Sumqayıtın yeni siması

 

Müəyyən zaman intervalında xalq və dövlət naminə həyata keçirilən tədbirlərin ictimai mənafe baxımından obyektiv dəyərləndirilməsi həm də inkişafın dolğun mənzərəsini göz önündə canlandırır. Belə real mənzərə fonunda fəaliyyəti ilə ictimai etimad qazanmağa çalışan, xalqa layiqli xidmət amalını hədəfləyən hər bir komandanın qarşıya qoyduğu vəzifələri hansı səviyyədə gerçəkləşdirmək əzmi də üzə çıxır. Qarşıya qoyulmuş planlar həm də daxili potensialı, həqiqi güc və imkanları, əsl məramı özündə təcəssüm etdirir. Bu baxış bucağından Azərbaycanda da hakimiyyətin əsl məram və məqsədinin xalqa xidmət olduğunu əminliklə söyləmək olar. Ötən illərdə ölkədə sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən sosial-iqtisadi islahatların başlıca qayəsində yalnız bir məqsəd dayanır: vətəndaşlara yüksək xidmət göstərməklə, ictimai etimadı doğrultmaq!

 

 

 

Yeni intibah mərhələsi

 

 

"Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər" - deyən Azərbaycan Prezidenti İlham Əliyev bu məqsədə xidmət edən çoxşaxəli islahatları çevik və işlək mexanizmlər üzərində reallaşdırır, davamlı yüksəlişi təmin etmək üçün ölkənin daxili potensialından səmərəli şəkildə bəhrələnir. Dövlət başçısı İlham Əliyevin siyasi lider kimi beynəlxalq səviyyədə günü-gündən artan nüfuzu, gücü və qüdrəti də, ilk növbədə, qarşıya qoyduğu vəzifələri real həyatda gerçəkləşdirmək məharəti ilə ölçülür. Dövlət başçısı indiyə qədər ictimaiyyət qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik nümayiş etdirmiş, sosial tərəqqiyə və vətəndaş rifahına xidmət edən bir sıra qlobal layihələri, strateji məqsədləri inamla gerçəkləşdirmişdir.

Son illər Azərbaycanda idarəçilik sisteminin inkişafı ilə bağlı mühüm qanunların, normativ hüquqi aktların qəbulu, müvafiq strukturlarda köklü islahatların aparılması, müasir tələblərə cavab verən mükəmməl idarəetmə sisteminin yaradılması ilə yanaşı, icra strukturlarının qarşısına bir sıra ciddi vəzifələr də qoyulmuşdur. Bu vəzifələrin əsasını Azərbaycan Prezidentinin fərman, sərəncam və tapşırıqlarının yüksək keyfiyyətlə, vaxtında icra olunması, icra intizamının möhkəmləndirilməsi, icra orqanlarının məsuliyyətinin artırılması təşkil edir.

Dövlət başçısı İlham Əliyev son 10 ildə Azərbaycanın bölgələri ilə yanaşı, paytaxt Bakının və respublika əhəmiyyətli digər iri şəhərlərin inkişafına və problemlərinin həllinə də böyük diqqət və həssaslıqla yanaşmış, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" kompleks sənəd olmaqla, regionların, o cümlədən iri şəhərlərin inkişafına təkan vermişdir.

Son illər respublikanın və paytaxtın bütün guşələrində müşahidə edilən abadlıq, quruculuq və yüksəliş tarixən gənclər şəhəri kimi tanınmış Sumqayıt şəhərində də özünü qabarıq göstərir. Göy Xəzərin sahilində yerləşən, tarixi ənənələri, coğrafi özəllikləri ilə seçilən şəhər həm də uzun illər halal zəhmətə tapınan, işgüzar insanların məskunlaşdığı məkan kimi məşhurdur. İri müəssisələrin yerləşdiyi şəhər respublikanın iri sənaye mərkəzi sayılır. Mövcud potensialın səmərəli realizə edilməsi, şəhərin malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi Sumqayıt şəhərinin 2011-2013-cü illərdəki möhtəşəm uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır.

 

Sumqayıt şəhərində son illər əldə olunmuş nailiyyətlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında və düzgün icrasına nail olmağa çalışmışdır. Əsas diqqət əhalini narahat edən xarakterli kommunal problemlərin həllinə, genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparılmasına, infrastrukturun yeniləşdirilməsinə, yolların təmirinə, məktəblərin, səhiyyə və mədəniyyət ocaqlarının təmiri və yenidənqurulmasına diqqət artırılmışdır.

