Milli idealların təcəssümü
olan dövlətçilik modeli
Azərbaycan Xalq
Cümhuriyyəti-95
Müasir
dövrdə idarəçilik forması, quruluşu və
siyasi rejimindən asılı olmayaraq, hər bir dövlətin
inkişafa can atması, habelə bu niyyəti sağlam təməl
üzərində gerçəkləşdirmək əzmi ilk növbədə onun zəngin
dövlətçilik potensialı ilə şərtlənir.
Azərbaycan xalqının dövlətçilik təfəkkürü
də əsrlərlə davam edən sosial-iqtisadi, siyasi proseslərin
təsiri altında formalaşmış, milli psixologiyası,
düşüncə tərzi konkret tarixi-mədəni
mühitdə yeni keyfiyyətlər əxz etmişdir. Nəticə
etibarı ilə xalqımız ötən əsrin əvvəllərində
yaranmış tarixi fürsətdən səmərəli
şəkildə bəhrələnərək milli dövlətçilik
idealını praktik şəkildə gerçəkləşdirə
bilmişdir.
Azərbaycan
1918-ci il mayın 28-də müsəlman Şərqində
öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi
tarixə düşmüş, xalqımız qısa müddətdə
müstəqillik ideallarına qovuşmuşdur. Ümummilli
lider Heydər Əliyev 2001-ci ildə 28 may Respublika
Günü münasibətilə təşkil olunmuş rəsmi
qəbuldakı dərin məzmunlu nitqində demişdir:
"Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o
dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan
etməsi heç də təsadüfi hadisə deyildi. Hələ
XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən
xalqımızın mütəfəkkir şəxsiyyətlərinin,
qabaqcıl insanlarının fəaliyyəti nəticəsində
Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri
get-gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən,
demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri
müstəqillik arzusu ilə yaşamışlar. 1917-ci ildə
baş vermiş oktyabr inqilabı, rus-çar
imperatorluğunun dağılması və o zaman onun ərazisində
müxtəlif proseslərin meydana çıxması Azərbaycanın
istiqlaliyyətinin elan edilməsi və Xalq Cümhuriyyətinin
yaradılması üçün şərait
yaratdı".
Azərbaycan
Xalq Cümhuriyyətinin ilk hüquqi sənədi 1918-ci il
mayın 28-də elan olunmuş İstiqlal Bəyannaməsi
olmuşdur. Konstitusiya aktı statusuna malik bu sənəddə
müstəqil Azərbaycan dövlətinin
yarandığı bəyan olunmuş, onun hakimiyyətinin
şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş,
dövlətin əsas fəaliyyət prinsipləri əksini
tapmışdı. Bəyannamədə demokratik dövlətə
məxsus atributların - hakimiyyətin xalqa məxsusluğu, vətəndaşların
mülki-siyasi hüquqlarının təmini, bütün
xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və
cinsi mənsubiyyətindən asılı olmayaraq azad
inkişafı üçün şəraitin
yaradılması, nəhayət, hakimiyyət
bölgüsü kimi prinsiplərin əksini tapması suveren,
demokratik, hüquqi dövlət yaradılması istəyinin təcəssümü
idi.
İstiqlal
Bəyannaməsini qəbul edən Milli Şura Azərbaycan
hökumətini təşkil etməyi bitərəf Fətəli
Xan Xoyskiyə tapşırmışdı. O, ilk hökumətin
əsasən gənclərdən ibarət ilk tərkibini
"Müsavat", Müsəlman Sosialist Bloku, "Hümmət",
"İttihad"ın üzvlərindən, o cümlədən
bitərəflərdən formalaşdırmışdı.
Hökumətin və ali qanunverici orqanın səlahiyyətlərini
eyni zamanda icra edən Milli Şuranın ilk mühüm
addımlarından biri 1918-ci il iyunun 4-də qardaş
Türkiyə ilə hərbi-siyasi müqavilə imzalaması
oldu. Müqavilənin Azərbaycan üçün strateji əhəmiyyətə
malik dördüncü maddəsində göstərilirdi ki,
Osmanlı hökuməti, əgər zərurət olarsa,
sülh və əmin-amanlığın möhkəmləndirilməsi,
ölkənin təhlükəsizliyinin təmini məqsədilə
Azərbaycan Xalq Cümhuriyyətinə hərbi kömək
göstərməyi öz üzərinə
götürür.
