Azərbaycanın Daxili
İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq
əlaqələri yaradılmışdır
Mayın
23-də respublikanın daxili işlər naziri general-polkovnik
Ramil Usubov ölkəmizdə səfərdə olan Avropa
Şurasının insan hüquqları üzrə komissarı
Nils Mujnieks ilə görüşmüşdür.
Daxili
İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, nazir müstəqilliyini əldə
etdikdən sonra respublikamızın beynəlxalq birliyin
tamhüquqlu üzvü kimi dünyəvi, demokratik, hüquqi
dövlət quruculuğu yolunu seçdiyini, insan və vətəndaş
hüquq və azadlıqlarının təmin edilməsi
işinin dövlət siyasətinin prioritet istiqamətinə
çevrildiyini xatırlatmışdır. Azərbaycan
Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında
insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planının təsdiq edilməsi haqqında" iki sərəncamından
irəli gələn vəzifələrin tam yerinə yetirilməsi
məqsədi ilə Daxili İşlər Nazirliyində
xüsusi tədbirlər planlarının hazırlanaraq icraya
yönəldiyini vurğulamışdır.
Daxili
İşlər Nazirliyi ilə Avropa Şurası arasında
sıx və işgüzar əməkdaşlıq əlaqələrinin
yaradılmasından danışan nazir qeyd etmişdir ki, bu
münasibətlər çərçivəsində insan
hüquq və azadlıqlarının təmin olunması
istiqamətində görülən işlər və həyata
keçirilən tədbirlər xüsusi əhəmiyyət
daşıyır.
Daxili
işlər orqanları əməkdaşlarının peşəkarlığının,
dünyagörüşünün artırılması, beynəlxalq
təcrübədən bəhrələnməsi istiqamətində
görülən işlər məqsədyönlü
və sistemli şəkildə həyata keçirilir. Onlar
müxtəlif ölkələrə, o cümlədən
ABŞ və Avropa dövlətlərinə təlimlər
keçməyə göndərilir, təcrübəli beynəlxalq
ekspertlərin iştirakı ilə ölkəmizdə
seminarlar, treninqlər, kurslar təşkil olunur. Yalnız insan
hüquqları üzrə ölkəmizdə və xarici
dövlətlərdə keçirilən tədbirlərdə
son 4 ildə DİN-in 1500-ə yaxın əməkdaşı
iştirak etmişdir.
Bildirilmişdir
ki, vətəndaşların məruz qaldıqları
hüquqazidd əməllərə qarşı təxirəsalınmaz
operativ tədbirlərin görülməsi baxımından
yaradılmış "102" xidməti də fəaliyyətin
məhz insan meyarı kimi ali prinsip üzərində
qurulmasına, eyni zamanda, ərazi polis orqanlarına daxil olan
siqnallara çevik reaksiya verilməsinə, bu prosesə mərkəzləşdirilmiş
nəzarətin həyata keçirilməsinə xidmət
edir. Bununla bərabər, əhalinin təhlükəsizliyinin
qorunması, hüquq qaydasına riayət edilməsinə
videonəzarətin həyata keçirilməsi, fasiləsiz və
canlı izlənilməsi, fövqəladə vəziyyətlərə
çevik reaksiya verilməsi funksiyalarının yerinə
yetirilməsi məqsədi ilə Təhlükəsiz Şəhər
Avtomatik İdarəetmə Sistemi də
yaradılmışdır. Nazirlikdə fəaliyyət göstərən
"Qaynar xətt", elektron poçt ünvanı da
ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində,
daxil olan müraciətlərin nəzarətə
götürülərək operativ həllində
böyük rol oynayır.