İcrasına uğurla başlanılmış layihələrin yüksək dinamizmlə, vaxtlı-vaxtında reallaşdırılması nəticəsində Sumqayıt bu gün böyük tikinti meydanını xatırladır. Son illər təkcə paytaxt üçün deyil, ümumən respublika əhəmiyyətli bir sıra qlobal layihələrin gerçəkləşdirilməsi məhz bu şəhərlə xeyli dərəcədə bağlıdır. Burada gerçəkləşdirilən layihələr, görülən işlər həm miqyasına, həm də konkret nəticələrinə görə nümunəvi xarakter daşıyır. İndi Bakı ilə yarışa girən Sumqayıtın inkişaf göstəricilərinin paytaxtla uyğunlaşdırılması dövlət başçısının qarşıda müəyyənləşdirdiyi mühüm vəzifələrdən biridir. Başqa sözlə, Azərbaycanın əsas sənaye mərkəzinə çevrilən Sumqayıtın qısa zaman kəsiyində həm də geniş abadlıq-quruculuq məkanına çevrilməsinin ən ümdə səbəbi şəhərə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir.

2011-ci ilin iyulunda Sumqayıta səfər edən dövlət başçısı onun strateji inkişaf planı ilə bağlı fikirlərini açıqlamış, şəhərin yaxın vaxtlarda paytaxt standartlarına uyğunlaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir: "Sumqayıtla Bakı, demək olar ki, artıq birləşir. Çünki ölkəmizdə inkişaf o qədər sürətlə gedirbu yol boyu tikintilər, yeni binalar, sənaye müəssisələri ona gətirib çıxaracaq ki, Bakıda yaşayanlar da gəlib Sumqayıtda işləyəcəklər. Ona görə Sumqayıt paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılmalıdır. Mənim məqsədim bundan ibarətdir və bunu etmək üçün artıq biz konkret layihələrə başlamışıq".

 

 

 

Müasir üslub - modern zövq

 

 

Cənab İlham Əliyevin 2011-ci ilin dekabrın 19-da Sumqayıta səfəri bir sıra mühüm hadisələrlə əlamətdar olmuşdur. Əminliklə demək olar ki, bu səfər şəhərin qayğılarının, vətəndaşları narahat edən problemlərin həllində keyfiyyətcə yeni mərhələ açmışdır. Dövlət başçısı İlham Əliyev səfər müddətində Sumqayıtda müasir olimpiya idman kompleksinin açılış mərasimində iştirak etmiş, şəhərin müxtəlif yerlərində - parkxiyabanlarda, küçələrdə, o cümlədən dənizkənarı bulvarda başlanmış əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olmuş, bu işlərin zövqlə aparılması üçün dəyərli tövsiyələrini vermişdir. Bu səfər bir daha təsdiqləmişdir ki, cənab İlham Əliyev Sumqayıt sakinlərinin hansı qayğılarla yaşadığını çox yaxşı bilir və onların tez zamanda aradan qaldırılmasını şəhərin yeni rəhbərliyi qarşısında vacib məsələlərdən biri kimi müəyyənləşdirmişdir. Ölkə Prezidentinin bu və digər səfərləri zamanı Sumqayıt sakinləri ilə keçirdiyi görüşlər, şəhər infrastrukturunun və sənayesinin yeniləşməsi vacibliyi ilə bağlı söylədiyi dəyərli fikirlər haqlı olaraq belə qənaət yaratmışdır ki, bundan sonrakı mərhələdə Sumqayıtın inkişafı məqsədilə atılan addımlar daha sistemli, ünvanlı, ardıcıl xarakter daşıyacaqdır.

Son illər Sumqayıtda müşahidə olunan yüksək inkişaf və tərəqqi, ilk növbədə, yüksək estetik zövqlə gerçəkləşdirilən abadlıq, quruculuq, təmir-tikinti, yenidənqurma işlərində özünü təcəssüm etdirir. İlk baxışdan aydın görünür ki, şəhər rəhbərliyinin ölkə başçısının müəyyənləşdirdiyi vəzifələrin həlli ilə bağlı müasir, mükəmməl, ünvanlı və sistemli səciyyə daşıyan inkişaf konsepsiyası mövcuddur. Modern üslubu, şəhərin bütün potensialının inkişaf məqsədinə səfərbər olunması, yenidənqurma işlərinin dünyanın ən müasir şəhərlərinin yetkin təcrübəsinin nəzərə alınmaqla həyata keçirilməsi qısa müddətdə Sumqayıtın simasının əsaslı şəkildə dəyişməsinə səbəb olmuşdur.