Osmanlı
imperiyası ilə hərbi sahədə strateji əməkdaşlığı
nəzərdə tutan belə bir müqavilənin
bağlanması Azərbaycan dövlətçiliyinin beynəlxalq
aləmdə təsdiqi və Azərbaycan xalqının
müstəqilliyinin saxlanılmasında zəruri addım idi.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan
olunmasına baxmayaraq, respublika ərazisinin müəyyən
hissəsi, o cümlədən Bakı və ətraf rayonlar
erməni-bolşevik birləşmələrinin nəzarəti
altında idi. Birinci Dünya müharibəsindən, habelə
Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr
çevrilişlərindən istifadə edən ermənilər
mənfur iddialarını bolşevik bayrağı altında
reallaşdırmağa nail olmuş, Azərbaycanın bəzi
bölgələrini, o cümlədən Bakını
işğal etmişdilər.
Vəziyyətin
gərginliyi həm də onunla bağlı idi ki, hələ
1917-ci ilin dekabrında Osmanlı dövləti ilə
bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında
bağlanmış Ərzincan barışığına
uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan
rus ordusunu əvəzləyən erməni hərbi birləşmələri
faktiki başıpozuqluq şəraitindən istifadə edərək
yerli müsəlman əhaliyə qarşı soyqırımı
siyasətinə başlamışdılar. Nəticədə
hələ 1918-ci ilin martına qədər İrəvan
quberniyasında 199 azərbaycanlı kəndi
dağıdılmış, 135 min azərbaycanlının
böyük əksəriyyəti ermənilər tərəfindən
qətlə yetirilmiş, sağ qalanlar isə Osmanlı
ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa
məcbur olmuşdular.
Vəziyyətin
gərginləşdiyini görən Osmanlı hökuməti
özünün ağır durumuna baxmayaraq, 1918-ci ilin iyununda
qardaş Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək məqsədilə
Nuru paşanın komandanlığı altında hərbi
qüvvələrini Azərbaycana göndərdi. Azərbaycan
xalqı tərəfindən hərtərəfli dəstəklənən
Qafqaz İslam Ordusunun hərbçiləri Gəncə ermənilərini
tərksilah etdilər, Qaraməryəm, Kürdəmir,
Şamaxı, Binəqədi döyüşlərində
daşnak-bolşevik birləşmələrinə
ağır zərbələr endirdilər. Nəhayət, rəşadətli
Qafqaz İslam Ordusu ağır döyüşlərdə
eser-menşevik və daşnak qoşunlarını
darmadağın edərək sentyabrın 15-də Bakıya
daxil oldu. Qəhrəman Azərbaycan-türk əsgərlərinin
şücaəti, qanı bahasına Bakı və digər
rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti öz hakimiyyətini ölkənin bütün
hüdudlarında təmin etdi.
Cümhuriyyət
hökumətinin xalqda milli özünüdərki gücləndirməyə
xidmət edən mühüm addımlarından biri də
1918-ci il iyunun 27-də "Azərbaycan dilinin dövlət
dili elan edilməsi haqqında" qərarın qəbulu idi.
Həmin qərar Gülüstan (1813) və Türkmənçay
(1828) müqavilələri ilə Azərbaycanın ikiyə
bölünməsindən sonra ana dilinin dövlət dili kimi
işlədilməsinə dair ilk sənəd idi. Bu qərarla
Azərbaycan-türk dili bütün ölkə ərazisində
dövlət dili elan edildi. Qərarın icrası ilə
bağlı milli kadrlar hazırlanmalı, bu sahədə tədris
işi yenidən qurulmalı idi. Təhsilin milliləşdirilməsi
bu sahədə atılmış ilk addımlardan oldu. Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 avqust tarixli
qərarına əsasən, bütün ibtidai tədris
müəssisələrində təhsil ana dilində
aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi
icbari surətdə həyata keçirilməli idi.
Gənclərdə
milli özünüdərki, milli ruhu gücləndirən
mühüm addımlardan biri də dövlət bayrağının
hazırlanması və qəbulu idi. 1918-ci il noyabrın 9-da
Bakı şəhərində Fətəli Xan Xoyskinin sədrliyi
ilə Nazirlər Kabinetinin iclası keçirildi, burada onun
milli bayraq haqqında məruzəsi dinlənildi. Müzakirələrdən
sonra "yaşıl, qırmızı və mavi rənglərdən,
ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan
bayraq" Dövlət bayrağı kimi təsdiqləndi.
Azərbaycanın
üçrəngli bayrağı dahi mütəfəkkir və
ziyalı Əli bəy Hüseynzadənin hələ əsrin
əvvəllərində milli yaşam fəlsəfəsi kimi
irəli sürdüyü "Türkləşmək,
müasirləşmək, islamlaşmaq" devizinə əsaslanırdı.
