Dövlətçilik və milli məfkurə

 

Dövlətçilik ideologiyası

 

Qədim dövrlərdə dövlət başçılarının üstünlüyü daha çox döyüş meydanlarında müəyyən olunurdu, əməli fəaliyyət və xüsusən sərkərdəlik məharəti ön plana keçirdi. Dövr dəyişdikcə rəhbər üçün meyarların prioriteti də dəyişir. Bütün meyarlar üzrə öncül mövqe tutan dövlət rəhbərləri tarixdə çox nadir hallarda rast gəldiyindən müxtəlif dövrlərdə bu və ya digər meyara üstünlük verilmişdir.

Həm böyük sərkərdə, fateh, həm böyük natiq, filosof, ideoloji lider  və həm də qurucu, yaradıcı olan dövlət adamı böyük sosial və mədəni-mənəvi iz qoyur, tarixin yaddaşına həmişəlik həkk olunur.

İlk baxışda belə görünə bilər ki, ölkələr fəth etmiş, müharibə dalğalarında yüksəlmiş   şəxsiyyətlər,  hətta  fəaliyyəti quruculuqdan daha çox, dağıdıcılıqla bağlı olan fatehlər tarixdə daha çox yad edilir (tarixin gedişinə müsbət və ya mənfi təsir göstərməsindən asılı olmadan), müharibələrsiz, böyük sosial-iqtisadi islahatlar yolu ilə uğur qazanan və cəmiyyətin mütərəqqi inkişafına - tərəqqisinə daha çox təkan vermiş adamlar isə bəzən kölgədə qalır. Lakin təsvirçi tarix deyil, ictimai tərəqqinin dərin qatlarını araşdıra bilən təhlilçi tarix başqa qənaətə gəlir. Məlum olur ki, cəmiyyətin müasir inkişaf səviyyəsinə gəlib çatmasında məhz mütərəqqi ideyaların, ictimai islahatların, sosial-iqtisadi quruculuq işlərinin böyük əhəmiyyəti olmuşdur. Hətta hərbi nailiyyətlər də çox vaxt, sadəcə, sərkərdənin məharətinin nəticəsi olmayıb, güclü dövlət yaradılması, sosial-iqtisadi təminat, mənəvi mütəşəkkillik əldə edilməsi sayəsində mümkün olmuşdur. Neçə əsrlər keçdikdən sonra Teymurləngdən ən çox qalan, ən çox kütləviləşən xatirələr onun əzazilliyi haqqında əfsanələr, bir də Səmərqənd olub və bir də öz müəlliminin qəbri ayağında dəfn olunması; sənətə, elmə, müəllimə verdiyi qiymət qalıbdır xatirələrdə. Onun simasının da müsbət cizgilərinin saxlanmasında məhz bu sonuncular böyük rol oynayıblar.

I Pyotrun tarixdə böyük şəxsiyyət kimi qalmasının da səbəbləri apardığı müharibələr yox, keçirdiyi böyük ictimai islahatlar olub. Əksinə, o vaxtdan sonra Rusiyanın hərbi uğurlarını da şərtləndirən məhz bu islahatlar sayəsində dövlətçiliyin və onun maddi-texniki təməlinin möhkəmləndirilməsi olub.

Atatürkün ilk nəzərə çarpan böyük xidməti, əlbəttə, I dünya müharibəsində Osmanlı imperiyasının hərbi məğlubiyyətinə və süqutuna baxmayaraq, militarist qüvvələrə qarşı yeni bir hərb başlaması, istilaçı qoşunları heç olmazsa bilavasitə türklər yaşayan ərazilərdən çıxarması və bu ərazidə yeni bir dövlət yaradılması üçün şans qazanması olmuşdur.

 

Lakin necə bir dövlət yaradılması?

 

Bu şansdan kim necə istifadə etdi? Bəli, Atatürkün böyüklüyü daha çox dərəcədə özündə bu şansı reallaşdırmaq əzmini tapması idi. Hərblə başladığı işi quruculuqla başa çatdıra bilməsi idi.

