«Əsrin müqaviləsi»nin müjdəçisi
1994-cü il mayın 24-də Bakıda ilk
beynəlxalq neft-qaz sərgisi keçirilib
11
gündən sonra Bakıdakı "EXPOCENTER" yenidən
öz qapılarını beynəlxalq Xəzər neft və
qaz, neftayırma və neft kimyası sərgisinin keçirilməsi
üçün açacaq. Bu, sayca 20-ci, yubiley sərgisi
olacaq.
Ötən
illər ərzində nüfuzu artan, əhatə dairəsi
genişlənən, iştirakçılarının
sayı çoxalan bu beynəlxalq tədbirin öz
ünvanını dəyişməyərək məhz Azərbaycanda
keçirilməsinin bir sıra səbəbləri var. Onlardan
ən başlıcası budur ki, həmin sərginin təşəbbüskarı
və təşkilatçısı ulu öndər Heydər
Əliyev olub.
Təməli
1994-cü il mayın 24-də ümummilli lider tərəfindən
qoyulmuş sərgi artıq hər il təxminən eyni vaxtda
keçirilən ənənəvi tədbirə çevrilib.
İlk dəfə reallaşanda o, "Xəzər dənizində
neft-qaz hasilatına dair sərgi" adlanırdı. İndi sərgi
əhatə etdiyi sahələrə uyğun olaraq
adını da dəyişib. Üstəlik, hər il sərgi
ilə yanaşı, eyni adlı konfrans da keçirilir.
Sərgi
və konfrans Azərbaycan dövlətindən, burada fəaliyyət
göstərən qurumlardan və beynəlxalq şirkətlərdən
daim dəstək alır. Ölkə Prezidenti İlham Əliyevin
hər dəfə tədbirin açılışındla
iştirakı, ekspozisiyalarla tanış olması sərgi-konfransın
əhəmiyyətini bir daha təsdiqləyir. Keçən
il iyunun 5-də 19-cu sərginin
açılışında çıxış edərkən
dövlət başçısı demişdir: "Buraya gələrkən
mən birinci sərgini xatırlayırdım. O sərgi
1994-cü ildə təşkil edilmişdi. Birinci sərginin
Azərbaycanın nəinki neft-qaz sənayesində, ümumi
inkişafında çox böyük rolu olmuşdur.
Çünki Azərbaycan gənc müstəqil dövlət
idi. Dünyaya hələ özünü tanıtdıra bilməmişdi.
Azərbaycanın zəngin neft-qaz yataqları haqqında, əlbəttə
ki, mütəxəssis dairələrində bilgilər var
idi. Ancaq geniş biznes dairələri bundan xəbərsiz idi.
Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə
Azərbaycanın imkanları, xüsusilə neft
sektorundakı imkanları dünyaya təqdim edildi. Azərbaycana
çox böyük maraq göstərilməyə
başlandı. Təsadüfi deyildir ki, sərgidən bir
neçə ay sonra "Əsrin kontraktı"
imzalanmışdır ki, bu gün biz hamımız onun nəticələrini
görməkdəyik".
İndi
həmin tədbiri "Əsrin müqaviləsi"nin
müjdəçisi adlandıranlar heç də
yanılmırlar. Çünki o zaman Xəzərin Azərbaycan
sektorundakı "Azəri-Çıraq-Günəşli"
yataqlarının tammiqyaslı işlənməsi
üçün sazişin imzalanmasına cəmi bir neçə
ay qalırdı. Amma bu barədə qəti bir söz demək
mümkün deyildi. Hələ
danışıqlar gedirdi. Sərginin keçirilməsi məhz
həmin qlobal müqavilənin imzalanmasına dəstək
verdi, bir növ yol açdı. Növbəti illərdə
keçirilən sərgilər də əməkdaşlıq
və tərəfdaşlıq üçün yeni-yeni
körpülər saldı. Həmin tədbirlərdə
neçə-neçə layihələr üçün
ideyalar yarandı.
İlk
sərgiyə 20 ölkəni təmsil edən 180 şirkət
gəlmişdi. Burada, həmçinin Azərbaycanın neft sənayesi
öz əksini tapmışdı. Ümummilli lider Heydər Əliyevin
xarici qonaqlarla səmimi görüşləri oldu. Ulu öndər
tədbirdəki çıxışında ölkəmizin
neft sənayesinin keçdiyi şərəfli yoldan bəhs
etdi, onun yeni mərhələ qarşısında olduğunu
vurğuladı. Çıxışda deyilirdi ki, həmin
vaxtadək Azərbaycanda 1 milyard 300 milyon tondan çox neft və
külli miqdarda qaz çıxarılıb. Bununla belə,
ölkənin yenə də böyük neft və qaz
yataqları var. Dünya təcrübəsində dənizdə
neft çıxarılmasına ilk dəfə Azərbaycanda
başlanıb. Xüsusilə son onilliklərdə neft və
qaz yataqlarında yeni texnika və texnologiyadan istifadə istiqamətində
böyük işlər görülüb. Ümumiyyətlə,
ötən dövr ərzində əldə edilən
böyük nailiyyətlər, zəngin təcrübə gələcək
işlər üçün çox yaxşı
bünövrədir.