Türkləşmək - milli ənənələrin
dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarix və
mədəniyyətin yüksəldilməsi; islamlaşmaq -
islamda milli dini-əxlaqi və
ümumbəşəri dəyərlərin inkişaf
etdirilməsi; avropalaşmaq - Avropa elm və texnikasının
nailiyyətlərinin öyrənilib nəticələrini
milli elm və mədəniyyətin inkişafına istiqamətləndirmək,
Qərb demokratiyası ənənələrindən istifadə
etmək deməkdir.
1918-ci il
avqustun 11-də qəbul olunmuş "Azərbaycan Xalq
Cümhuriyyətinin vətəndaşlığı
haqqında" qanun da müstəqil respublika
üçün mühüm əhəmiyyət
daşıyırdı. Bu qanun insanlarda vətəndaşlıq
hisslərinin tərbiyəsi, milli özünüdərk
duyğularının gücləndirilməsi baxımından
son dərəcə vacib sənəd idi. Qanunun 1-ci maddəsinə
əsasən, milliyyətindən və dini mənsubiyyətindən
asılı olmayaraq, özləri, yaxud valideynləri Azərbaycan
Xalq Cümhuriyyəti ərazisində doğulmuş
keçmiş Rusiya imperiyası vətəndaşları Xalq
Cümhuriyyətinin vətəndaşları hesab olunurdular.
Azərbaycan
Parlamentinin qəbul etdiyi qanunların, qərarların
hamısı müstəqil ölkənin ilk qanun və qərarları
olduğu üçün çox əhəmiyyətli idi. Bu
sırada bəzi qanunların strateji önəmini də
xüsusi vurğulamaq lazım gəlir. "Vətəndaşlıq
haqqında", "Ümumi hərbi mükəlləfiyyət
haqqında", "Mətbuat haqqında", "Milli
Bankın təsisi haqqında", "Bakı Dövlət
Universitetinin yaradılması haqqında",
"Gömrük və poçta-teleqraf xidmətinin təkmilləşdirilməsi
haqqında", "Məhkəmə qanunvericiliyi
haqqında" və digər qanunları göstərmək
olar.
Cümhuriyyət
hökuməti fəaliyyətində ölkədə xalq
maarifinin inkişafı, gənclərin müasir biliklərə
yiyələnməsi məsələlərinə də
xüsusi yer ayırırdı. Maarif işinin yüksək səviyyədə
təşkili, tədris və teatr müəssisələrinin
milliləşdirilməsi, yeni tədris müəssisələrinin
açılması, orada dərs deyən müəllimlərin
maddi vəziyyətinin yaxşılaşdırılması məsələləri
diqqət mərkəzində idi. Çünki çar
hökuməti Rusiyanın müstəmləkə əsarətində
olan xalqların milli-siyasi şüurunun oyanmasına hər
vasitə ilə mane olmuşdu. Buna görə də 1918-ci il
mayın 28-də - Azərbaycanın müstəqilliyi elan
olunan gün Fətəli Xan Xoyskinin sədrliyi ilə
yaradılmış birinci hökumətdə Xalq Maarifi
Nazirliyi də təsis edilmişdi. Nəsib bəy Yusifbəylinin
başçılıq etdiyi nazirlik fəaliyyətinə Azərbaycan
xalq maarifinin vəziyyətinin və bu sahədə həyata
keçiriləcək vəzifələrin müəyyənləşdirilməsi
ilə başladı.
Gənclər
siyasəti sahəsində fəal iş aparan Azərbaycan Xalq
Cümhuriyyətinin mühüm xidmətlərindən biri də
ölkədə ali məktəblərin açılması
olmuşdur. Xüsusilə də Bakı Dövlət
Universitetinin açılıb-açılmaması məsələsi
bir neçə ay müddətində parlamentdə
qızğın müzakirəyə səbəb olmuş,
bununla bağlı dəfələrlə ciddi mübahisələr
getmişdi. Gənclərin ali təhsilini həyati əhəmiyyətli
məsələ kimi diqqətdə saxlayan Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin təşəbbüsü
və qərarı ilə 1919-cu ilin mayında professor
V.İ.Razumovski başda olmaqla təşkil olunmuş komissiya
Bakı Dövlət Universitetinin təsis edilməsi
haqqında qanun layihəsi hazırlamışdı. Layihə
Bakı şəhərində Avropa tipli ilk universitetin
açılmasını nəzərdə tuturdu. Parlamentin qəbul
etdiyi 10 maddəlik qanunda universitetdə bu fakültələrin
- tarix-filologiya (Şərq bölməsi ilə birlikdə),
riyaziyyat (fizika-riyaziyyat), hüquq (müsəlman hüququ və
tarixinin tədris edilməsi) nəzərdə tutulmuşdu.