Bakı-Quba magistral yolundan Sumqayıt istiqamətinə gələn hər kəs bu şəhərdə baş verən dəyişikliklərlə heyrətlə qarşılaşır: qəti əminlik yaranır ki, burada reallaşdırılan böyük abadlıq-quruculuq işləri kosmetik, görüntüyə hesablanmış təmir məqsədinə deyil, köklü dəyişikliklərə, ən müasir standartların tətbiqinə yönəlmişdir. Bu layihələrin kor-koranə deyil, sistemli şəkildə, vahid plan əsasında, xüsusi arxitektura elementləri əsasında aparılması şəhərin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoymuşdur. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, şəhərdə abadlıq-quruculuq tədbirləri ən müasir yanaşma əsasında aparılır: "Şəhərin inkişafı üçün master-plan hazırlanır, onun ilkin əlamətləri artıq var və reallaşır. Mən yeni, müasir yanaşma ilə hesab edirəm ki, bir neçə il ərzində Sumqayıtda çox böyük quruculuq, abadlıq işləri başa çatacaq və şəhər ölkəmizin, bölgənin və bəlkə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Bu, bizim hədəfimizdir".

Əsaslı yeniləşmə şəhərin bir çox küçə, park və xiyabanında, məhəlləsində özünü qabarıq göstərir. Heydər Əliyev prospekti, "Azərbaycan", "Nərimanov", "Sülh küçələri"ndə həyata keçirilən abadlıq-quruculuq işləri göz oxşayır. Son 2 ildə şəhərin bütün parklarında əsaslı yenidənqurma işləri aparılmış, şəhərə giriş yolları müasirləşdirilmiş, baxımsız vəziyyətdə olan binaların fasadlarına təzə üzlük çəkilmiş, dam örtükləri dəyişdirilmiş, səkilər, yollar təmir edilmişdir. Gecə saatlarında binaların, sosial-inzibati obyektlərin müasir qurğularla işıqlandırılması şəhərə paxtaxt görüntüsü verir. Bundan başqa, şəhərin girişində və digər ərazilərdə ümumi görünüşə xələl gətirən, sistemsiz şəkildə inşa olunan ticarət obyektlərinin rekonstruksiya olunması və onlara müasir simanın verilməsi şəhər sakinlərində də razılıq doğurmuşdur.

Heydər Əliyev parkında abadlıq-quruculuq prosesi yekunlaşmış, bura sakinlərin sevimli istirahət guşəsinə çevrilmişdir. Parkın girəcəyində piramida tipli estakadalar quraşdırılmış və orada ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən foto-şəkillər yerləşdirilmişdir. Girişə gözəllik verən ikinci bir yenilik 8 metr hündürlükdə ucaldılan saat qülləsidir. Milli ornamentlərlə bəzədilən parkda istirahət meydançası və fəvvarələr quraşdırılmışdır. Burada həmçinin, yaşıllıq zolaqları salınmış, attraksionlar uşaqların ixtiyarına verilmişdir. Müasir işıqlandırma sistemi bu parkı digərlərindən fərqləndirən cəhətlərdəndir.

Sumqayıt şəhərinə xüsusi yaraşıq verən daha bir mühüm layihə - Bayraq meydanının tikintisi başa çatdırılmışdır. Şəhər icra hakimiyyətinin inzibati binasının qarşısında salınan bu möhtəşəm meydan tamamilə yeni görkəmdə sumqayıtlıların ixtiyarına verilmişdir. Xüsusi daşlar döşənmiş həmin ərazidə yaşıllaşdırma işləri görülmüş, ətrafda işıqlandırma sistemləri müasir qaydada yenilənmişdir. 18 min kvadratmetr ərazidə yerləşən meydanda polad dirəklər üzərində 70 metr yüksəklikdə dalğalanan bayrağımız hər kəsdə qürur hissi doğurur.

Bu gün Sumqayıtda həyata keçirilən möhtəşəm layihələrdən biri də şəhər stadionunun tikintisidir. Müasir standartlara cavab verəcək bu tikili regionun idman yarışlarının keçirilməsi üçün əsl məkana çevriləcəkdir. Həmçinin, 500 mindən çox əhalisi olan Sumqayıtda kütləvi tədbirlərin keçirilməsi üçün meydan tikintisi də planlaşdırılır.

