Bakıda «Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu»

 mövzusunda seminar keçirilmişdir

 

Mayın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin birgə reallaşdırdıqları layihə çərçivəsində "Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu" mövzusunda seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə ölkəmizin 27 regionundan, eləcə də Bakı və Sumqayıt şəhərlərindən 300-dək gənc iştirak etmişdir.

Seminarda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışaraq demişdir: "Gənclərin timsalında Azərbaycan dövlətinin gələcəyini görürük. Gələcək nəsilləri elə yetişdirməliyik ki, sabah hakimiyyət mexanizmini, dövləti onlara həvalə edəndə narahat olmayaqbu gənclik dövlətimizin, millətimizin gələcəyini bizdən daha yaxşı idarə etsin. Bu, sözün əsl mənasında, ciddi məsuliyyət yaradır. Azərbaycanın həyata keçirtdiyi gənclər siyasətinin təməlində də bu amil dayanır".

Şöbə müdiri vurğulamışdır ki, Azərbaycanın gənclər siyasəti ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Ümumiyyətlə, ölkəmizin ictimai-siyasi inkişafının bütün istiqamətlərinin əsası ulu öndər tərəfindən qoyulmuşdur.

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi  hakimiyyətə gəldiyi 1993-cü ildə baş verən prosesləri xatırladan Əli Həsənov demişdir ki, o dövrdə ölkədə anarxiya baş alıb gedirdi. Müstəqilliyimizin ilk illərində milli düşüncəli gəncləri düzgün təşkilatlandıran insanlar olmalı idi. Təəssüf ki, 1991-1993-cü illərdə Azərbaycan gəncliyi düzgün istiqamətləndirilmirdi, onların enerjisindən, potensialından, intellektindən və fiziki imkanlarından səmərəli istifadə olunmurdu. Həmin dövrdə bəzi qüvvələr gəncləri silahlandıraraq, qruplara bölərək öz məqsədləri üçün istifadə edirdilər. Faktiki olaraq Azərbaycan gəncliyi ayrı-ayrı partiyaların çərçivəsində kimlərinsə siyasi iddiasını reallaşdırmaq məqsədilə mübarizəyə qoşulmuşdu. Mübarizənin istiqaməti, amalı isə bəlli deyildi. Dövlət strukturları Azərbaycan gəncliyinin nəzarət altında olması təəssüratı yaradırdı, amma əslində belə deyildi. Gəncliyimiz tam olaraq taleyin ümidinə buraxılmışdı. Belə bir təəssürat yaradılmışdır ki, sanki gənclik nəyinsə uğrunda mübarizə aparır. Ona görə də  1994-cü ildə ulu öndər Heydər Əliyev ilk növbədə daxili sabitliyin, qanunçuluğun, dövlətçiliyin möhkəmləndirilməsini və gənclərlə işin təşkilini dövlət siyasətinin əsas istiqamətləri kimi qarşıya qoymuşdur.

Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirən amillərdən danışan Əli Həsənov bildirmişdir ki, az bir vaxtda cəmiyyətin avanqardına çevrilən bu partiya gənclərlə işin yeni mexanizmlərini işləyib hazırladı. Gənclər hakimiyyət orqanlarında vəzifələrə irəli çəkildilər, onlara etimad göstərildi.

Əli Həsənov YAP-ın gənc fəallarının timsalında gələcəyin rəhbər kadrlarını gördüyünü bildirərək vurğulamışdır ki, Azərbaycan hakimiyyəti sizə arxalanır. Siz qarşıdan gələn prezident seçkilərində fəal olmalısınız. Azərbaycan xalqı ulu öndərin müəyyənləşdirdiyi siyasəti, Prezident İlham Əliyevin fəaliyyətini dəstəkləyir. Təbii ki, Azərbaycanı gözü götürməyən, uğurlarını qısqanan qüvvələr vardır və onlar daim pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Biz belə qüvvələrin məqsədlərini yaxşı bilirik. Azərbaycanın sağlam gəncliyi belə hallara qarşı qətiyyətlə mübarizə aparmalıdır.

Prezident Administrasiyasının rəsmisi seminar iştirakçısı olan gənclərə tövsiyə etmişdir ki, milli dəyərlərə, xalqımızın adət-ənənələrinə hörmətlə yanaşsınlar, Azərbaycan dövlətinin mənafeyini qorusunlar. Ə.Həsənov demişdir: "Siz opponentləriniz olan gəncləri özünüzdən təcrid etməyin. Çalışın obyektiv arqumentlərinizlə onları inandırasınız. Çünki hər bir insan istər-istəməz qəlbində ədalət hissinə malikdir. Sonrakı dövrdə o şəxs sizin arqumentləri mütləq şəkildə təhlil edəcək və ədalətli mövqeyə qayıdacaqdır".

Şöbə müdiri Əli Həsənov demişdir ki, indiki gənclər təxminən müstəqilliyimizlə yaşıddırlar. Yəni gənclərimiz müasir müstəqil Azərbaycanın övladlarıdır. Onlar müstəqilliyimizin qədrini daha yaxşı bilməli, ölkəmizin gələcək inkişafının təminatçısı olmalıdırlar.

Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

 

Azərbaycan.-2013.- 24 may.- S.5.