Azərbaycanın birinci xanımı, Azərbaycan - Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın Parisdə işgüzar görüşləri davam edir

 

Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva mayın 22-də Fransa Milli Assambleyasının Xarici əlaqələr komissiyasının sədri xanım Elizabet Qiqu ilə görüşmüşdür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamlayan Fransa Milli Assambleyasının Xarici əlaqələr komissiyasının sədri Elizabet Qiqu bu səfərin parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyini bildirmişdir. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edən xanım E.Qiqu Azərbaycanda gedən sürətli inkişaf proseslərinin maraqla qarşılandığını, Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin inkişaf etdiyini vurğulamışdır.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizin xarici siyasətində Avropaya inteqrasiyanın mühüm yer tutduğunu, Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırmış, ölkəmizin bu təşkilatın "Şərq tərəfdaşlığı" proqramında fəal iştirak etdiyini bildirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Mehriban xanım Əliyeva münaqişənin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulamışdır.

Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri Mehriban Əliyevanın başçılıq etdiyi nümayəndə heyəti Fransa Milli Assambleyasının sessiyasında iştirak etmişdir.

Assambleyanın sədri Klod Bartolone Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanı və nümayəndə heyətinin üzvlərini salamlamışdır. Fransa parlamentinin deputatları Azərbaycan nümayəndələrini alqışlarla qarşılamışlar. Azərbaycan nümayəndə heyətinin üzvləri hökumətlə sual-cavab sessiyasını izləmişlər.

 

 

Əsgər ƏLİYEV,

AzərTAcn xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2013.- 24 may.- S.2.