Azərbaycanın birinci
xanımı, Milli Məclisin Azərbaycan-Fransaparlamentlərarası
əlaqələr üzrə işçi
qrupunun rəhbəri Mehriban
Əliyeva Milli Assambleyada
və Senatda görüşlər keçirmişdir
Azərbaycanın
birinci xanımı, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri
Mehriban Əliyeva Fransaya səfəri çərçivəsində
mayın 23-də Milli Assambleyada
və Senatda bir sıra görüşlər
keçirmişdir.
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban xanım Əliyeva Milli Assambleyanın Avropa məsələləri komissiyasının sədri xanım Daniel Orua ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər ətrafında fikir mübadiləsi aparılmışdır. Xanım D.Orua Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırmış, eyni zamanda, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini bildirmiş, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərini yüksək dəyərləndirmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa strukturları ilə əməkdaşlığın ölkəmizin xarici siyasətində mühüm yer tutduğunu vurğulamışdır. Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramında və enerji layihələrində fəal iştirak etdiyini diqqətə çatdıran Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışmışdır.
Görüşdə digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.
Sonra Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon tərəfindən Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə işçi nahar verilmişdir.
Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan Ambruaz Düpon dostluq qrupları arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır. O, Fransada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan tədbirləri yüksək qiymətləndirmişdir.
Mehriban xanım Əliyeva da ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlığın inkişafı baxımından bu cür görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirmiş, Fransada Azərbaycanın zəngin mədəniyyətini tərənnüm edən layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırmışdır.
Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın növbəti görüşü Senatın sədri Jan-Piyer Bel ilə olmuşdur.
Jan-Piyer Bel Azərbaycanın birinci xanımının Fransa-Azərbaycan münasibətlərinin inkişafındakı xidmətlərini xüsusi qeyd etmiş, onu Fransanın həqiqi dostu adlandırmış və Fransa mədəniyyətinin Azərbaycanda təbliğinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir. Fransa Senatının sədri ölkələrimizin bütün sahələrdə əməkdaşlığının inkişaf etdiyini xüsusi qeyd etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında parlament diplomatiyasının önəmini vurğulamışdır.
Mehriban xanım Əliyeva Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönələn səylərini yüksək qiymətləndirmişdir.
Azərbaycanın birinci xanımı bundan sonra da parlamentlərarası əlaqələrin inkişaf edəcəyinə, Fransa Senatında ölkəmizin dostlarının sayının artacağına əminliyini ifadə etmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın Frankafoniya məsələləri üzrə naziri, Fransa Prezidentinin Frankafoniya üzrə xüsusi təmsilçisi xanım Yamina Benqiqi ilə də görüşmüşdür.
Xanım Y.Benqiqi bildirmişdir ki, Fransa hakimiyyəti Azərbaycanın birinci xanımını ölkənin yaxşı dostu kimi tanıyır və onun Azərbaycan mədəniyyətinin dünyada və Fransada tanıdılması istiqamətində həyata keçirdiyi tədbirləri alqışlayır. Bu baxımdan son bir neçə ayda Parisdə və ölkənin ayrı-ayrı regionlarında Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsinin uğurlu olduğunu diqqətə çatdıran Yamina Benqiqi Fransa mədəniyyətinin və dilinin Azərbaycanda təbliğinə, o cümlədən Bakıda fransız liseyinin yaradılmasına verdiyi dəstəyə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir.
Mehriban xanım Əliyeva Fransanın Azərbaycan üçün önəmli tərəfdaş olduğunu, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdiyini vurğulamışdır. Azərbaycanın Fransada tanıdılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələrin bundan sonra da davam etdiriləcəyini bildirmiş, Bakıda fransız liseyinin tikilməsi ilə bağlı layihənin uğurla başa çatdırılacağına əminliyini ifadə etmişdir.
Günün
sonunda Fransanın Frankafoniya məsələləri üzrə
naziri Yamina Benqiqinin adından Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın şərəfinə
şam yeməyi verilmişdir.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2013.- 25 may.- S.4.