«Alınmaz qalanın qəhrəmanları» bədii-sənədli filminin təqdimatı olmuşdur

 

Mayın 22-də Beynəlxalq Mətbuat Mərkəzində milli qəhrəmanların həyatı və döyüş yoluna həsr olunmuş "Alınmaz qalanın qəhrəmanları" bədii-sənədli filminin təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, film Milli Məclisin deputatı Sevinc Hüseynovanın təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gənclərin Maarifləndirilməsi və Təlimi" İctimai Birliyi tərəfindən çəkilmişdir.

Milli Məclisin deputatlarının, dövlət orqanları rəhbərlərinin, KİV, bir çox təşkilatların və ictimai birliklərin nümayəndələrinin iştirak etdikləri tədbirdə Sevinc Hüseynova yeni ekran əsərinin mövzusu barədə məlumat vermişdir.

Bildirmişdir ki, film əlvan metallurgiya sahəsində Azərbaycanı bütün dünyaya tanıtmış Gədəbəyin dörd qəhrəman övladı - Məzahir Rüstəmov, Aytəkin Məmmədov, İlham Alıyev və İsgəndər Aznaurov haqqındadır. Filmdə Gədəbəy rayonunun işğalçı Ermənistan ilə sərhəd ərazilərində gedən döyüşlərdən, həmin döyüşlərdə filmdə haqqında söhbət açılan qəhrəmanların göstərdikləri igidliklərdən bəhs edilir. Əsas hədəf Azərbaycanın milli qəhrəmanlarını tamaşaçılara başqa bir rakursdan çatdırmaqdır.

Vurğulanmışdır ki, yeni ekran əsəri milli qəhrəmanların ailələrindən, yaxınlarından, o cümlədən onlar haqqında yazılan kitablardan məlumat toplanılaraq real həyat hadisələri əsasında çəkilmişdir. Əsas çəkilişlər Gədəbəy rayonunda aparılmışdır.

Qeyd olunmuşdur ki, Gədəbəy rayonu Azərbaycanın yeganə ərazisidir ki, düşmənə bir qarış torpaq verməmiş, əksinə, tarixi Azərbaycan torpağı olmuş və sovet hakimiyyəti dövründə zorla Ermənistana verilmiş çox böyük ərazini azad etmişdir.

Xronometrajı 48 dəqiqə olan filmə baxarkən tamaşaçı həm Gədəbəy və orada gedən döyüşlər və bu döyüşlərdə iştirak etmiş dörd Milli Qəhrəman haqqında müfəssəl məlumat əldə edəcəkdir.

Filmdə bu milli qəhrəmanlarımızın döyüş yolunun bir növ bədii həlli tapılmışdır.

Sonra film nümayiş olunmuşdur. Filmin quruluşçu rejissoru Elnur Əliyev, ssenari müəllifi Kamran Qasımovdur.

Qəhrəmanların qohumları, yaxınları, həmçinin iştirakçılar ekran əsərini izləyərkən göz yaşlarını saxlaya bilməmişlər.

Nümayişdən sonra film ətrafında müzakirələr aparılmış, fikirlər səsləndirilmişdir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova və döyüş dövründə və ondan sonra keçilmiş yola nəzər salaraq bildirmişdir ki, torpaq üçün belə qəhrəmanlıqlar göstərmiş Vətən övladları ilə qürur duymalıyıq. Vurğulamışdır ki, həmin qəhrəmanlar ürəklərinin səsinə qulaq asaraq Vətən uğrunda canlarından keçmişlər.

Bahar Muradova həmişə torpaqlarımız işğal olunduğu tarixləri qeyd etdiyimizi, qəhrəmanlarımızı və şəhidlərimizi heç vaxt unutmadığımızı nəzərə çatdıraraq qəhrəmanlığı stimullaşdıran belə örnəklərin vacib olduğunu söyləmişdir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli vətənpərvərliyin ailədən, evdən başladığını qeyd edərək filmin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayacağını demişdir.

Tədbirdə iştirak edən qəhrəmanların ailə üzvləri belə bir təşəbbüsün reallaşmasında əməyi olan hər kəsə minnətdarlıqlarını bildirmişlər.

Digər çıxış edənlər də Gədəbəy rayonu ərazisində gedən döyüşlərdən və orada iştirak etmiş bu qəhrəmanların döyüş yolundan danışmışlar.

 

 

Azərbaycan.-2013.- 23 may.- S.7.