Əbülfəz ELÇİBƏY: «Ay məmurlar, rüşvəti

 milyonlarla dollar almayın, yüz minlərlə alın, insafla alın»

 

Cinayətkarlığın və rüşvətxorluğun on illə müqayisədə 1992-ci ildə 4 dəfə artdığını deyən Ali Məhkəmənin sədri Tahir Kərimli Nazirlər Kabinetini "milyarderlərdən ibarət olan vəcinayətkarların yığışdığı dövlət aparatı" kimi səciyyələndirirdi

 

 

Oxucularımıza təqdim etdiyimiz bu material tam 20 il öncə - AXC-Müsavat hakimiyyətinin 1993-cü ilin may ayının 25-də Prezidentin İcra Aparatında keçirdiyi hüquq-mühafizə orqanları işçilərinin müşavirəsinin stenoqramlarını əks etdirir. Müşavirədə səslənən fikirləri, qarşılıqlı ittihamları təhlil etdikcə bir məqam tam dolğunluğu ilə özünü büruzə verir: iflas ərəfəsində olan iqtidar siyasi süqutunu şərtləndirən səbəbləri müzakirə edərkən xalq və dövlət qarşısında xəyanətlərini, səriştəsizliyini bütünlüklə etiraf edir. Bir il müddətində ölkəyə bütün sahələr üzrə misli görünməyən xaos bəxş edən, Azərbaycanın cənubunda və şimalında separatçı ocaqlar yaradan, xalqda sabaha inam hissini tamam öldürən, indi isə "demokrat", "vətənpərvər", "Azərbaycansevər"... amplualarında çıxış etməyə cəhd göstərən bu siyasətbazları stenoqram materialları ilə bir daha yaxından tanımaq olar.

Onları və onların xəyanətlərini unutmamalıyıq! Ölkənin dövlət katibinin "respublikada mafioz qüvvələr güclənir və onlar ölkəni, demək olar ki, idarə edir", baş prokurorun "iflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz dövlət aparatından başlamalıdır", ədliyyə nazirinin "hakimiyyətimiz dövründə rüşvətxorluq kommunist dövründəkindən də çoxalıb", Gömrük Komitəsi sədrinin "xalqın qabağında dayanan oğlanlar bu gün pulun qabağında dayana bilmir", Ali Məhkəmə sədrinin "Nazirlər Kabineti bu gün milyarderlərdən ibarətdir" etiraflarında AXC-Müsavat hakimiyyətinin əsl mahiyyəti, acgözlüyü və xalqa xəyanəti öz dilləri ilə açılır. Həmin iqtidarın sahibi sayılan prezident isə "xalq deyir, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Bu xalq əgər imperiyadan canını qurtardısa, gələcəkdə onun əlindən burada əyləşən adamların canı qurtarmayacaq. Deyin görüm, respublikanı niyə dağıdırsınız? Camaat yollarda oturub ata-anamızın qəbrini söyür... Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz" etirafından sonra özünəməxsus qəribə bir bəyanat verir: "Əgər hakimiyyətdə zorla qalmışıqsa, bizi heç kim yıxa bilməz". Heç bir ay da keçməmiş bu sözün müəllifi məşhur Kələki mühacirətinə, komandası isə aqressiv müxalifətçiliyə yollandı.

 

Onların nəyə "qadir" olduqlarını, dövləti necə məhv etdiklərini elə onların öz dilləri ilə xatırlayaq!..

Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə keçirilən müşavirədə bu qurumların rəhbərləri - baş prokuror, ədliyyə və daxili işlər nazirləri, eləcə də dövlət katibi Azərbaycanda tüğyan edən "bespredel"in, qanunsuzluğun, dövlət aparatının iflic vəziyyətinə düşməsinin və korrupsiyaya qurşanmasının əsas səbəbi kimi hakimiyyət mənsublarının cinayətkar fəaliyyətlərini göstərirdilər. Lakin bu cinayət faktlarında öz məsuliyyətlərini etiraf etməkdən çəkinir, bunu həmkarlarının üzərinə atırdılar. Göründüyü kimi, AXC - Müsavat iqtidarı təmsilçilərinin idarəçilik qabiliyyətlərinin, peşəkarlıqlarının olmaması ilə yanaşı, onların heç komanda məsuliyyətləri və birgə iş prinsipləri də yox dərəcəsində idi.

