Azərbaycan Prezidenti İlham Əliyev Koreya
Respublikası Milli Assambleyasının sədr
müavininin başçılıq etdiyi nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də
Koreya Respublikası Milli Assambleyasının sədr müavini
Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Koreya
Respublikası Milli Assambleyasının sədr müavini Park
Byonq-Soq Beynəlxalq Valyuta Fondunun Azərbaycanı ən
sürətlə inkişaf etmiş iqtisadiyyata malik olan
ölkələrin sırasına daxil etməsinin önəmini
vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə
ötən il ölkəmizdə mühüm beynəlxalq tədbirlərin
uğurla keçirilməsinin böyük əhəmiyyət
daşıdığını deyən qonaq 2012-ci ildə Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına sədrlik etməsini
mühüm hadisə kimi dəyərləndirdi.
Prezident
İlham Əliyev Azərbaycan ilə Koreya Respublikası
arasında ikitərəfli əlaqələrin sürətlə
inkişaf etdiyini bildirdi. Ölkələrimiz arasında
iqtisadi sahədə uğurların əldə olunduğunu,
ticarət dövriyyəsinin artdığını qeyd edən
dövlət başçısı Koreya şirkətlərinin
Azərbaycandakı uğurlu fəaliyyətlərinin
genişlənməsinin önəmini vurğuladı. Prezident
İlham Əliyev mədəniyyət sahəsində də əməkdaşlığımızın
yaxşı səviyyədə olduğunu söylədi.
Parlamentlərarası əlaqələrə toxunan dövlət
başçısı Koreya Respublikası Milli
Assambleyasının sədr müavini Park Byonq-Soqun
başçılıq etdiyi nümayəndə heyətinin
ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın
daha da genişləndirilməsi işinə xidmət edəcəyini
vurğuladı.
Görüşdə
Koreya şirkətlərinin ölkəmizdə həyata
keçirilən müxtəlif infrastruktur layihələrində
yaxından iştirakının əhəmiyyəti vurğulandı, neft-kimya, yüksək
texnologiyalar və digər sahələrdə də əməkdaşlıq
üçün yaxşı imkanların olduğu bildirildi.
AzərTAc
Azərbaycan.-2013.- 24 may.- S.1.