Avropa Parlamentinin
komitə sədri Heydər Əliyev Mərkəzində olmuşdur
Azərbaycanda səfərdə olan Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brok mayın 24-də Heydər Əliyev Mərkəzində olmuşdur.
AzərTAc xəbər verir ki, qonağa Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri, eləcə də Mərkəzin dünya memarlıq inciləri sırasında olan binası barədə məlumat verilmişdir.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasəti və irsinin öyrənilməsi, təbliği istiqamətində fəaliyyət göstərdiyini bildirmişdir. Mərkəzin, həmçinin Azərbaycanın tarixinin, mədəniyyətinin dünyada tanıdılması baxımından layihələr həyata keçirdiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Heydər Əliyev Mərkəzi artıq beynəlxalq konfranslar və araşdırma mərkəzi kimi tanınır. Mərkəz ötən müddət ərzində bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.
Elmar Brok, həmçinin Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olmuşdur. Bildirilmişdir ki, Heydər Əliyev irsinin tədqiqi baxımından Muzey zəngin məlumat bazası rolunu oynayır. Muzeydə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən video və foto materiallar təqdim edilir.
Qonağa ümummilli lider Heydər Əliyevin Azərbaycanın və regionun inkişafı ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verilmişdir. Bu sırada Muzeydə təqdim olunan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin interaktiv xəritəsi qonaqda böyük maraq doğurmuşdur. Xəritədə Bakı-Tbilisi-Ceyhan layihəsi və onun əhəmiyyəti, boru kəmərinin keçdiyi ərazilər barədə geniş məlumat verilir.
Avropa
Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar
Brok Heydər Əliyev Mərkəzi tərəfindən həyata
keçirilən layihələrdən məmnun
qaldığını bildirmişdir.
Azərbaycan.-2013.- 24 may.- S.5.