Zaqafqaziya Universiteti bağlandıqdan sonra Tiflisdən
Bakıya köçmüş bir qrup rus
ziyalısının - V.İ.Razumovski, N.A.Dubrovski,
L.A.İşkov, İ.S.Sitoviç, İ.İ.Şirokoqorov və
başqalarının Bakı Dövlət Universitetinin
yaradılmasında böyük xidmətləri
olmuşdu.
Azərbaycanda
elm və təhsilin inkişafı, milli kadrların
yetişdirilməsi ilə yanaşı, xarici ölkələrin
müxtəlif ali məktəblərində təhsil almaq
üçün azərbaycanlı tələbələrin
xaricə göndərilməsi sahəsində də
mühüm işlər görülürdü. Azərbaycan
hökumətinin yüz nəfər azərbaycanlı gənci
ali məktəblərdə təhsil almaq üçün
dövlət hesabına xarici ölkələrə göndərmək
haqqında hazırladığı qanun layihəsi parlamentdə
geniş müzakirə edilərək qəbul olunmuşdu.
1919-1920-ci tədris ilində 100 abituriyent və tələbənin
xaricə göndərilməsi nəzərdə tutulmuşdu.
Gənclərdən 45 nəfər Fransanın, 23 nəfər
İtaliyanın, 10 nəfər İngiltərənin, 9 nəfər
Türkiyənin müxtəlif ali məktəblərinə
göndərilmişdi. Rusiyada təhsil almaq üçün
göndərilməsi nəzərdə tutulan 13 nəfər gənc
bu ölkədə vətəndaş müharibəsinin
başlaması ilə əlaqədar olaraq oraya gedə bilməmişdi.
Azərbaycan
Xalq Cümhuriyyətinin həyatında ən əhəmiyyətli
və şərəfli məqamlardan biri də parlamentin
demokratik yolla seçilməsi və fəaliyyəti
olmuşdur. Ümumiyyətlə, 1918-ci il dekabrın 7-də fəaliyyətə
başlayan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin 23
ay ərzində 145 iclası keçirilmiş, burada 270-dən
artıq qanun layihəsi müzakirəyə
çıxarılmış, onlardan 230-a yaxını təsdiq
edilmişdi. Parlament mövcudluğu zamanı bütün fəaliyyətini
ölkənin sosial-iqtisadi, maliyyə problemlərinin həllinə,
siyasi suverenliyini və ərazi toxunulmazlığını təmin
etməyə, vətəndaşların hüquqlarını
qorumağa, dövlətin demokratik və hüquqi əsaslarını
möhkəmləndirməyə, Azərbaycanın beynəlxalq
miqyasda tanınmasına, onun xarici ölkələrlə, ilk
növbədə yaxın qonşuları ilə
çoxşaxəli əlaqələrinin genişlənməsinə
yönəltmişdi. Parlamentdə ümumilikdə 11 komissiya
- maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər
Məclisinə seçkilər üzrə mərkəzi
komissiya, mandat, hərbi, aqrar məsələlər,
sorğular, təsərrüfat, sərəncamverici, ölkənin
istehsal qüvvələrindən istifadə üzərində
nəzarət, redaksiya və fəhlə məsələləri
üzrə komissiyalar formalaşdırılmışdı.
Azərbaycan
Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti ölkənin
başı üstünü almış xarici müdaxilə
təhlükəsini sovuşdurmaq üçün gənc
respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində
fəal iş aparmışdır. Parlamentin xüsusi diqqət
yetirdiyi problemlərdən biri də Azərbaycanın
qonşu dövlətlərlə münasibətlərinin tənzimlənməsi
olmuşdur. Gərgin müzakirələrdən sonra
Gürcüstanla münasibətlər nizama
salınmış, İranla Azərbaycan arasında dostluq əlaqələri
haqqında müqavilə imzalanmışdı. Məlum səbəblərdən
daşnak Ermənistanı və sovet Rusiyası ilə
münasibətləri sahmanlamaq mümkün
olmamışdı. Parlament eyni zamanda 1918-ci il dekabrın 28-də
parlamentin sədri Ə.Topçubaşovun
başçılığı ilə Paris Sülh
Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi
haqqında qərar qəbul etmişdi. Ə.Topçubaşovun
başçılıq etdiyi nümayəndə heyətinin səyi
nəticəsində 1920-ci il yanvarın 12-də Paris Sülh
Konfransına qatılan ölkələr Azərbaycanın
müstəqilliyini tanımaq barədə qərar qəbul
etmişdilər. 1920-ci il aprelin 22-də isə parlament
Britaniya, Fransa, İtaliya, İsveçrə, Polşa və
ABŞ-da diplomatik nümayəndəliklər açmaq
haqqında qanun qəbul etmişdir. Lakin bir neçə
gün sonra - 1920-ci il aprelin 27-28-də bolşevik
Rusiyasının Azərbaycanı işğal etməsi ilə
bu işlər yarımçıq qalmışdır.