Keçmişə nəzər salsaq görərik ki, tarix heç də yalnız baş vermiş, həyata keçmiş hadisələr deyil, həm də açılan imkanlar, milli-ictimai şanslar tarixidir.

Lakin tarixdə nə qədər  imkanlar  gerçəkləşməyib, nə qədər şanslardan istifadə olunmayıb? İlk növbədə tarixi şəxsiyyətin olmaması üzündən...

Şəxsiyyətin tarixdə rolu barədə çox mübahisələr gedir. Sovet dövründə hakim olan ideologiya belə hesab edirdi ki, tarixdə həlledici rolu xalq kütlələri oynayır; cəmiyyətin obyektiv inkişaf qanunauyğunluqları və meyilləri vardır və bu inkişafın subyekti xalq olduğuna görə, ona kimin rəhbərlik etməsi önəmli deyil. Cəmiyyətin inkişaf mərhələləri və son mənzili irəlicədən məlumdur və heç kəs tarixin magistralından kənara çıxa bilməz. Belə yanaşma qüsurlu idi və tarixin öyrədilməsi zamanı, şəxsiyyətlərin rolu əsasən mənfi planda şərh olunurdu. İndi ideologiya dəyişmişdir və tarixə münasibətdə də belə qüsurlar aradan qaldırılmalıdır. 

Dövlətçilik ideologiyası insanların bir vətəndaş kimi formalaşdırılmasını, vətənə sevgi hissini, dövlət mənafeyini üstün tutmaq, şəxsi mənafeyi dövlət mənafeyi prizmasından keçirmək vəzifələrini əhatə edir. Heydər Əliyevə görə, dövlətçilik ənənələri dövlətçilik ideologiyası, dövlətçilik psixologiyası və dövlətçilik praktikasının vəhdətindən yaranır: "Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır".

Dövlətçilik ideologiyası hüquqi və siyasi şüurun yüksəldilməsini, insanın şəxsi həyatının, şəxsi maraqlarının cəmiyyətdə gedən proseslərlə əlaqələndirilməsini, dövlət idarəçiliyindən hər bir şəxsin bilavasitə və ya bilvasitə iştirakının təmin olunmasını nəzərdə tutur.

Dövlətçilik ideologiyası habelə iqtisadi təfəkkürün və iqtisadi mədəniyyətin inkişaf etdirilməsini, dövlət tərəfindən qanunvericilik aktları ilə aparılan iqtisadi islahat proseslərinin məqsədyönlü surətdə insanların şəxsi mənafeyi, rifahı və həyat tərzi ilə əlaqələndirilməsini, uyğunlaşdırılmasını əhatə edir.

 

Formal vətəndaşlıq və milli özünüdərk

 

Yuxarıda artıq qeyd etdiyimiz kimi, dövlətçilik ənənəsi insanlara milli özünütəsdiq imkanı verir və milli dövlətə münasibətin tarixən qərarlaşmış və əsasən şüurlarda yaşayan, milli şüurun başlıca tərkib hissəsinə çevrilən mənəvi-tarixi bir hadisədir. O, öz maddi təcəssümünü ayrı-ayrı konkret dövlət nümunələrində, dövlət idarəçiliyi formalarında tapmaqla yanaşı, həm də ümumiləşmiş rəmzi təzahürlərə ehtiyac hiss edir. Tək özü üçün yaşamayıb xalqa, millətə bağlı olmaq, onun ağrı-acısını bölüşmək və nailiyyətlərinə sevinmək, ümummilli inkişaf naminə fəaliyyət göstərmək və öz şəxsi səadətini ümummilli səadət kontekstinə salmaq, millətlə və milli dövlətlə qaynayıb-qarışmaq təbəədən, sakindən vətəndaşa çevrilməyin mühüm şərtləridir. Hüquqi müstəvidə, formal olaraq vətəndaşlıq pasport almaqla rəsmiləşir, lakin məzmun müstəvisində vətəndaşlıq şüurda gedən proseslərin, milli dövlətçilik duyğularının təkamülünün, mədəni-mənəvi yetkinliyin nəticəsi kimi ortaya çıxır. Məzmunca vətəndaş kimi formalaşmamış insanların formal vətəndaşlığı dövlətçiliyin möhkəmləndirilməsinə xidmət etmir. Ona görə də milli mənsubiyyəti formal-hüquqi vətəndaşlıqla əvəz etmək cəhdi sadəlövhlük olardı. Bu, bir milli dövlət kimi çoxdan formalaşmış Avropa ölkələrində özünü daha aydın büruzə verir. Almaniyanın millətlə vətəndaşlığı eyniləşdirmək cəhdləri çoxlu problemlər və münaqişələr yaratdığına görə, başqa Avropa ölkələri belə yol seçməkdən uzaq durmağa çalışırlar.  

