Bakıda XIX Azərbaycan beynəlxalq qida sənayesi,
VII Azərbaycan beynəlxalq kənd təsərrüfatı və
II Xəzər beynəlxalq qablaşdırma, tara, etiket və
poliqrafiya sərgiləri açılmışdır
Mayın 22-də Bakı Expo Mərkəzində XIX Azərbaycan beynəlxalq qida sənayesi, VII Azərbaycan beynəlxalq kənd təsərrüfatı və II Xəzər beynəlxalq qablaşdırma, tara, etiket və poliqrafiya sərgiləri açılmışdır.
Sərginin
təşkilatçıları "Iteca Caspian" MMC və
"ITE Group PLC" şirkətidir.
Sərgilərin
açılışında çıxış edən kənd
təsərrüfatı naziri İsmət Abasov ölkəmizin
iqtisadiyyatı barədə məlumat vermiş, ilin sonunadək
kənd təsərrüfatı sahəsində 6-7 faiz
artımın gözlənildiyini demişdir. Bildirilmişdir
ki, bu sərgilər mövcud əlaqələrin möhkəmlənməsində,
yeni tərəfdaşların axtarışına və Azərbaycanın
qida sənayesində yeni texnologiyaların tətbiqinə
şərait yaradan işgüzar platformaya
çevrilmişdir.
"İTE
Group PLC" şirkətinin icraçı direktoru Edvard
Stroon sərgilərdə
iştirak edən şirkətlərin sayının ilbəil
artdığını demişdir. Qeyd etmişdir ki, Azərbaycanın
yerli şirkətlərinin də sərgidə fəallığının
artması sevindirici haldır. Bu il sərginin ümumi sahəsinin
üçdəbir hissəsini Azərbaycanın yerli şirkətləri
tutur.
Builki sərgidə
31 ölkədən 179-dan çox şirkət iştirak
edir. Onların arasında Rusiya, Belarus, Polşa, Almaniya,
Çexiya, Hollandiya, Latviya, Türkiyə, İtaliya və
İspaniya şirkətləri də vardır. Bu il ilk dəfə
olaraq Latviya, Moldova, Belçika və İran öz milli
ekspozisiyaları ilə çıxış edirlər. Sərgidə
MDB ölkələrindən və Avropadan olan şirkətlər
üstünlük təşkil edirlər. Onların
arasında "Azərsun Holding", "Qəbələ
Konserv Zavodu" MMC, "Şirin", "Milla" və digər
şirkətlər, eləcə də öz
potensialını geniş auditoriyaya nümayiş etdirmək
kimi nadir fürsətdən yararlanan debütantlar vardır. Bu
il sərgidə Naxçıvan Muxtar Respublikası ayrıca
stendlə çıxış etmişdir. Burada
Naxçıvanın məşhur mineral suyu, xörək
duzu, un və qənnadı məmulatları nümayiş
etdirilir.
Sərgidə
qida sənayesi üçün avadanlıq, ət, konservlər,
baqqaliyyə məhsulları, inqridiyentlər, çay, meyvə
və tərəvəz, qənnadı məmulatları və
geniş çeşidli içkilərdən ibarət stendlər
təqdim olunmuşdur.
Bu il Azərbaycan,
Rusiya, ABŞ və Türkiyə şirkətlərinin də
daxil olduğu debütantlar ümumi
iştirakçıların 45 faizini təşkil edir. İlk
dəfə olaraq Özbəkistan və İordaniya şirkətləri
də sərgidə yer almışlar.
Artıq
ikinci ildir ki, "WorldFood Azerbaijan" sərgisi ilə birlikdə
keçirilən "Ipack Caspian-2013" Xəzər beynəlxalq
"Qablaşdırma, tara etiket və poliqrafiya" sərgisində
"qablaşdırma" sektoru nümayiş olunur.
"AgriHort
Azerbaijan-2013" VII beynəlxalq kənd təsərrüfatı
sərgisi "WorldFood Azerbaijan" sərgisi ilə eyni
meydançada keçirilir. Sərgidə Azərbaycan,
Bolqarıstan, Macarıstan, Almaniya, İspaniya, İtaliya,
Hollandiya, Rusiya, Ukrayna, Fransa və digər ölkələrdən
şirkətlər iştirak edirlər.
Bu sərginin
sahəsi ötən illə müqayisədə 87 faiz
artmışdır. Sərgidə kənd təsərrüfatı
və quşçuluq fabrikləri üçün
avadanlıq, istixana avadanlığı, suvarma sistemləri,
heyvanlar və balıqlar üçün yemlər, toxumlar,
gübrələr və s. bu kimi məhsullar nümayiş
olunur. Builki sərginin əsas fərqləndirici cəhəti
kənd təsərrüfatı texnikasına həsr olunan
ekspozisiyanın genişlənərək Bakı Expo Mərkəzinin
həm daxili, həm də açıq meydançasında təqdim
olunmasıdır. Bu sektor çərçivəsində
ikinci ildir ki, kənd təsərrüfatı
texnikasının istehsalı üzrə dünya liderləri
hesab olunan alman şirkətləri birgə stendlə
iştirak edirlər.
"WorldFood
Azerbaijan-2013" və "AgriHort Azerbaijan-2013" sərgiləri
ölkənin qida və aqrar sektorlarının bütün
müsbət inkişaf meyillərini nümayiş etdirəcək,
beynəlxalq əlaqələrin genişlənməsinə,
investisiya yatırımlarının artırılmasına və
yeni texnologiyaların tətbiqinə şərait
yaradacaqdır. Sərgilər mayın 24-dək davam edəcəkdir.
Azərbaycan.-2013.- 23 may.- S.7.