XX əsrdə
Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət
olan Heydər Əliyev AXC-nin süqutundan sonra azərbaycanlıların
istiqlal duyğularında qığılcım kimi közərən
milli dövlətçilik düşüncəsini - əsrin
70-ci illərinin əvvəllərindən başlamaqla əsrin
sonlarına doğru - müstəqil Azərbaycan dövləti
kimi əzəmətli bir reallığa qovuşdurmuş,
böyük fədakarlıqlar hesabına qurub-yaratdığı
bu dövlətin sarsılmazlığını, demokratik
yüksəlişini, Azərbaycanın müstəqilliyinin
daimiliyini, dönməzliyini təmin etmişdir. Həmin illərdə
parlamentdə Azərbaycanda milli özünüdərk prosesinə
əsaslı təkan verən bir sıra taleyüklü qərarların
qəbulu Heydər Əliyevin xalqına və dövlətinə
necə bağlı şəxsiyyət olduğunu bir daha təsdiqləyir.
Ümumilikdə Heydər Əliyevin rəhbərliyi
altında 70-80-ci illərdə istər icra strukturları, istərsə
də parlament səviyyəsində həyata
keçirilmiş kompleks tədbirlər respublikamızın
ötən əsrin 90-cı illərə doğru müstəqillik
uğrunda mübarizəsinə real hüquqi-siyasi və
iqtisadi əsaslar yaratmışdır.
Tarixi
reallıqlar göstərir ki, dövlət müstəqilliyinin
qorunub saxlanılması onun əldə edilməsi qədər
çətindir. 1991-ci ilin 18 oktyabrında Azərbaycan
özünün dövlət müstəqilliyini elan etsə
də, bu, əslində deklarativ xarakter
daşıyırdı. 1993-cü ildə ümummilli lider Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı Azərbaycanın həqiqi müstəqilliyinə
qovuşmasını təmin etmiş, ölkəni xaos və
anarxiya burulğanından çıxararaq davamlı, sabit
inkişaf yoluna qədəm qoymuşdur.
Ümummilli
lider qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi tam təmin
etməklə yanaşı, demokratik, hüquqi, dünyəvi
dövlət modeli konsepsiyasını da uğurla həyata
keçirməyə başlamışdır. 1995-ci ildə
müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən
seçkilər isə dövlət müstəqilliyinin
möhkəmləndirilməsi prosesinin hüquqi
bazasının yaradılmasına daha geniş imkanlar
yaratmışdır. Paralel olaraq ilk milli Konstitusiyanın qəbulu
dövlət müstəqilliyinin prioritet istiqamətlərini
müəyyənləşdirmək və həyata
keçirmək yolunda əsas istinad mənbəyi rolunu
oynamışdır.
Ümumiyyətlə,
Heydər Əliyevin siyasi kursu bütün istiqamətlərdə
Azərbaycanın dövlət müstəqilliyinin qorunub
saxlanılması, möhkəmləndirilməsi və
inkişaf etdirilməsi prinsiplərinə söykənir.
Hüquqi dövlət
quruculuğu, ölkənin iqtisadi və sosial
inkişafı, Azərbaycanda mülki cəmiyyətin
qurulması, milli təhlükəsizlik və xarici siyasət
problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində
görülən işlər bütünlüklə müstəqillik
amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.
Ulu
öndər Heydər Əliyevin azərbaycançılıq
ideologiyası Azərbaycan cəmiyyətinin vahidliyinin,
monolitliyinin təmin olunmasını özünün əsas
strateji vəzifəsi hesab edir. Bu baxımdan ulu öndərin əsasını
qoyduğu siyasi xəttin davam etdirilməsi cəmiyyətin
siyasi sifarişi, sosial tələbatı kimi diqqəti çəkir.
2003-cü və 2008-ci illərin prezident seçkiləri təsdiqləmişdir
ki, Azərbaycan xalqı ümummilli liderinin siyasi kursuna sadiqdir
və bu kursun dövlətçiliyin təhlükəsiz və
sabit inkişafına imkan verən yeganə strateji seçim
olduğunu tam mənası ilə dərk edir. Bu seçimin
2013-cü ildə də dəyişməz
qalacağına cəmiyyətdə
qəti əminlik var.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2013.- 24 may.- S.5.