 

 

 

Cənubi Qafqazın ən müasir sənaye mərkəzi

 

 

Ümumilikdə, son illər sosial infrastrukturun müasirləşdirilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, bu zaman ən qabaqcıl təcrübənin nəzərə alınması, insanların istirahəti üçün yüksək şəraitin yaradılması şəhər rəhbərliyinin yenilikçi üslubunun əyani göstəricisi kimi diqqət çəkir. Bu kontekstdə Sumqayıtda insan amilini əsas tutan bir sıra qlobal layihələrin uğurla reallaşdırıldığını da xüsusi qeyd etmək lazımdır. Məsələn, görülən işlər çərçivəsində Nəsimi istirahət parkının dənizə doğru ərazisindən yeni magistral yol çəkilməsi nəzərdə tutulmuşdur. Bu analoqu olmayan layihənin məqsədi həmin yerdə dəniz-yol-park-şəhər dördlüyünu tamamlamaq, şəhər sakinlərinin istirahəti üçün daha əlverişli şərait yaratmaqdır.

Dövlət başçısının müvafiq tapşırığına əsasən, şəhərdə sahilboyu ərazinin ən müasir tələblər səviyyəsində yenidən qurulması üçün möhtəşəm layihə hazırlanmışdır. Burada beşulduzlu mehmanxananın, yaxt-klubun, müasir istirahət komplekslərinin, funikilyorun tikintisi planlaşdırılır. 80 hektar əraziyə malik olan bu guşə yaxın perspektivdə bölgənin ən gözəl və unikal istirahət yerlərindən birinə çevriləcəkdir.

10, 13 və 18-ci mikrorayonlarda müvafiq infrastruktura malik məhəllələr yaradılaraq əhalinin ixtiyarına verilmişdir. Bu məhəllələrdə bir vaxtlar inşa olunmuş yöndəmsiz qarajların yeri dəyişdirilmiş, sakinlər tərəfindən zəbt edilmiş torpaq sahələri təmizlənərək əhalinin istirahəti üçün lazım olan parklar salınmışdır. Həmin məhəllələrdə süni örtüklü idman meydançaları, xeyir-şər evləri, sakinlərin istirahəti üçün çardaqlar, uşaqlar üçün guşələr, yumşaq ev əşyalarının yuyulub qurudulması üçün ətrafı bağlı yerlər yaradılmışdır. Nümunəvi, abad məhəllələrdə yeni ağaclar əkilmiş, əraziyə asfalt döşənmiş, oturacaqlar düzülmüşdür. Əhalinin asudə vaxtının təşkilinə, gənclərin xoşagəlməz vərdişlərdən yayındırılmasına xidmət edən, uşaqlar üçün müxtəlif oyunidman qurğularının yerləşdirildiyi belə məhəllələr hazırda 17-ci mikrorayon ərazisində salınır.

Bu gün Sumqayıtdakı abadlıq- quruculuq işləri şəhərin uzun illər baxımsız qalmış ətraf qəsəbələrini də əhatə edir. Həmin qəsəbələrin yol infrastrukturu, işıqlandırma sistemləri müasirləşdirilir, qədim tarixə malik binalar əsaslı təmir olunur. Ümumiyyətlə, qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, şəhərin qəsəbələri simasını dəyişməli, müasirləşməlidir. Lakin bu zaman ənənəvi memarlıq üslubu və digər mental məqamlar mütləq nəzərə alınmalıdır. Məsələn, Sumqayıtın ən böyük qəsəbələrindən sayılan Corat qədim yaşayış məntəqəsidir. Burada həyata keçirilən yenidənqurma işlərində qədimliyin saxlanması ilə müasirliyin birliyi yaradılmalı, bunun vəhdəti tapılmalıdır. Qəsəbələrin müasirləşdirilməsini nəzərdə tutan layihələrin hazırlanması zamanı belə həssas məqamlar mütləq nəzərə alınır.

