Lənkəranda «Çay bayramı»

 

Lənkəranın Vilvan kəndində əsl bayram əhvali-ruhiyyəsi var idi - kənd ağsaqqalı İlyas Əliyevin rəhbərlik etdiyi "Vilvan" çayçılıq fermer təsərrüfatında məhsul yığımının başlanması münasibətilə "Çay bayramı" keçirilirdi.

Əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Bakıdan, ətraf rayonlardan gələn qonaqlar, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri çay plantasiyasının giriş hissəsində rayonun emal müəssisələrinin istehsal etdikləri yaşıl çay nümunələri ilə tanış oldular, pürrəngi, ətirli Lənkəran çayını daddılar. Sonra Lənkəranın incəsənət ustaları tədbirə gələnləri şən, oynaq musiqi təranələri ilə qarşıladılar.

ŞİH-in başçısı T.Qaraşov çıxış edərək bildirdi ki, hazırda Lənkəranda da ulu öndər Heydər Əliyevin 90 illik yubileyinin təntənəsi yaşanır: "Bugünkü "Çay bayramı" da əlamətdar yubileyə təsadüf edir. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə regionların inkişafına xüsusi diqqət yetirirdi. Həmin illər Lənkəran da ümummilli liderin qayğısı sayəsində sürətlə inkişaf etməyə başladı. "Yaşıl çay Azərbaycanın sərvətidir" söyləyən ulu öndər respublikamızda, o cümlədən Lənkəranda çayçılığın inkişafına yüksək önəm verirdi. Ötən əsrin 70-80-ci illərində rayonda yaşıl çay yarpağı istehsalı 16 min tona çatmışdı. Şəhərin sənaye müəssisələrində "Azərbaycan buketi" və "Ekstra" çayları SSRİ-nin hüdudlarından kənarda da şöhrət qazanmışdı. Təəssüf ki, ötən əsrin 90-cı illərində SSRİ-nin dağılması iqtisadi əlaqələrin də pozulmasına səbəb oldu. 1993-cü ildə ümummilli liderin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə digər sahələrdə olduğu kimi, aqrar sahədə də uğurlu islahatlar  həyata keçirildi. Bu, eyni zamanda çayçılığın inkişafı üçün yeni stimul yaratdı, sahibkarlığa geniş dəstək verdi. Məlumdur ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə çayçılığın inkişafına dair xüsusi Dövlət Proqramı qəbul edilmişdir. Lənkəran rayonunda da bu sahənin dirçəldilməsinə xüsusi diqqət verilir. Professor Fərman Quliyev, təcrübəli təsərrüfatçılar İlyas Əliyev, Araz Yaqubov, Vəli İsmayılov kimi sahibkarlarımız tərəfindən Lənkəranda çayçılıq inkişaf edir, yeni iş yerləri yaradılır".

T.Qaraşov çıxışında həmçinin Araz Yaqubovun təsisçiliyi ilə nəşr olunan "Yaşıl çay" jurnalının bu sahədə məqsədyönlü fəaliyyətini qeyd etdi, jurnalın redaksiya heyətinə uğurlar arzuladı.

"Lənkəranın bu gün özünün təbii sərvətləri ilə öyünməyə haqqı var" fikrini xüsusi vurğulayan ŞİH-in başçısı çıxışının sonunda keçmişdə rayonlarda məhsul bayramlarının keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı və bu ildən etibarən Lənkəranda həmin ənənənin bərpa olunmasını təklif etdi, ilin sonunda belə bir bayramın keçirilməsinin vacibliyini söylədi.

"Lənkəran Çay" fabrikinin direktoru Fərman Abdullayev isə çıxışında çayçılığın elmi əsaslarla inkişaf etdirilməsi sahəsində aparılan elmi-tədqiqat işlərindən danışdı, çayçılığın tədqiqi sahəsində yazdığı kitabı icra başçısına təqdim etdi. Sonra çıxış edən "Vilvan" kəndli fermer təsərrüfatının başçısı İlyas Əliyev toplantı iştirakçılarına bildirdi ki, son 3 il ərzində Lənkəran və Astara rayonlarında 500 hektardan çox yeni çay plantasiyaları salınmışdır: "50 ildən artıqdır ki, çayçılıqla məşğul oluram. 2005-ci ildən bu sahənin inkişafına, çay plantasiyalarının bərpasına başlamışam. Təsərrüfatımızda 100 nəfər işçi çalışır. Onların 25 nəfəri daimi işlə təmin olunmuşdur". Lənkəran Rayon Müharibə və Əmək Veteranları Şurasının sədri Musarza Əzimov tədbirin keçirilməsinə görə bu işdə əməyi olanlara minnətdarlıq etdi, keçmiş ənənələrin bərpa olunmasının vacibliyini diqqətə çatdırdı.

Bayram Lənkəranın istedadlı incəsənət ustalarından Nəzakət Veysəlovanın, "Nənələr" folklor kollektivinin, Hüseynağa Məhərrəmoğlunun, Əli Hüseynovun, Qoşqar Məmmədlinin ifa etdikləri musiqi nömrələri ilə başa çatdı.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.-2013.- 24 may.- S.8.