Şərq şeirinin gəncəli ilahəsi
Məhsəti
Gəncəvi-900
Prezident İlham Əliyevin 16 yanvar 2013-cü il tarixdə Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncamda deyilir: "Zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məhsəti Gəncəvinin ədəbiyyat tariximizdə özünəməxsus yeri var. Onun yaratdığı söz sənəti nümunələri insanı ucaldan yüksək bəşəri duyğular, nikbin ruh və dərin lirizmlə səciyyələnərək geniş şöhrət tapıb, sonrakı dövrlərdə bədii zövqün formalaşmasına mühüm təsir göstərib. Şairənin ədəbi şəxsiyyəti yaradıcı Şərq qadınının fikir və mənəvi azadlığının parlaq təcəssümü kimi Qərb şərqşünaslarının əsərlərində çox yüksək dəyərləndirilib". Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyi UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına da daxil edilib.
Söz tariximizin ən görkəmli ustadlarından olan Məhsəti Gəncəvi XII yüzilliyin təkcə Azərbaycan ədəbiyyatına deyil, ümumiyyətlə, Şərq poeziyasına bəxş etdiyi çox məşhur simalardan biridir. Tədqiqatçılar hələ də dəqiq araşdıra bilməyiblər ki, Məhsəti Gəncəvidən öncə də qadın şair olub, ya yox. Bir məsələ dəqiqləşib ki, ondan əvvəl də, sonra da deyilmiş sözlərin, çağırılmış bayatıların, yazılmış rübailərin ən gözəli, ən təsirlisi, ən unudulmazı məhz Məhsəti Gəncəviyə məxsusdur. Bu fikrin də bir sadə səbəbi var: Məhsəti Gəncəvinin qəlbindən qopan poetik düşüncələr onun zərif duyğularının, həssas qadın qəlbinin töhfələridir. İllərdir dillər əzbəri olan, insan ömrünün poetik hesabatını xatırladan rübaisi öz dəyərini saxlamaqdadır:
Dün kaşı kuzəmi daşlara çaxdım,
Sərxoşdum bilmədim əlimdən saldım.
Kuzə dilə gəlib dedi ki, mən də
Sənin kimi idim, bu günə qaldım.
Məhsəti Gəncəvi 1089-cu ildə Gəncə
şəhərində doğulmuş, ömrünün sonuna
kimi burada yaşamışdır. Tədqiqatçıların
verdiyi məlumata görə, onun əsl adı Mənicə
idi. Məhsəti adını isə
özünə ədəbi təxəllüs kimi
götürmüşdü. Doğrudur, həmin
təxəllüsün mənşəyi barədə bir
neçə rəvayət məlumdur. Amma
əsas məsələ odur ki, bu adın yanında bir kəlmənin
- Gəncəvi sözünün olması da Məhsəti
xanımın yeri, yurdu, vətəni haqqında bir vizit
kartıdır. Məhsəti Gəncəvi bəlkə də yeganə
şairdir ki, onun haqqında çoxlu əfsanələr, rəvayətlər,
nağıllar, dastanlar uydurublar. Bəzən
də insanlara elə gəlir ki, Məhsəti Gəncəvi əfsanəvi
bir şəxsiyyət, uydurulmuş obrazdır. Məhsəti bizim o sənətkarlarımızdandır
ki, onun poetik yadigarlarının coğrafiyası çox
genişdir. Rübailəri, şeirləri
sərhədlər aşıb. Rübailəri
müxtəlif dillərə - alman, fransız, ingilis, italyan,
rus lisanında yayılıb. Təəssüf
ki, uzun müddət şəxsiyyəti və ədəbi
irsi arzuolunan səviyyədə tədqiq edilməyib.
Böyük şairin həyatı barədə məlumatlar əsasən
əlyazma nüsxələri şəklində Azərbaycan
Əlyazmalar İnstitutunda, İstanbul və Londondakı muzeylərdə
var. Azərbaycan ədəbiyyatşünaslarının son tədqiqatları
göstərir ki, XII əsrdə yaşamış bu şair
haqqında dövrünün tarixçi alimləri, hətta
salnaməçilər öz əsərlərində real
faktlar söyləyiblər. "Məhsəti və
Əmir Əhməd" dastanı əslində bu məşhur
şairlə ona aşiq olmuş Əmir Əhməd
haqqındadır. Bu dərin sevdanın
sonu nikahla tamamlanıb. Onların iki
övladı da olub. Əmir Əhməd
uzun müddət Gəncənin xətibi olub. O, Məhsətidən
əvvəl rəhmətə gedib. Könül
sirdaşının ölümünə dözə bilməyən
Məhsəti Gəncəvi bu fəraqdan çoxlu göz
yaşı töküb. Nəticədə
gözləri tutulub. Bu ayrılıq cəmi
iki ay çəkib. Həm dastandan, həm
də tədqiqatçıların yazdıqlarından məlumdur
ki, Məhsəti Gəncəvinin qəbri Şıx
düzü deyilən yerdə - Nizami Gəncəvinin qəbrinin
yanındadır. 1923-cü ilin noyabr ayında Tiflisdə
nəşr olunan "Yeni fikir" qəzetinin 206-cı
sayında dərc edilmiş "Nizami Gəncəvinin qəbri"
adlı məqalədə belə bir fakt verilib ki, Nizami Gəncəvinin
qəbrinin ətrafında qazıntı işləri
aparılarkən yanında bir qadın qəbrinin də
olduğu üzə çıxıb. "Bu, kimin məzarı
ola bilər" məsələsi ətrafında
müxtəlif fikirlər, fərziyyələr dolaşıb.