Daxili
işlər naziri ictimaiyyətlə əlaqələrin
genişləndirilməsi işinin səmərəli təşkili,
polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin
etibarlı qurulması və hüquq qaydasının təmin
olunmasında vətəndaşların könüllü
köməyindən istifadə edilməsi məqsədi ilə,
ATƏT-in Bakı ofisinin təşəbbüsü və dəstəyi
ilə 2008-ci ilin yanvar ayından respublikanın bir sıra
şəhər və rayon polis orqanlarında "Cəmiyyət
dəstəkli polis" layihəsi həyata keçirildiyini,
beynəlxalq təcrübəyə əsaslanaraq ölkə
qanunvericiliyində müvafiq dəyişiklik edildiyini və
"sahə rəisi" institutunun təsis olunduğunu məmnunluqla
vurğulamışdır. Qeyd olunmuşdur ki, hazırda hər
bir inzibati sahədə cəmiyyətin fəal təbəqəsini
təmsil edən "İctimai şura"lar fəaliyyət
göstərir. Sakinlərlə görüşlərin
keçirilməsi, təbliğat-maarifləndirmə işlərinin
gücləndirilməsi, vətəndaşların müraciətlərinə
vaxtında baxılması onların polisə olan
inamını daha da artırmışdır. Artıq 5 ildir
ki, nazirliyin rəhbərliyi və şəxsən nazir tərəfindən
Bakı şəhərində və respublikanın
ayrı-ayrı şəhər və rayonlarında vətəndaşların
qəbulu həyata keçirilir.
Daxili
işlər naziri Avropa Şurası komissarının nəzərinə
onu da çatdırmışdır ki, polis əməkdaşları
tərəfindən insan və vətəndaş hüquq və
azadlıqlarının pozulması barədə müraciətlər
DİN-in aidiyyəti idarəsi tərəfindən operativ və
obyektiv şəkildə araşdırılır, nəticələri
məruzə olunur və müvafiq tədbirlər
görülür. Təkcə son 5 il və cari ilin I
rübü ərzində vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş
hüquqlarını pozduqlarına görə 1327 əməkdaş cəzalandırılmış, o
cümlədən 99 nəfər tutduğu vəzifədən
azad olunmuş, 100 nəfər daxili işlər orqanlarında
xidmətdən xaric edilmiş, 19 nəfər isə cinayət
məsuliyyətinə cəlb olunmuşdur.
Polis
orqanlarının müvəqqəti saxlama yerlərinin (MSY)
müasir standartlara uyğun yenidən qurulması
yönümündə də zəruri tədbirlər
görülür. 2000-ci ildən indiyədək
respublikanın 32 şəhər/rayon polis orqanlarında yeni
müvəqqəti saxlama yerləri inşa olunmuş, 51 MSY-də
isə əsaslı təmir işləri
aparılmışdır. Son üç il ərzində ATƏT,
Beynəlxalq Qızıl Xaç Komitəsi, İşgəncələrə
Qarşı Azərbaycan Komitəsi, Ombudsman Aparatı, digər
dövlət və ictimai qurumlar tərəfindən müvəqqəti
saxlama yerlərində 1181 monitorinq keçirilmişdir.
İnsan
və vətəndaş hüquqlarını ən ciddi şəkildə
pozan amillər barədə danışan Ramil Usubov onlardan
biri kimi insan alveri, xüsusilə qadın və uşaq alveri
cinayətini göstərmiş, bu növ hüquqazidd əməllərə
qarşı mübarizənin gücləndirildiyini, müvafiq
beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın genişləndirildiyini,
qurbanların müdafiəsi və onlara yardım göstərilməsi
üzrə mexanizmlərin inkişaf etdirildiyini də diqqətə
çatdırmışdır.
Avropa
Şurasının insan hüquqları üzrə
komissarı Nils Mujnieks Azərbaycan hökuməti, o cümlədən
Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı
yüksək qiymətləndirdiyini, səfərinin əsas məqsədinin
insan və vətəndaş hüquq və
azadlıqlarının təmini sahəsində ölkəmizə
hərtərəfli yardım göstərmək və bu
prosesə dəstək vermək olduğunu xatırlatmışdır. O, Avropa
Şurasının təşəbbüsü ilə ölkəmizdə
həyata keçirilən demokratik islahatlar prosesində polis
orqanlarının bundan sonra da fəal iştirak edəcəklərinə
əmin olduğunu bildirmişdir.
Görüşdə
bir sıra digər məsələlər də müzakirə
olunmuş, daxili işlər naziri qonağı maraqlandıran
sualları ətraflı cavablandırmışdır.
Azərbaycan.-2013.- 24 may.- S.4.