Tribunaya növbəti çıxış üçün dəvət olunan Dövlət Gömrük Komitəsinin sədri İbrahim Vəliyev anlayırdı ki, əvvəl çıxış edənlərin problemlər sırasında daha çox onun rəhbərlik etdiyi strukturun fəaliyyətini qeyd etməsi, eləcə də prezidentin və dövlət katibinin gömrük orqanlarını "Azərbaycanın ən çox korrupsiyalaşdığı sahələrdən biri" kimi səciyyələndirmələri səbəbindən çox çək-çevirə salınacaq. Buna görə də nitqini "nailiyyətlər", "böyük dönüşlər"lə bağlı "faktlar"la bəzəyərək bəyan etdi ki, onun rəhbərlik etdiyi qurumla bağlı söylənən ittihamlar əsaslı olsa da, subyektiv səciyyə daşıyır. Nitqi dəfələrlə yarımçıq kəsilən İbrahim Vəliyevin "nailiyyət", "böyük dönüş" kimi xarakterizə etdiyi faktlar isə yalnız Dövlət Gömrük Komitəsində kütləvi kadr dəyişiklikləri ilə bağlı idi. "Azərbaycanın ən çox korrupsiyalaşdığı sahəsi"nin rəhbərinin mücərrəd çıxışını prezident Əbülfəz Elçibəy də yarımçıq saxlamağa ehtiyac duyur.

"Ə.Elçibəy: ...Bilirsiniz, söhbət sizin dediyiniz mövzudan getmir. Sizin gömrük işçiləri Dərbənd tərəfə gedən yoldan gündə Rusiyaya 130 maşın keçirsə, yazır ki, 40 maşın keçdi. Məqsədi nədir 40 maşın yazır, 130 yazmır? Gömrük işçisi belə hərəkət edərmi? Rüşvət alırlar səhərdən axşama kimi. Deyirsən ki, nəzarət edə bilmirsən... Mən razı deyiləm. Mübarizə aparmalıyıq, vuruşmalıyıq. Əşi, belə olmaz axı. Min maşına yazırlar ki, 24 maşın keçdi. Dəhşətdir. Onların belə etməyə nə haqqı var, nə də ixtiyarı. Nə məsuliyyətləri var, nə də qanacaqları. Bu cür olmaz axı.

İ.Vəliyev: Bəy, o dərəcədə deyil axı...

Ə.Elçibəy: Vallah, elədir, mən sizə indi faktları deyəcəyəm. Birisi benzin məsələsidir. Benzin məsələsinin bir hissəsi gömrüklə bağlıdır. Onun bir hissəsini Balakən istiqamətində və başqa istiqamətlərdə polisin nümayəndələrinin iştirakı və əli ilə mafioz qruplar Gəncədən başlamış yola sala-sala aparıb çıxarırlar ta Gürcüstana qədər. Bu açılmır. Bunlar bizim hamımıza aiddir. Ona görə deyirəm ki, hamı məsuliyyət daşımalıdır və hər şey üzə çıxmalıdır. Siz deyirsiniz, cinayət polisin üstündədir, polis deyir, prokurorun üstündədir, prokuror iş qaldırmadı, mən də tutmadım. Prokuror deyir ki, məhkəməyə verdim, məhkəmə buraxdı. Bu meydan, bu da şeytan. Hamımız buradayıq. Görək kimdir axı bunun günahkarı və yiyəsi... Rüşvət almaqla bağlı gömrük orqanlarını bir balaca sıxırsan, deyir ki, maaş azdır, ona görə alıram. Buna görə də oğurluq edirəm. Maaşın azdır deyə, oğru olmalısan, heç maaş vermirəm, oğru olmalısan? Bu oğurluğa bəraət qazandırmağı mən qəti beynimə sığışdıra bilmirəm. Rüşvət alanda milyonlarla dollar alırsınız, alırsan, heç olmasa yüz minlərlə al, beş manat al, insafla al. Deyirlər, 200 min dollar verməlisən, yoxsa səni gömrükdən buraxmayacam, çünki sən 400 min dollar qazanacaqsan. Gəl qazancı yarı bölək. Söhbət bax, bundan gedir...

İ.Vəliyev: ...Bəy, mən də hesab eləyirəm ki, gömrük işində olduqca ciddi nöqsanlar var. Problemləri çoxdur. Vaxtilə xalqın qabağında duran oğlanlar indi pulun qabağında dayana bilmirlər. Mümkün deyil. Birgə fəaliyyət nəticəsində içimizdəki bu əliəyriləri ortaya çıxarıb məhv etmək lazımdır. Ancaq bu, mənim işim deyil...