Bu gün Azərbaycanda müstəqil dövlət quruculuğunun uğurla davam etdirildiyi bir şəraitdə qarşıda həm də tarixin bərpa olunması, onun bütövlüyünün təmin olunması kimi məsul bir vəzifə də durur. Təsadüfi deyil ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, müstəqilliyin dönməzliyinin təmin olunması, dövlətçilik tariximizin müasir mərhələsinin kəsilməzliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmayıb, həm də tarixi şüurumuzun bərpa olunması, dövlətçilik ənənələrinin qədim köklərinin üzə çıxarılması və müasir tariximizə qatılması sahəsində də məqsədyönlü iş aparırdı. Onun tərəfindən dəfələrlə nümayiş etdirilən tariximizə xüsusi diqqət və həssas münasibət, sadəcə olaraq, tarixin bir milli-mənəvi sərvət kimi qorunması ilə məhdudlaşmırdı. Bu xüsusi diqqət daha çox dərəcədə bugünkü milli dövlət quruculuğu işində, vətəndaşlıq duyğusunun, millətə, dövlətə, vətənə sevgi hissinin gücləndirilməsində tarixə söykənmək və gələcəyə gedən yolu daha möhkəm, daha dərin əsaslar üzərində salmaq istəyinin təzahürü idi.

Dövlət və onun müxtəlif formaları haqqında çox nəzəriyyələr vardır. Dövlətçilik ideyası isə öz nəzəri-konseptual şərhini hələ layiqincə tapmamışdır. Akademik Ramiz Mehdiyevin məqalələri bu sahədə aparılan tədqiqatlar üçün metodoloji təməl rolunu oynamağa yönəlmişdir.

Klassik Qərb ölkələrində olduğu kimi, heç şübhəsiz, bir sıra qədim Şərq ölkələrində də dövlətçilik ənənələri yaşamaqda davam edir. Hətta ilk baxışda belə görünə bilər ki, Şərqdə bu ənənələr daha qədim və daha möhkəm olmalıdır. Çünki ilk dövlətlər Şərqdə yaranmışdır. Lakin tarixdə qalmış dövlətlər başqa şeydir, yaşayan dövlətin tarixi bir başqa şey. Dövlətçilik ənənələrinin yaşaması əsasən kəsilməz tarixlə, indi də yaşamaqda olan dövlətlərin təcrübəsi ilə bağlıdır.

Azərbaycanda dövlət olanda Fransada, Almaniyada hələ stabil dövlət yox idi. Belə ki, Səfəvilər dövlətindən də xeyli əvvəl, xalqımızın kifayət qədər güclü dövlətçilik ənənəsi olmuşdur. Yoxsa boş yerdə belə möhtəşəm bir dövlət qurula bilməzdi.