Ulu
öndər çıxışında, həmçinin
bildirirdi ki, neftçi olmaq Azərbaycanda ən şərəfli
peşə sayılır. Neftçilərimizin təcrübəsindən
istifadə etmək üçün səylər birləşdirilməlidir.
Azərbaycan xalqı yeraltı sərvətlərindən
müstəqil şəkildə, ölkənin mənafeyinə
uyğun istifadə olunmasına imkan verəcək. Bununla
yanaşı, dünyanın, xüsusilə Qərb ölkələrinin
iri neft şirkətlərinin Azərbaycan neftinə
böyük marağı əməkdaşlığın zəruriliyini
şərtləndirir. Siyasi və iqtisadi əməkdaşlıq
bu prinsip üzərində inkişaf edəcək.
Ulu
öndər özünə məxsus qətiyyət və
nikbinliklə nəzərdə tutulan böyük işlərin
uğurlar gətirəcəyini söyləyirdi: "Bu tarixdən
böyük fəxrlə danışmaqla, Azərbaycan
neftçilərinin bir çox nəsillərinin əməyini
yüksək qiymətləndirməklə yanaşı, bu
gün eyni zamanda qeyd edirəm ki, indi ölkəmizin neft sənayesinin
inkişafında yeni mərhələ açılır. Bu mərhələ
Xəzər dənizində neft və qaz yataqlarının
işlənməsində Qərbin iri neft şirkətlərinin
fəal iştirakı ilə bağlıdır. Əmin edirəm
ki, Azərbaycan neftçiləri sizin layiqli tərəfdaşınız
olacaq. Ümidvaram ki, Azərbaycana gələn Qərbin neft
şirkətləri ölkəmizin neft və qaz sənayesinin
bütün tarixi ərzində əldə olunmuş nailiyyətləri
həmişə yüksək qiymətləndirəcəklər".
Xarici
şirkətlər Azərbaycana bu gün də həvəslə
gəlirlər. Həm sözügedən ənənəvi tədbirdə
iştirak etməyə, həm də ümumiyyətlə,
yeni neft-qaz layihələrində tərəfdaşlıq etməyə.
Sərginin təşkilatçısı olan "İteca
Caspian" şirkətinin verdiyi məlumata görə, builki
ekspozisiya meydançalarının əsas hissəsini tədbirin
daimi iştirakçıları olan tanınmış
şirkətlər tutub. Bunlar isə çoxdur. Məsələn,
Böyük Britaniyanın BP, Norveçin "Statoyl", Fransanın
"Total", Türkiyənin TPAO şirkətləri və
başqaları. Bu il "Jumeirah Bilgah Beach" hotelində
keçiriləcək konfransda 500 nəfərdən çox
nümayəndənin iştirakı gözlənilir.
İlk
sərgidən keçən dövr ərzində neçə-neçə
qlobal layihələr reallaşıb. Lakin dünyada Azərbaycana
maraq azalmayıb. Bu isə onu göstərir ki, ölkəmiz
neft aləmində öz mövqelərini əldən vermir.
İndi Azərbaycan 20-ci beynəlxalq neft-qaz sərgisinə ev
sahibliyi edir. Bu da onun gərəkli tədbir olduğunu,
ümumiyyətlə isə Azərbaycanın neft
strategiyasının düzgün seçildiyini təsdiqləyən
faktdır. Zəngin enerji ehtiyatlarına və əlverişli
tranzit imkanlarına malik olan ölkəmiz regional əməkdaşlıq
məsələlərində həmişə konstruktiv rol
oynayaraq Avropa və Asiya məkanında etibarlı tərəfdaşa
çevrilib. Enerji sektorunda aparılan şaxələndirmə
siyasəti, mövcud boru kəmərləri şəbəkəsi
dünyada enerji təhlükəsizliyinin təmin olunmasına
xidmət edir.
Birinci
neft-qaz sərgisindən başlanan yol Azərbaycanı mötəbər
enerji sammitlərində fəal iştirak etmək, yeni strateji
meqalayihələrə qoşulmaq perspektivinə qovuşdurur.
Flora SADIQLI
Azərbaycan.-2013.- 24 may.- S.6.