Ə.Elçibəy: ...Yarım milyonunu alırsan, sonra da deyirsən ki, təqsiri yoxdur, buraxırsan çıxır gedir. Vallah, bu cürdür də (zalda gülüşmə). Görürsünüz, özünüz də gülürsünüz. Bu belədir. Kim çox pul verirsə, onu tutmursunuz. Bir milyonun qabağında, iki milyon dolların qabağında kim dayanar ki, necə ki siz dayanmırsınız... Yaxşı, əyləş".

Kürsüyə iqtidarın "alovlu tribunu" Tahir Kərimli dəvət olunur. Ondan əvvəlki çıxışçılar nitqlərində Ali Məhkəməni və onun sədrini cinayətkarlara bəraət qazandırmaqda ittiham etmişdilər. Tahir Kərimli xarakterinə uyğun olan emosionallığını barəsində söylənilən ittihamlardan sonra daha da artıraraq tribunaya "alov püskürə-püskürə" qalxdı. "Vəziyyət bütün sahələrdə ağırdır. Ağırlıq ona görədir ki, quldurluq, soyğunçuluq, rüşvətxorluq cinayətləri on illə müqayisədə 1992-ci ildə 4 dəfə artıb. Rüşvətxorluq deyəndə hamımız danışırıq. Bəli, rüşvətxorluq respublikanı başına alıb gedir. Lakin məhkəmədə baxılan rüşvət cinayətlərinin sayı 20 dəfə azalıb, baxmayaraq ki, hələ 4 dəfə artmalıdır. Bəs niyə azalır? Çünki vəzifəli şəxsləri yox, yetim-yesirləri verirlər məhkəməyə. Milyonçuların taleləri məhkəmədən kənarda həll olunur".

Prezident Əbülfəz Elçibəy Ali Məhkəmənin sədri Tahir Kərimlinin çıxışının məsuliyyətdən yayınmaq və günahı birbaşa dövlət aparatının üstünə atmaq ruhunu duyaraq onun nitqini yarımçıq kəsir.

Ə.Elçibəy: Sənə bir sualım var. Tutaq ki, on il bir adam pambıq zavodunun direktoru və yaxud ət kombinatının direktorudur. Bu, mafiozdur?

T.Kərimli: Mafiozdur.

Ə.Elçibəy: Bax, bu, xalqın fəlsəfi baxışıdır. Gözü ilə görür ki, bu, ət kombinatını on ildir basıb yeyir. Sən isə götürüb onu öz işinə bərpa edirsən. Sonra da deyirsən ki, hüquqşünasam. Sən hardansa sənəd tapıb ortaya çıxarda bilərsən, ancaq xalq görür ki, o, on ildir basıb yeyir. Qabağıma sənəd qoyursan ki, onun işində cinayət tərkibi yoxdur. Amma xalq görür ki, o, dağıdır e, dağıdır... Yubadırsız bu işləri. O, yubadır orda, bu yubadır burda. Sən də gəldin hakimiyyətə, nə bilim, hələ bundan sonra proletar balası da gəlsə hakimiyyətə dağıdır ki, dağıdır. Rayonu, ölkəni fırladır. Götürürsən bir dənə milis rəisi qoyursan, sonra görürsən ki, iki aydan sonra o da düşmən barmağında fırlanır. Bir az keçir, Xalq Cəbhəsindən birini qoyursan, iki ay sonra görürsən ki, o da fırlanır. İstəyirlər onu elə çevirirlər, istəyirlər belə çevirirlər. Bunu məgər sizin heç biriniz görmürsünüz?..

T.Kərimli: Millətin taleyi ilə oynamaq olmaz. Biz cəmiyyəti əzirik, yığılır feodal tipli köhnə insanlar. Cavanlarımız bir gün yığışır, iki gün yığışır, dinmir, dinmir, dinmir, dörd gündən sonra çıxır meydana deyir ki, sizin hamınızın başını kəsəcəm. Bu saat bütün icra hakimləri, nazirlər mənimlə düşmən olublar. Mən axı hakimə necə deyə bilərəm ki, milyoneri işə bərpa eləyirsən, qayıdıb mənə deyər ki, Pənah Hüseynov milyarderləri bərpa eləyir. Nazirlər Soveti bu gün milyarderlərdən ibarətdir. O adamlar ki, cinayətkardır və onlara qarşı biz mübarizə aparmışıq və indi də aparmalıyıq, onlar bu gün Nazirlər Sovetinə, dövlət aparatına yığışıblar... Xalqın gözü var axı. Xalq görür ki, nə baş verir. Axşama kimi oturub rüşvət davası, eşşəkqulu davası, inək davası, nə bilim, nə davası aparırlar...