Lakin çağdaş Avropada dövlətçilik ənənələrinin güclü olmasının səbəbi əsasən Yeni Dövr adlanan 500 illik bütöv bir epoxada kəsilməz tarixin olmasıdır. Azərbaycan tarixində isə böyük fasilələr ənənələrin qismən itməsinə və ya zəifləməsinə gətirmişdir. Məhz buna görədir ki, ulu öndər Heydər Əliyev müasir dövlət quruculuğunda bugünkü həyatımızla və düşüncə tərzimizlə daha çox kəsilməz əlaqələri olan yaxın keçmişin rolunu xüsusilə vurğulayırdı. Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində Heydər Əliyev bununla əlaqədar belə deyir: "XX əsrdə bizim qazandığımız uğurlar, o cümlədən müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır". Son 10 ildə bu sahədə ciddi tədqiqatlar aparılmış, müəyyən uğurlar əldə edilmişdir. Xüsusən Azərbaycanda ilk cümhuriyyətin qurulması ilə bağlı həm dövlətin, həm də onu şərtləndirən ictimai-siyasi fikir tarixinin öyrənilməsi sahəsində böyük işlər görülmüşdür. Akademik Ramiz Mehdiyev də bu istiqamətdəki tədqiqatların Azərbaycan tarixinin dərinliklərinə doğru davam etdirilməsinin vaxtı çatdığını vurğulayır. Çünki istər müasir Azərbaycan dövləti, istərsə də ilk demokratik respublikanın yaranması Rusiyadan ayrılma kontekstində baş verən proseslərdir. Halbuki, Azərbaycanda dövlətçilik tarixi Rusiyadan daha qədimdir və dövlətçilik şüurunun tam müstəqil surətdə formalaşması üçün bizim əvvəlki tarixi dövrlərdə tam müstəqil dövlətlərimiz olduğunu xatırlamaq, həm də, sadəcə, xatırlamaq deyil, bu duyğunu yaşamaq və çağdaş düşüncəyə transfer etmək çox vacibdir.      

Əlbəttə, Azərbaycanda dövlətçiliyin inkişafı ən çox onun ərazisində milli dövlət qurumlarının və milli siyasi liderlərin fəaliyyət göstərdiyi dövrlərlə bağlıdır. Və belə dövrlər Azərbaycan tarixində az olmamışdır: "Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, vətənin bütövlüyü xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir" (Heydər Əliyev). 

Məlum olduğu kimi, azərbaycanlıların tarixi vətəni ancaq Azərbaycan Respublikası ilə məhdudlaşmır. Və biz Azərbaycan tarixindən danışarkən, təbii ki, ancaq Azərbaycan Respublikasının tarixini deyil, azərbaycanlıların öz yaşadıqları bütün ərazilərdə qurub-yaratdıqları sivilizasiyanı və dövlət quruculuğunu nəzərdə tuturuq.

İranda da böyük dövlətçilik ənənələri, dövlətçilik təfəkkürü vardır. Və bu ənənə, bu təfəkkür etnik-milli hissdən, milli özünüdərkdən yüksəkdə durur. Lakin İranda bu vəziyyət təkcə dövlətçilik təfəkkürünün inkişafı sayəsində deyil, daha çox milli hissin və etnik-milli özünüdərkin inkişafdan qalması, aşağı səviyyədə olması ilə bağlıdır.

Bizdə isə əksinə olmuşdur. Rusiyanın tərkibində olarkən etnik-milli hiss hər halda xeyli dərəcədə qorunub saxlansa da, dövlətçilik duyğusu və təfəkkürü tədricən zəifləmişdir. XX əsrin əvvəllərində burjua ictimai-siyasi münasibətlərinin yaranması ilə əlaqədar milli özünüdərk istiqamətində böyük addımlar atılsa da, milli dövlətimizin fəaliyyət dövrü çox qısa olduğundan, dövlətçilik şüuru formalaşmağa macal tapmamışdır. Əsrin axırında yenidən müstəqillik əldə etdikdən sonra ilkin olaraq yenə də etnik-milli şüurun inkişafı müşahidə olunur. (Əslində, bu inkişaf ən çox əsrin əvvəllərinə, Ə.Hüseynzadə, M.Rəsulzadə və başqalarının dünyagörüşünə və milli baxışlarına qayıdış kimi özünü göstərir.) Dövlətçilik ənənələri isə 200 illik fasilə ərzində xeyli dərəcədə zəiflədiyindən, siyasi özünüdərk və dövlətçilik şüurunun bərpası daha çətin və ləng həyata keçir. Əksinə, müvazinət pozulduğundan vətəndaşlıq hissləri, dövlətçilik duyğuları xeyli dərəcədə zəif ikən etnik-milli hisslərin sürətli inkişafı və hətta hansı isə qüvvələr tərəfindən kortəbii və ya məqsədyönlü surətdə qızışdırılması ölkədə stabilliyin pozulması üçün istifadə oluna bilər.

