Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin illik konfransı keçirilir

 

Mayın 23-də Bakıda, "Gülüstan" sarayında Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) Parlament Şəbəkəsinin illik konfransı işə başlamışdır.

Parlament Şəbəkəsinin bu il keçirilən konfransının əsas məqsədi sosial müdafiə vasitəsilə inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə dayanıqlı, davamlı və hərtərəfli artımı təmin etmək, iqlim dəyişikliyini yumşaltmaq və uyğunlaşmaq, hasilat sənayesi sektorunda şəffaflığın təbliğ edilməsi və parlament nəzarətinin gücləndirilməsidir. İllik konfrans həm şəbəkə siyasətinin qarşıdan gələn il üzrə vəzifələrini, həm də prioritetlərini müəyyən etmək üçün keçirilir.

AzərTAc xəbər verir ki, Parlament Şəbəkəsinin prezidenti Alan Desteks konfrans iştirakçılarına  Şəbəkə haqqında ətraflı məlumat vermişdir.

Çıxışında Azərbaycandakı iqtisadi prosesləri şərh edən A.Desteks nəticələrin sevindirici olduğunu vurğulamışdır. Bildirilmişdir ki, təbii resursların düzgün bölüşdürülməsi, onlardan səmərəli istifadə ölkənin gələcəyi üçün narahat olmamağa əsas verir. Azərbaycanda yoxsulluğun səviyyəsi dünya üzrə ən uğurlu göstəricilərdəndir. A.Desteks demişdir: "Yoxsulluğun azalmasını sübut kimi nəzərə alsaq, ölkənin davamlı, yüksək orta gəlirli ölkələr sırasına daxil olması üçün imkanlarının mövcudluğu faktdır".

Qeyd olunmuşdur ki, Parlament Şəbəkəsi Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi təsisatların ölkələrin parlamentləri ilə əməkdaşlığının genişlənməsinə kömək edir. Parlamentarilər bu cür beynəlxalq və mötəbər tədbirlərdə fikir mübadilələri aparır, öyrənir, öz ölkələrində qanunverici orqan və beynəlxalq maliyyə təşkilatları arasında əlaqələri möhkəmləndirirlər.

Milli Məclisin deputatı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Parlament Şəbəkəsinin üzvü Elxan Süleymanov çıxışında Dağlıq Qarabağ probleminin münaqişə deyil, Ermənistanın Azərbaycana hərbi təcavüzü olduğunu xüsusi qeyd etmişdir. Vurğulamışdır ki, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdir. Ermənistan təcavüzkar, Azərbaycan isə təcavüzə məruz qalan tərəfdir. Bu müharibə nəticəsində Azərbaycan xalqına böyük mənəvi və maddi ziyan vurulmuşdur. Bir milyona yaxın azərbaycanlının bütün insan və vətəndaş hüquqları pozulmuşdur. Bu müharibə ölkəmizin iqtisadiyyatına da güclü zərbə vurmuşdur. Azərbaycanın bu müharibə fonunda əldə etdiyi uğurlar yalnız alqışa layiqdir.

Dünya Bankının xarici məsələlər üzrə vitse-prezidenti Siril Müller konfransın tarixi boyu görülən işlər barədə hesabat vermişdir. Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığına toxunan Siril Müller ölkənin donor qəbul edəndən bu mötəbər maliyyə qurumunun donoruna çevrilməsini xüsusi vurğulamışdır.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov demişdir ki, dünyanın 140 ölkəsinin parlamentarilərini birləşdirən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Parlament Şəbəkəsi bu təşkilatların fəaliyyətinin səmərəliliyini artıran mühüm bir platformaya çevrilmişdir. Belə bir platformanın yaradılması və genişləndirilməsi qlobal müstəvidə strateji problemlərin həllinə yeni yanaşmaların formalaşdırılması baxımından müsbət qiymətləndirilməlidir. Bu beynəlxalq platforma həm də ayrı-ayrı ölkələrdə qanunverici orqanların sosial-iqtisadi islahatlara dəstəyinin artmasına yardım edir. Ümumiyyətlə, beynəlxalq maliyyə təşkilatları qlobal iqtisadiyyatda inteqrasiyanın güclənməsində, ölkələr arasında iqtisadi inkişaf fərqlərinin azaldılmasında, qlobal iqtisadi və maliyyə sabitliyinin əldə edilməsində mühüm rol oynayır.

Azərbaycan hökuməti də beynəlxalq maliyyə-kredit təşkilatları ilə, xüsusən də Bretton-Vuds institutları - BVF və DB ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir. Bu beynəlxalq təşkilatlar bazar iqtisadiyyatına keçid prosesi, iqtisadiyyatın sabitləşməsi və inkişafın təmin edilməsində daim Azərbaycana əhəmiyyətli maliyyə və intellektual-texniki dəstək vermişlər. 

BVF-nin idarəedici direktoru xanım Kristin Laqarde və Dünya Bankının prezidenti Jim Yong Kim videosalamlama ilə çıxış etmişlər. Bildirmişlər ki, konfransa qatıla bilməsələr də tədbirin Bakıda keçirilməsini yüksək qiymətləndiririk.

Beynəlxalq Valyuta Fondunun kommunikasiya departamenti ictimai əlaqələr şöbəsinin müdiri Sabina Bhatia qeyd etmişdir ki, Parlament Şəbəkəsi 2011-ci ildən başlayaraq  BVF ilə əlaqələrini gücləndirmişdir.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali təmsil etdiyi qurum və onun qarşıdakı hədəfləri barədə məlumat vermişdir. Demişdir ki, DB dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biridir. Qurum Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.

Konfrans açıq müzakirələr və şəbəkə sessiyaları ilə davam etmişdir.

Sessiyalarda "Emaledici sənayedə şəffaflıq: resursların idarə edilməsində deputatların rolu", "Dəyişən inkişaf şəraitində yoxsulluğa son qoyulması" mövzularında məruzələr dinlənilmişdir. 

Mayın 24-də konfrans işini davam etdirəcəkdir.

 

 

Azərbaycan.-2013.- 24 may.- S.3.