Sumqayıtda tikinti-abadlıq quruculuq tədbirləri ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əsaslı təmiri və yenidənqurulması tədbirləri də diqqət mərkəzindədir. Sosial infrastrukturun yenilənməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, bu zaman ən qabaqcıl təcrübənin nəzərə alınması da prioritet istiqamətlər sırasında yer alır. Həmçinin şəhərdə yaşıllaşdırma, yeni park və xiyabanların salınması işləri də sürətlənmişdir. Ekoloji vəziyyətin daha da yaxşılaşdırılması prosesinə təkcə müvafiq dövlət strukturları yox, hər bir Sumqayıt sakini də töhfəsini verməyə çalışır. İnsanların xoş və mənalı istirahəti üçün şəhərdə salınan yeni parkxiyabanlarda da ağacların, bəzək kollarının əkilməsi prioritet istiqamətlər sırasında yer alır.

Şəhərdə qlobal xarakterli kommunal problemlərin həllinə qlobal yanaşma mövcuddur. Şəhərin bərbad vəziyyətdə olan kanalizasiya sistemlərinin əsaslı surətdə dəyişdirilməsi yekunlaşmaq üzrədir. Acınacaqlı haldır ki, çirkab suların 60 faizi təmizlənmədən birbaşa dənizə axıdılırdı. Şəhərin dənizə tərəf olan hissəsində gəzintiyə gələnlər iri kanalizasiya borularından sahilə axıdılan çirkab sularıyla üzləşirdi. Yeni layihə nəticəsində çirkab suları təmizləyici qurğular vasitəsilə təmizlənərək dənizə axıdılacaqdır.

Sumqayıtda inkişaf prosesi çoxcəhətli xarakterə malikdir: sənaye, digər profilli istehsal müəssisələri, sosial həyat, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə özünü göstərərək bir-birini tamamlayır. Ölkə Prezidentinin Sumqayıtın sənaye potensialının möhkəmləndirilməsi, burada sahibkarlığın inkişafı, yeni yerlərinin açılması vacibliyi ilə bağlı söylədiyi fikirlər də şəhərin adamları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Cənab İlham Əliyev Sumqayıtın müasir sənaye mərkəzinə çevrilməsi üçün konkret planların olduğunu da bildirmişdir: "Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret planlar vardır. Əslində, Sumqayıt sənaye şəhəri kimi formalaşmışdır, yaradılmışdır. İndi isə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf edir. Burada yaradılan və tikilməkdə olan, tikiləcək sənaye müəssisələri Azərbaycanda sənayeləşmə proqramının icrası üçün çox vacib rol oynayacaqdır. Artıq bu proqramın icrasının birinci mərhələsindəyik. Burada böyük Sumqayıt Texnologiya Parkı yaradılıb, ona yaxın müasir müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan məhsullar xaricə də ixrac edilir, ölkə daxilində də istehlak olunur. Növbəti dövrdə Sumqayıtda yeni kimya müəssisələrindən ibarət sənaye şəhərciyi yaradılacaqdır".

Şəhərdə sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bununla əlaqədar ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarlıq institutunun rolunun gücləndirilməsi, adamlarının fəaliyyətinin sahə, regionaltexnoloji baxımdan strukturunun optimallaşdırılması üçün konkret tədbirlər həyata keçirilir. Nəticə etibarilə Sumqayıtda müxtəlif təyinatlı məhsulların istehsalı ilə məşğul olan müəssisələrin maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir, müasir tələblərə uyğunlaşdırılır, yeniləri inşa edilir. Son illər Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə burada Cənubi Qafqazda analoqu olmayan Sumqayıt Texnologiyalar Parkı yaradılmışdır. Bütün bunlar həm də çoxlu sayda yeni yerlərinin açılmasına, əhalinin sosial rifahının yaxşılaşmasına səbəb olur.

Yeni müəssisələrin tikintisi ilə yanaşı, əvvəl Bakıda fəaliyyət göstərən müəssisələrin bir hissəsi Sumqayıta köçürülür. Lakin həmin müəssisələrdə artıq əvvəlkindən fərqli, yüksək texnologiyalara əsaslanan istehsal prosesi yaradılır. Şəhərdə sənaye limanının tikintisi haqqında da qərar qəbul edilmişdir. Bütün bunlar o deməkdir ki, bir sənaye mərkəzi olaraq Sumqayıtın xüsusi çəkisi qarşıdakı müddət ərzində daha da artacaq və yaradılan yüksək keyfiyyətli məhsullar ölkəmizdə onlara tələbatın ödənilməsinə imkan yaratmaqla yanaşı, ixrac potensialının genişlənməsinə də öz töhfəsini verəcəkdir.