 

Tarix və humanitar təfəkkür

 

Tarix də, ədəbiyyat da, fəlsəfi fikir də milli-mənəvi varlığın formalaşmasında mühüm rol oynayır. Tarix bir elm kimi başqa dildə də yazıla bilər. Lakin müəyyən bir xalqın varlığını ifadə edən tarixi prosesin özü, ilk növbədə, milli dillə bağlıdır. Başqa sözlə desək, Azərbaycan dili bizim milli varlığımızın atributlarından biri olmaqla yanaşı, eyni zamanda, milli tarixi prosesdə də aparıcı amillərdən biridir.

Xalqımız üçün bütün bu amillər "azərbaycançılıq" məfkurəsinin tərkib hissələridir. Heydər Əliyev ona görə "azərbaycançılıq" ideyasına xüsusi əhəmiyyət verirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsində uğurlu daxili və xarici siyasətlə yanaşı, milli-ictimai şüurun, tarixi yaddaşın da böyük rolu vardır. Ramiz Mehdiyev də öz məqalələrində "azərbaycançılıq" şüurunun daha qədim köklərə malik olduğunu göstərməyə çalışmışdır.

"Mən fəxr edirəm ki, mən azərbaycanlıyam," - deyən Heydər Əliyevlə orta əsrlərdə yaşayan və öz qurduğu dövlətin yaxın ətrafdakı digər dövlətlərdən fərqini konseptual şəkildə ifadə edə bilməsə də, duyan və bu duyğularını şeirlərində və əməllərində ifadə edən başqa bir böyük azərbaycanlının müqayisəsi azərbaycançılıq haqqında düşüncələrin tarixini bir neçə əsr əvvələ aparır. Əslində, milli təkamülün yalnız dövlətçilik müstəvisində deyil, həm də özünüdərk müstəvisində keçdiyi neçə minillik yolun izlənməsi zərurəti tarixçilərlə filosofların birgə fəaliyyətini, əməkdaşlığını tələb edir. Söhbət məhz Şah İsmayıldan və Heydər Əliyevdən getmir. Onlar, sadəcə, tarixin uzaqdan görünən sütunlarıdır. Ölçü şkalasını bir qədər dəyişməklə bu sütunların sayını artırmaq, buraya Şah İsmayıldan əvvəl və sonra digər tarixi şəxsiyyətlərimizi də əlavə etmək olar. Akademik Ramiz Mehdiyevin əsərində məqsəd ancaq bu iki tarixi şəxsiyyəti müqayisə etmək deyil. Söhbət tarixin metodoloji oriyentasiyasından gedir. Tarixi, sadəcə, hadisələrin salnaməsi kimi yox, həm də milli özünüdərk tarixi kimi təqdim etmək zərurəti təsbit olunur. Tarixə ancaq məlumat mənbəyi kimi yox, həm də milli qürur mənbəyi kimi; ancaq idrak üsulu kimi deyil, həm də tərbiyə üsulu kimi baxmaq imkanı dəyərləndirilir. Bu isə tarix adlandırdığımız böyük məbədin bütövlüyü naminə onun sütunları ilə yanaşı, arakəsmələri və naxışlarını da zehniyyətə həkk etdirmək zərurətini ifadə edir.

