Gənclər prezident
seçkilərində İlham
Əliyevə səs verəcəklərini
bəyan etmişlər
Mayın 24-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı tərəfindən "Qaçqın və məcburi köçkün gənclər Prezidenti dəstəkləyir" mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransda çıxış edən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, həmçinin qaçqın və məcburi köçkünlərin problemlərinin həllində göstərdiyi xidmətlərdən, apardığı prinsipial siyasətdən danışmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin məskunlaşması və məşğulluğunun təmin edilməsi istiqamətində mühüm işlər görmüşdür. Onlar kommunal xərclərdən və təhsil haqqından azad edilmişlər. Erməni işğalı nəticəsində didərgin düşmüş soydaşlarımıza verilən aylıq müavinətlər hər il artırılmış, çadır düşərgələri ləğv edilmiş, hər cür şəraiti olan yeni qəsəbələr salınmışdır. Bu proses davam etməkdədir.
Konfransda xüsusi vurğulanmışdır ki, ordu quruculuğu sahəsində Prezidentin həyata keçirdiyi siyasət işğal altındakı torpaqlarımızın azad ediləcəyinə inamı artırmışdır. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütövlükdə dövlət büdcəsini bir neçə dəfə üstələyir. Ölkəmizin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və qlobal siyasətdə fəal rol oynaması aparılan uğurlu xarici siyasətin nəticəsidir.
Sonra Laçın, Xocavənd, Ağdam, Füzuli və Kəlbəcər rayonlarını təmsil edən gənclər çıxış edərək ölkədə həyata keçirilən quruculuq işlərindən, əhalinin sosial-iqtisadi vəziyyətinin yüksəlməsindən danışmışlar. Qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafı və gənclərlə bağlı Dövlət proqramları uğurla reallaşdırılır. Bu proqramlar çərçivəsində şəhər və qəsəbələr yeni görkəm almış, çoxsaylı iş yerləri açılmış və insanların həyat səviyyəsi yaxşılaşmışdır. Azərbaycanda Olimpiya idman kompleksləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikilərək əhalinin istifadəsinə verilmişdir. Dövlətin birbaşa yardımı ilə yüzlərlə gənc xarici ölkələrdə təhsilini davam etdirir.
Bildirilmişdir ki, Azərbaycanın ərazi bütövlüyünün heç bir vaxt danışıqlar mövzusu olmayacağını bəyan edən Prezident İlham Əliyev daim milli maraqların keşiyində dayanmışdır, Vətəni və xalqı sevməkdə bütün gənclərə örnəkdir. Vətənpərvər siyasi xadim və güclü lider xüsusiyyətlərini özündə birləşdirən Prezident xalqın dərin məhəbbətini qazanmışdır.
Tədbirdə
çıxış edən gənclər və konfrans
iştirakçıları Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinin təmin olunması
istiqamətində aparılan siyasəti, bütün sahələrdə
sürətli inkişafa nail olunmasını, həyata
keçirilən məqsədyönlü Dövlət
proqramlarını Prezident İlham Əliyevin müstəsna
xidmətləri kimi dəyərləndirdiklərini və
növbəti seçkilərdə ona səs verəcəklərini
bəyan etmişlər.
Azərbaycan.-2013.- 24 may.- S.6.