Ali Məhkəmənin sədri Tahir Kərimli artıq "həddi" aşırdı. Şübhəsiz ki, Pənah Hüseynovun ardınca növbədə İsa Qəmbər, Əli Kərimov, daha sonra isə Əbülfəz Elçibəy barədə ittihamlar səslənəcəkdi. Buna görə də T.Kərimlinin çıxışını vaxt azlığını bəhanə gətirərək böyük xahiş-minnətlə yarıda saxlaya bilirlər. Növbəti çıxışçı milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzov idi.

Nazir çox qısa çıxışında "ümumi məsələlər barədə ümumi sözlər" ifadə edərək bildirdi ki, onun problem kimi gördüyü məsələlər ancaq məhdud auditoriyada səslənə bilər. Bununla belə, milli təhlükəsizlik naziri dövlət məmurlarının himayəsi altında baş verən cinayət faktlarının araşdırıldığını da müşavirə iştirakçılarının nəzərinə çatdırdı. "Azərbaycan ərazisindən tranzitlə Gürcüstana, oradan isə Ermənistana yüzə yaxın neft və neft məhsulları ilə dolu sisternlər göndərilməsi cəhdi aşkar edilmişdir. Respublikadan Ermənistana aparılan benzinin sahibləri adları ancaq kağızda olan müəssisələrdir". Fəxrəddin Təhməzov daha sonra 10-dan artıq belə fakt barədə müşavirə iştirakçılarına məlumat verərək bəyan edir ki, dövlət mənafeyinin əleyhinə və düşməni gücləndirməyə yönəlmiş bu cinayətkarlıq faktlarının arxasında "hakimiyyətdəki böyük əllər" dayanır.

Prezident Əbülfəz Elçibəy müşavirəni yekunlaşdırmağa ehtiyac duydu. Ölkəni ağuşuna alan xaosun miqyasının onun nəzərdə tutduğundan da böyük olduğunu və bütün bu fəlakətlərin yaranmasında bilavasitə öz məmurlarının fəal iştirak etdiyini müşavirənin gedişində bir daha təsdiqləməyə imkan tapan prezidentin, əslində, yekun sözü yox idi.

Bu, onun bir il ərzində Azərbaycana "bəxş" etdiyi məşəqqətlərin, xalqı məruz qoyduğu təhlükənin acı mənzərəsi idi. O, bir il idi ki, belə rüşvətxor, cinayətkar məmurlarla birlikdə bu dövləti quracağına özünü inandırmağa cəhd etsə də, faktlar göstərirdi ki, onlar müstəqil yox, kriminal Azərbaycan yaradıblar.

O, nə danışacağını, nədən danışacağını bir qədər götür-qoy edərək çox qısa və mücərrəd bir çıxış etdi: "Ola bilsin, mən bir az çığıra-çığıra danışdım. Ona görə xoş təsir bağışlamasam da, bağışlayın. Daha doğrusu, qışqırmaq sizin vəzifəniz idi, mən elədim. Bu azadlıq idealı uğrunda vuruşan millət bir də vətəndaş müharibəsinə düşə bilər, düşmən tələsinə düşüb dağıla bilər. Yenə də xalqın başına böyük faciələr gələ bilər. Bundan xilas olmağın bircə üsulu var. O da dövləti tezliklə qurmaq". Bəli, bu sözləri Azərbaycana bir il idi ki, rəhbərlik edən şəxs deyirdi. Prezident hakimiyyətinin yalnız birinci ildönümündə başa düşmüşdü ki, doğrudan da, dövləti dağıtmaq yox, qurmaq lazımdır.

