin, yəni
heç kəsdən geri qalmayaraq hamıdan sərt ittihamlar
irəli sürsün.
Məsələn,
ədliyyə naziri "Hakimiyyətimiz dövründə
rüşvətxorluq kommunistlərin dövründəkindən
dəfələrlə çoxalıb. Bu, faktdır. Vəzifəli
şəxslər içərisində təmizləmə
aparılmalıdır. Onların vəzifələrinə
münasibəti müəyyən olunmalıdır. Vəzifədən
kənarda onların özlərini necə aparmaları müəyyən
olunmalıdır, onların həyata özünəməxsus
baxışları əməllərində də davam
edir" deyərək əsas ittiham obyektinin özündən
yuxarı instansiyaların olduğunu diqqətə
çatdırırdı.
İlyas
İsmayılov qeyd edirdi ki, problemlər bir-biri ilə o qədər
bağlıdır ki, onları saymaqla qurtarmaq olmur.
"İqtisadi sahədə böyük dağıntılar
gedir. Guya ki, apardığımız "mübarizə"
ilə əslində cinayətkarları cinayətlərə
daha da həvəsləndiririk. Məhkəmələr
doğrudan da işləmir. Bu sistemdə yoxlama
aparmışıq, adamı dəhşət
bürüyür. Adi fakt: məhkəmə prosesi olmadan
hökm çıxardırlar. Bu, ən böyük
biabırçılıqdır. Məhkəmə prosesi olmadan,
qətnamə qəbul etmədən hansı qətnamədən
çıxarış verir bu məmurlar? Bizim sistemdə elə
cinayətkarlıq halları baş verir ki, bunlar hətta mənəvi
sərvətlərimizi də hədəfə
götürür. ZAQS-lar 33 yaşlı azərbaycanlı
qadınla 51 yaşlı rus kişisinin, 55 yaşlı azərbaycanlı
kişisiylə 80 yaşlı rus qadınının kəbinini
kəsir. Bunu edənlər natəmiz məqsədlər
güdürlər. Ən böyük zərbəni isə mənəvi
sərvətlərimiz alır. Görün bu məmurlar nə
edirlər? 80 yaşlı ananı, 50 yaşda bacını gətirib
bir rusa ərə verirlər. Nədir, bunun müqabilində
pul qazanacaqlar".
İlyas
İsmayılov xarakterinə uyğun olaraq
çıxışında yunan filosoflarından, Roma natiqlərinin
nitqindən saysız-hesabsız sitatlar gətirdiyindən
müşavirə iştirakçıları dəfələrlə
"gəlin ciddi söhbətlər edək" tipli
çağırışlar səsləndirirlər.
Dövlət
katibi Əli Kərimov ədliyyə naziri İlyas
İsmayılovun ittihamlarda "həddini"
aşdığını görərək onun nitqini çətinliklə
də olsa dayandıra bilir və tribunaya ölkənin ən
böyük korrupsiya sistemlərindən birinə -
Gömrük Komitəsinə rəhbərlik edən İbrahim
Vəliyevi dəvət edir...
(Ardı
var)
İxtiyar HÜSEYNLİ
Azərbaycan.-2013.- 23 may.- S.6.