 

 

 

Xalqa layiqli xidmət məramı

 

 

Ölkə başçısının mayın 3-də Sumqayıta gerçəkləşən növbəti səfəri də şəhər sakinlərinin xatirəsində silinməz izlər buraxmışdır. Dövlət başçısı səfəri çərçivəsində həyata keçirilən abadlıq-quruculuq, yenidənqurma işləri ilə, Sumqayıtdakı Bayraq meydanında yaradılan şəraitlə tanış olmuş, dəyərli tövsiyə və tapşırıqlarını vermiş, görülmüş işlərdən razılığını bildirmişdir.

Daha sonra dövlət başçısı Sumqayıtdakı Cümə məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuşdur. Məscid 2011-ci ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda olarkən, verdiyi tapşırığa müvafiq olaraq əsaslı təmir edilmişdir. Burada 34 metr hündürlüyündə minarə ucaldılmış, mehrab yenidən qurulmuş, günbəzin daxilinə "Qurani-Kərim"dən ayələr həkk olunmuş, döşəmə əsaslı təmir edilmişdir. Məscidin istilikelektrik sistemləri də tamamilə yenilənmiş, divarları üzlük daşlarla üzlənmiş, hasarı yenidən qurulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt "ASAN xidmət" mərkəzinin açılışında da iştirak etmişdir. Belə bir mərkəzin istifadəyə verilməsi ölkə başçısının Sumqayıt şəhərində vətəndaşların rahat və firavanlığına necə böyük həssaslıqla, diqqətlə yanaşdığını bir daha təsdiqləyir. "ASAN xidmət" mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Mərkəz internetə daim açıq olan kompyuterlərlə təchiz edilmiş və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün hər cür şərait yaradılmışdır. "ASAN xidmət" mərkəzində vətəndaşların vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, uşaq əyləncə guşəsi, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Dövlət başçısı bu əlamətdar hadisə münasibətilə demişdir: "Artıq "ASAN xidmət" Sumqayıta da gəldi, Bakıdan üç ay sonra. Keçən dəfə Sumqayıtda olarkən demişdim ki, Sumqayıtda Bakı şəhərinə xas olan bütün standartlar tətbiq olunmalıdır. Həm infrastruktur layihələri o səviyyədə icra edilməlidir, həm də ictimai yerlər, xidmət sektoru o səviyyədə olmalıdır".

Nəhayət, ölkə başçısının Sumqayıta son səfəri zamanı açılışında iştirak etdiyi "Gilan" Tekstil Parkı şəhərin sənaye potensialının gücləndirilməsinə ciddi dəstəkdir. Müəssisə ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilmişdir ki, 20 hektar ərazidə tikilən "Gilan" Tekstil Parka parça toxuma, boyamatikiş fabriklərindən ibarət yüngül sənaye müəssisələri daxildir. Fabrik pambığı xammaldan hazır məhsula çevirmək üçün müasir tələblərə tam cavab verir. Avropa istehsalı olan dəzgahlarla təchiz olunan fabrik geniş çeşiddə və yüksək keyfiyyətli parça istehsalına imkan verəcəkdir. Fabrikdə 100 faiz pambıqdan və həmçinin pambıq - polyester qarışığından ibarət məhsullar istehsal edilir. Burada ən müasir texnologiyanın tətbiqi beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli parça istehsalına imkan verir. Hazır məhsulların daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulmuşdur.

Bir sözlə, Azərbaycanın dinamikmodern inkişafının əsas ünvanlarından birinə çevrilən Sumqayıt sürətli intibahının yeni mərhələsini yaşayır. Abadlıq və quruculuq işlərinin daha geniş vüsət aldığı gənclər şəhəri günü-gündən simasını gözəlləşdirməkdə, təkcə daimi sakinlərinin yox, şəhərə gələn qonaqların xatirəsində də silinməz izlər buraxmaqdadır. Prezident İlham Əliyevin Sumqayıta son səfəri şəhər sakinlərinin sabaha ümidini, nikbin ovqatını daha da gücləndirmişdir.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır. Fəaliyyətini məhz bu prinsip əsasında quran Sumqayıt şəhəri də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Ulu öndərin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Sumqayıt şəhəri Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə son illərdə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar şəhərin həyatında yeni intibah mərhələsinin uğurlu başlanğıcıdır. Hazırda hər bir Sumqayıt sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları həyatında daha qabarıq hiss edir, yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

 

 

Aslan MANAFOV,

Sahibkar

Azərbaycan.-2013.- 24 may.- S.6.