Əbülfəz Elçibəy öz ampluasında idi: "Bizdə demokratiya anarxiya şəklini alıb. O qədər boşluqdur ki... Bir gün kabinetdə oturmuşdum. Gördüm ki, çöldən bir qadın səsi gəlir. Ardıcıl olaraq mənim adımı çəkir. 10 dəqiqə səsi kəsilmədi. Pəncərəni açdım. Onu gördüm. Yanıma çağırtdırdım. Bu, 8 uşağı olan bir qadın idi. Əri Yanvar faciəsində ölüb, oğlu Ağdərədə itkin düşüb. Bizim iqtidarda bu qadının dərdinə qalan bir məmur da tapılmayıb. Gəlib çıxıb mənim idarəmin qabağına. Cəmiyyətin faciəsi budur. Sizin hamınızın faciəsi budur. Bizim beynimizdə tarixən silinməz bir şey var. Allah haqqı, ana haqqı, Tanrı haqqı və əgər indi Tanrının haqqı tapdalanırsa, ananın haqqı tapdalanırsa, heç kəs xoşbəxt yaşaya bilməz. Görürsünüz, indi bizim cəmiyyət bədbəxt cəmiyyətdir. Səkkiz uşağı olan bir qadın düşüb küçələrə. Oturub çöllərdə "Elçibəy! Elçibəy!" qışqırırmış ki, heç olmasa onu bir adam eşitsin. Elə adamlar var ki, 9 uşaqla qalıblar suyun içərisində, boğulur, siçanlar, siçovullar gəmirir. Budur, haqqı, ədaləti və hüququ qorumağımız? Hüququ-haqqı qorumalıyıq, əgər vətən və millət idealı içərimizdə həkk olunmayıbsa belə, heç olmasa bir Tanrı qorxusu ilə, Allah qorxusu ilə haqqa xidmət etməliyik, hüquqa xidmət etməliyik. İndiki şəkildə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz. Müasir Azərbaycanda müstəqil Azərbaycan dövlətinin quruculuğu üçün yeni baxış lazımdır. Qoy fikirləşməsinlər ki, bu hakimiyyəti yıxmaq mümkündür. Əgər zorla qalmışıqsa, bizi heç kim yıxa bilməz. Bizi yıxmaq elə də asan deyil. Sağ olun".

Azərbaycan prezidenti Əbülfəz Elçibəy bu çıxışını edərkən 1993-cü ilin may ayının 25-i idi. İyunun 4-nə cəmi 10 gün qalırdı. Daha iki həftə sonra isə "bizi heç kəs yıxa bilməz" deyən bu Ali Baş Komandan "yun polkovnikinin" bir ultimatumunun ardınca dövləti Tanrının ümidinə qoyaraq heç ailəsini də götürmədən Bakıdan qaçdı və ucqar Kələki kəndində məskunlaşdı. O, bir də 4 il 6 aydan sonra Bakıya qayıtmağa özündə cəsarət tapa bildi. Digər məmurlar - İsa Qəmbər Heydər Əliyevin qayğısı ilə Surət Hüseynovun Gəncədəki həbsxanasından, nazirlər, müşavirlər, icra başçıları... yenə də bu qayğının nəticəsində "Azadlıq" meydanında qurulacaq dar ağacından qurtuldular. Hətta paytaxtda 4 il qadın parikində gəzən keçmiş baş nazir Pənah Hüseynov da əfv olundu. Əbülfəz Elçibəyin hakimiyyətinin bütün kadrları cinayətkar fəaliyyətlərinə baxmayaraq, Azərbaycanda siyasi həmrəylik və vətəndaş birliyinin yaradılması məqsədilə cinayət məsuliyyətindən azad edildilər.

Bu stenoqram xaos daşıyıcılarının cəmi birillik hakimiyyətləri dövründə Azərbaycanı nə cür məhv etmələri ilə bir daha tanış olmağa onların öz dilləri ilə imkan verdi. Elə yalnız bir müşavirənin materialları da kifayət edər ki, illər öncə bir-birilərini korrupsiyaya qurşanmaqda, Ermənistanla iqtisadi əlaqələrdə, cinayətkarlara himayədarlıqda ittiham edən keçmiş məmurların - bugünkü ifrat radikal müxalifət funksionerlərinin mahiyyətinə bələd olaq.

Əbülfəz Elçibəyin dövlət aparatını iflic vəziyyətinə salmaqda, xalqa divan tutmaqda, hüququ pula satmaqda... günahlandırdığı insanları tanımaq üçün oxucularımıza bir imkan da yaradırıq. 1993-cü ilin 7 iyununda Əbülfəz Elçibəyin yanında keçirilən müşavirənin  stenoqramları AXC-Müsavat funksionerlərinin xalqa qarşı hansı zorakı aksiyaları hazırlamaq, ölkədə nə cür despotik meyilləri yaratmaq, ordunu necə siyasi avantüraya çəkmək... "bacarıqlarını" tam nümayiş etdirir.

 

 

(Ardı var)

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2013.- 25 may.- S.10.