«Azərbaycan ailəsi»
film festivalının yubileyi qeyd olunmuşdur
Mayın
22-də Bakıda Heydər Əliyev Fondunun, Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
(AQUPDK) və BMT-nin Əhali Fondunun birgə layihəsi əsasında
təşkil olunan "Azərbaycan ailəsi" film
festivalının yubiley mərasimi keçirilmişdir.
Tədbir
ümummilli lider Heydər Əliyevin 90 ilik yubileyinə həsr
olunmuşdur.
AzərTAc
xəbər verir ki, tədbirdə çıxış edən
AQUPDK-nın sədri Hicran Hüseynova ümummilli lider Heydər
Əliyevin əsası qoyulmuş dövlət ailə siyasətinin
bu gün uğurla davam etdirildiyini bildirmişdir. Qeyd
olunmuşdur ki, Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ailələrin
rifahının yaxşılaşdırılması sahəsində
bir sıra mühüm layihələr reallaşdırır.
Artıq
beşinci dəfə keçirilən "Azərbaycan ailəsi"
film festivalının ictimaiyyət tərəfindən maraqla
qarşılandığını deyən komitə sədri
bildirmişdir ki, layihənin əsas məqsədi ailə
institutunu möhkəmləndirmək, cəmiyyətdə ailənin
nüfuzunu yüksəltmək, milli ailə dəyərlərinin
təbliği və yaşadılmasıdır. Festival sənətdə
ilk addımlarını atan gənc rejissorların öz
istedadlarını və yaradıcılıq
imkanlarını nümayiş etdirmələri və işlərini
geniş tamaşaçı kütləsinə təqdim etmələri
üçün gözəl məkandır. Bu layihənin bir
mühüm cəhəti də milli kino sənətinin
inkişafına xidmət etməsi ilə bağlıdır.
Heydər
Əliyev Fondunun əməkdaşı Fərid
Ağamalıyev film festivalının
iştirakçılarını
yubiley münasibətilə təbrik etmiş, onlara gələcək
fəaliyyətlərində uğurlar arzulamışdır.
BMT-nin Əhali
Fondunun ölkəmizdəki
nümayəndəliyinin baş müşaviri Fərid Babayev
təmsil etdiyi qurumun gender bərabərliyinin təmin
olunması sahəsində Azərbaycan dövlətinin məqsədyönlü
fəaliyyətini daim dəstəklədiyini bildirmişdir.
İctimai
Televiziya və Radio Yayımları Şirkətinin baş
direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev
"Azərbaycan ailəsi" film festivalının beynəlxalq
status aldığını diqqətə
çatdırmış, layihədə bir sıra ölkələri
təmsil edən istedadlı gənc rejissorların iştirak
etdiyini söyləmişdir. Bildirmişdir ki, münsiflər heyəti qalibləri
seçərkən ailə problemlərinin kinematoqrafiyanın
imkanlarından istifadə edərək peşəkarlıqla
açılması prinsiplərinə xüsusi diqqət
yetirmişdir.
Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının sədri,
xalq artisti Şəfiqə Məmmədova hər il olduğu
kimi, bu il də festivala maraqlı işlərin təqdim
olunduğunu bildirmişdir.
Film
festivalının əhəmiyyətini qeyd edən Ş.Məmmədova demişdir
ki, televiziya filmlərinə
böyük maraq vardır və film çəkilərkən
daha çox müsbət və ümidverici mövzulara
müraciət olunmalıdır. Yerli cizgi filmlərinin
sayının az olduğu üçün animasiya filmlərinin
istehsalına geniş yer verilməlidir.
Sonda
ictimaiyyətin tanınmış nümayəndələrindən
ibarət münsiflər heyəti tərəfindən
seçilmiş "Ən yaxşı film", "Ən
yaxşı xarici film", "Ən yaxşı sosial
çarx" nominasiyaları və nazirliklərin fəaliyyət
istiqamətlərinə uyğun seçilmiş filmlər
üzrə qaliblər mükafatlandırılmışlar.
Azərbaycan.-2013.- 23 may.- S.8.