Söhbət həm də sıravi azərbaycanlının zehniyyətindəki təkamüldən gedir; yəni hökmdarlar, dövlət başçıları ilə yanaşı, zehniyyəti təmsil edən söz və sənət adamlarının keçdiyi mədəni-mənəvi inkişaf yolundan gedir. Biz dövlət və siyasət tarixi ilə yanaşı, mədəniyyətin və ədəbiyyatın da tarixinin həmin bu metodoloji xətt üzərində, bir bütövün hissələri kimi yenidən nəzərdən keçirilməsini zəruri sayırıq. Buna görə   sənətin zehniyyətə təsir imkanlarını və milli özünüdərkin formalaşmasında onun rolunu da tarixin ümumi konsepsiyasına uyğun surətdə araşdırmaq imkanları barədə düşünməliyik. Ədəbiyyatın tarixi rakursu  yalnız yazıçının, sənətkarın öz şəxsiyyəti ilə məhdudlaşmır. Yəni "Nizami kimdir?" sualı ətrafında geniş müzakirələrin önəmini azaltmadan Nizaminin obrazlarının da kimliyini və önəmini vurğulamaq istərdik. Xüsusilə tədris proqramlarına daxil edilən bütün bədii əsərlərə milli özünüdərk meyarı ilə yenidən baxılmalı və onlara ədəbi tənqidi şərhlə yanaşı, tarixi-fəlsəfi şərh də verilməlidir. Ona görə də biz bu sırada Tomrisi, Əfrasiyabı, Siyavuşu, Məhinbanunu, Nüşabəni, Bəhram Guru, Fərhadı, Şirini də görürük.

Məsələn, tarixdən bəlli olan Qızıl Arslanla M.S.Ordubadinin "Qılınc və qələm"ində təqdim olunan Qızıl Arslan eyni olmaya bilər, lakin zehniyyət təkamülündə onların hər birinin öz yeri var. Şah İsmayılın da şifahi xalq ədəbiyyatında, dastanlarda, film və operalarda təqdimatının hər biri ayrıca bir mədəni-tarixi gerçəklikdir. Yaxud Nadir şahın, Ağa Məhəmməd şah Qacarın ədəbiyyatda yaradılmış müxtəlif obrazları - hər biri zehniyyətə müəyyən dərəcədə təsir göstərir. Tarixdən və ədəbiyyatdan gələn obrazları məhz zehniyyət kontekstində və milli özünüdərkə aparan yolun dolanbaclarında nəzərdən keçirmək, onları gəncliyə milli ideologiyamıza uyğun yeni tarixi konsepsiyanın işığında təqdim etmək zərurəti də ortaya çıxır.

Biz Haqverdiyevin, Nərimanovun, Ordubadinin, Səməd Vurğunun və s. tarixi mövzuya toxunmaqla yazdıqları bədii əsərlərə elmi tarix meyarından tələblər qoya bilmərik. Əksinə, əgər müasir tarixi biliklər səviyyəsindən baxdıqda müəyyən fərqlər ortaya çıxırsa, bu faktların özü dərslik müəllifinə, müəllimə imkan verir ki, tarixlə ədəbiyyatın müqayisəsini aparsın və konkret nümunə əsasında bu iki düşüncə tərzinin, yanaşma üsulunun spesifikasını izah etsin. Həm də bu zaman yazıçının öz əsərini hansı dövrdə yazdığının nəzərə alınması həmin dövrün öz düşüncə tərzi, ideoloji prioritetləri və meyarları haqqında da əlavə məlumat vermək imkanı açır. Habelə fənlərarası əlaqə imkanı ortaya çıxır. Müəllim şagirdə bir tarix deyil, iki tarix, iki fərqli zaman və hər zamanın öz meyarlar sistemi olması barədə məlumat verməli, müqayisələr, paralellər aparmalıdır. Əgər birinci tarix bədii əsərdə təsvir olunan dövrü əks etdirirsə, ikinci tarix həmin əsərin yazıldığı dövrün səciyyəsini əhatə edir. Təəssüf ki, bəzən müasir tədqiqatçı və pedaqoqlar öz üzərinə düşən bu missiyasını yerinə yetirmək əvəzinə, böyük yazıçılarımıza "səhv tutur", onları tarixi bilməməkdə və ya təhrif etməkdə təqsirləndirirlər ki, bu da həm metodiki, həm də metodoloji baxımdan qüsurlu və yolverilməzdir.

