Bəzi qanunlara əlavə
və dəyişikliklər edildi
Milli Məclisin iclasında
Mayın 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyindəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirdilər.
Deputat Musa Quliyev Milli qəhrəmanların statusu ilə bağlı təklif verdi. Qeyd etdi ki, həyatda olan Milli qəhrəmanların statusu ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsinə ehtiyac var. Onların mənzil şəraiti, sosial təminatı kimi məsələlər qanunla tənzimlənməlidir. Bu təklif deputat Elman Məmmədov tərəfindən də dəstəkləndi.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri və orada keçirilən görüşlər barədə məlumat verdi. Bildirdi ki, keçirilən görüşlərin hər birində İran-Azərbaycan münasibətlərinin çox yaxşı olduğu vurğulandı.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun təqdimatı ilə "Azərbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında" Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarıldı. Qanun layihəsi qəbul edildi.
"Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun tərkib hissəsi hesab edilən Protokolun təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında beynəlxalq kombinə edilmiş daşımalar haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında" Zaqreb Bəyannaməsinin təsdiq edilməsi barədə və "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında" Müqavilənin təsdiq edilməsi barədə" qanun layihələri də təsdiq edildi.
İclasın gündəliyində olan digər məsələ "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi idi. Qanun layihəsini Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müzakirəyə təqdim etdi. Qısa müzakirədən sonra bu qanun layihəsi də qəbul olundu.
Komitə sədri Əli Hüseynli tərəfindən müzakirəyə təqdim olunan digər məsələ "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun layihəsi oldu. Onun sözlərinə görə, qanuna təklif olunan dəyişikliklər texniki xarakterlidir. Deputatlar bu məsələyə də müsbət münasibət bildirdilər.
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi haqqında isə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Bildirdi ki, xaricdə daimi yaşayan pensiya hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşlarına pensiya təyinatı mexanizmi qanunvericilikdə mövcud olmadığından, əmək pensiyası təyin edən orqan tərəfindən onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları vasitəsilə təqdim etdikləri müvafiq sənədlər əsasında pensiya təyinatının aparılması məqsədəuyğun hesab edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa nəzərdə tutulan dəyişikliklər xaricdə daimi yaşayan pensiya hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşlarına pensiya təyinatı qaydalarının müəyyənləşdirilməsi məqsədi daşıyır. Qanun layihəsi təsdiq olundu.
Milli Məclisin dünən keçirilən iclasında son olaraq Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirə edildi. Layihə ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, Azərbaycanın çevik inkişaf etməsi miqrasiya sahəsində də qanunvericiliyin inkişaf etdirilməsini zəruriləşdirib. Yeni Məcəllənin qəbulunda məqsəd Azərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirməkdir.
Qanun layihəsi barədə deputatlardan Fazil Mustafa, Azər Badamov, Qənirə Paşayeva, Tahir Rzayev, Çingiz Qənizadə, Zahid Oruc, Siyavuş Novruzov və Adil Əliyev fikirlərini bildirdilər. Qeyd olundu ki, miqrasiya sahəsində belə bir Məcəllənin qəbul edilməsi çox müsbət haldır. Çıxışlarda layihə ilə bağlı təkliflər də diqqətə çatdırıldı.
Milli Məclisin Sədri Oqtay Əsədov Miqrasiya Məcəlləsinin layihəsinə münasibət bildirərək Dövlət Miqrasiya Xidmətinin əhəmiyyətindən danışdı: "Bu Xidmətin yaranması Azərbaycanın yüksək səviyyədə inkişafının göstəricisidir. Dövlətimiz inkişaf etdikcə bu sahədə qanunvericiliyə daim əlavə və dəyişikliklər olunacaq".
Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev bildirdi ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatı xeyli inkişaf edib. Buna görə də Azərbaycan əcnəbilər üçün cəlbedici ölkəyə çevrilib. Bu səbəbdən Dövlət Miqrasiya Xidməti sahəsində yeni qanunvericiliyin yaradılması zərurəti ortaya çıxıb.
Qanun layihəsi ikinci oxunuşda qəbul edildi.
***
Milli Məclisin yaz sessiyasının sonuncu iclasının tarixi məlum olmuşdur. Milli Məclisin Sədri Oqtay Əsədov demişdir ki, yaz sessiyasının sonuncu iclası mayın 31-də keçiriləcəkdir.
Lakin Milli Məclisin 90 deputatı növbədənkənar sessiyanın çağırılması barədə parlament rəhbərliyinə müraciət etmişdir. Buna görə də iyun ayında Milli Məclisin növbədənkənar sessiyası olacaqdır.
Rəşad
CƏFƏRLİ,
Elgün MƏNSİMOV,
Azərbaycan.-2013.- 25 may.- S.2.