Ancaq peşəkar tədqiqatçı, əgər o, eyni zamanda müxtəlif fənlərin sərhəd bölgəsində də çalışa bilirsə, tariximizi və ədəbiyyatımızı gənc nəslə məhz milli fəlsəfi fikir məcrasında çatdırmaq iqtidarında ola bilər. Həm tarixi, həm də ədəbiyyatı tədris edən müəllimlər üçün "Dədə Qorqud" ən etibarlı mənbədir. Təsadüfi deyil ki, Heydər Əliyev dövlətçiliyimizin tarixində "Kitabi Dədə Qorqud"un rolunu, dilin və mədəniyyətin rolunu neçə-neçə müharibələrdə qələbə çalan, adlı-sanlı sərkərdələrin rolundan heç də az qiymətləndirmirdi. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanında Heydər Əliyev deyir: "Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır... "Kitabi Dədə Qorqud"un meydana çıxa bilməsi üçün Azərbaycan dili böyük tarixi-ədəbi hazırlıq mərhələsi keçməli idi". Yaxud başqa bir yerdə: "İki mininci ildə 1300 illik yubileyini təntənə ilə qeyd etdiyimiz "Kitabi Dədə Qorqud" kimi möhtəşəm bir abidəyə malik olmaq da onu göstərir ki, bu torpaqda hələ bizim eramıza qədərki dövrdə böyük bir mədəniyyət mövcud olmuşdur". Dil və dövlətçiliyin, mədəniyyət və dövlətçiliyin sıx əlaqələrə malik olduğuna istinad edən Heydər Əliyev dövlətçiliyin inkişaf etdirilməsində bu amilləri həmişə ön plana çəkirdi.

Çox önəmli məsələlərdən biri budur ki, tariximizi və tarixi coğrafiyanı tam dəqiq bilməyənlər qədim dövrə aid ərazi adlarının müasir anlayışlarla zahiri səsləşməsindən sui-istifadə edən əcnəbi tarixçilərin felinə uymuş, toruna düşmüşlər. Məsələn, Azərbaycanda İslamdan öncəki tarix yaxşı araşdırılmadığından və sovet dövründə ictimai şüura düzgün çatdırılmadığından, ədəbiyyatda və publisistikada da alban abidələrinin erməniləşdirilməsinə adekvat reaksiya verilməmişdir. Yaxud Nizaminin də istifadə etdiyi "ərmən" anlayışı əcnəbi "bələdçilərin" yüngül əli ilə və sadəlövhlüklə "erməni" kimi qəbul olunmuşdur. Əslində, "Ərməniyyə" tarixən türklərə məxsus olmuş yer adıdır. Eramızın III əsrində manixeylik də bu ərazidə yayılmışdır və manixey tarixçilərinin də göstərdiyi kimi, bunun haylara (bizim adi şüur səviyyəsindəki anlamda - ermənilərə) heç bir aidiyyəti yoxdur. Bütün bunlar öz gerçək, elmi tədqiqatını gözləyir. Yəni klassik bədii ədəbiyyat da tarix üçün həm suallar qoyur, həm də düşüncənin yönləndirilməsinə xidmət edir. Sadəcə olaraq, ədəbiyyatçılar, tarixçilər və filosoflar - hərə özü üçün deyil, birlikdə, ümumi səylərlə çalışmalıdırlar.

Akademik Ramiz Mehdiyevin müzakirə olunan məqalələri məhz bütün bu sahələrin ortaq məxrəcə gətirilməsi və milli maraqlar müstəvisində yenidən nəzərdən keçirilməsi zərurətini qarşıya qoyur. Bu baxımdan həmin məqalələr ictimai və humanitar fənlər üçün həm əlaqələndirici, həm də inteqrativ təməl rolunu oynayır.

 

 

Səlahəddin XƏLİLOV,

AMEA-nın müxbir üzvü,

Professor

 

Azərbaycan.-2013.- 23 may.- S.6.