Kimi bu qəbrin Nizami Gəncəvinin həyat
yoldaşına, kimi də qızına məxsus olduğunu
fikirləşib. Halbuki Nizaminin qızı
olması barədə məlumat yoxdur. Amma
tarixçilərin təzkirələrində, eləcə də
başqa əlyazmalarda Məhsəti Gəncəvinin qəbrinin
Nizaminin yanında olduğu qeyd edilib. İstər-istəməz
düşünməyə məcbur olursan. Ermənilər bizim qədim torpaqlarımıza
xaç işarəli daşlar basdırıb, sonra da
"aşkarlayıb" "bura bizimdir" - deyirlər.
Biz isə yazılmış, təsdiqlənmiş,
əsrlərin dizini qatlayaraq bugünə qədər gəlib
çıxmış məlumatları, mesajları
qulaqardına vururuq. Fikirləşirsən ki, nə
olaydı, bu gün Gəncədə Nizami məqbərəsinin
yanında elə Məhsəti Gəncəvinin məqbərəsi
də ucalaydı... Azərbaycan
poeziyasının qoşa səməndəri kimi.
Məhsəti Gəncəvi haqqında ən sanballı
tədqiqat əsərini məhz ədəbiyyatşünas
alim Rafael Hüseynov yazıb. "Məhsəti - necə
varsa" adlanan kitabda oxuyuruq: "Məhsəti Xəyyamdan əvvəl
doğulub, ondan qabaq rübai yazmaqda məşhurlaşmış
və Nizamidən sonra vəfat etmişdir". Nizaminin
müasiri olan real tarixi şəxsiyyət Məhsəti Gəncəvi
son dərəcə yüksək poetik istedad sahibi idi. Onun rübailərində Bəlx, Mərv,
Nişapur, Herat şəhərlərinin adı çəkilir.
Tədqiqatlardan bəlli olur ki, gənclik
çağlarında bir neçə illik Gəncədən
ayrılan Məhsəti Gəncəvi bu şəhərlərdə
yazıb-yaratmışdır. Sonra yenidən
doğulduğu yurda dönərək ömrünün sonunadək
burada yaşamışdır. Məhsəti
Gəncəvi haqqında aparılan araşdırmalardan bəlli
olur ki, o, Gəncədə ən güclü şahmat
ustası olub. Maraqlıdır, onun mənəvi
varisi Xurşudbanu Natəvan da (XVIII əsrdə) Şuşada
ən gözəl şahmat bilicisi idi. Məhsəti
Gəncəvinin şahmat oynaması ilə bağlı
maraqlı məlumatlar da var. Bir dəfə Gəncə
şahı Məhsəti ilə şahmatda öz
gücünü sınayır, lakin uduzur. Sonra da Əmir Əhmədlə oynayır, yenə də
uduzur. Bu məğlubiyyətdən qəzəblənən
hökmdar əmr edir ki, Məhsətini öküz dərisinə
bürüyüb zindana atsınlar. Ancaq
altı gündən sonra yerli əyanların xahişi ilə
şairi azadlığa çıxarıb. Məhsəti
Gəncəvi şahın bu qərəz və zülmünü ifşa edən
şeirlər söyləyib. Onun bədahətən
şeir deməsi, təbiətin gözəlliklərinə, həyatın
təzadlarına rübailər söyləməsi bu zalım
şahın qəlbini yumşaldır, hətta ona at
bağışlayır. Başqa bir məlumatda
oxuyuruq ki, Məhsəti Gəncəvinin musiqi istedadı
yüksək olub. O, Gəncənin qızlarını
başına yığaraq onlara musiqi dərsi keçərmiş.
Qızlar ney, cəng, dəf
çalmağı öyrənər, oxuyar və rəqs edərmişlər.
Təzkirələrdə yazırlar ki, Məhsətinin
şərəfinə ziyafətlər təşkil edilərmiş.
Bu məclislərdə də mütləq cəngdə,
udda, bərbəddə, əbrişimdə, neydə və təmpurda
musiqilər ifa olunarmış. O dövrün musiqi sənəti
və mühiti ilə əlaqədar aparılan tədqiqatlarda
qeyd edilir ki, Məhsəti Gəncəvi gənclərə bu
sənətin sirlərini öyrədirmiş. Hətta
Nizaminin belə bir şerini də misal gətirirlər ki, o,
bu bədii müraciəti məhz Məhsəti Gəncəviyə
həsr edib:
Sənin
sənətin musiqi çalmaqdırsa,
Mən zil və bəm səsləri dinləmək istəyirəm.
Sürməli
kipriklərini yana dartma,
Bir ox at, gözləyirəm.
Məhsəti Gəncəvinin atası
ilahiyyatçı olub. Bu səbəbdən də yüksək ilahiyyat təhsili
alan Məhsəti Gəncəvi Azərbaycan
və müsəlman intibahının parlaq nümayəndəsi
idi. Bu xanım bir çox sənətdə
birincilik şərəfinə sahib olmuşdu. İlk məşhur Azərbaycan şairi, ilk şahmatçı
qadın, ilk görkəmli qadın musiqiçimiz, hətta bəziləri
onu ilk qadın bəstəkar da adlandırıblar. Tərcümeyi-halından və haqqında
yazılanlardan bəlli olur ki, o, rübailərini öz
musiqisi ilə çalıb-oxumağı da çox sevərmiş.
O, Gəncənin Xərabat məhəlləsində
yaşamışdır. Elə bir qonaqlıq,
musiqi və rəqs məclisi olmazdı ki, Məhsəti Gəncəvi
orada iştirak etməsin. Onun bu məhəllədə
yaşayan gənc sənətkarlara, dərzilərə,
qızıl axtaranlara, əyiricilərə, dulusçulara və
başqalarına həsr etdiyi şeirlər silsiləsi də
maraqlıdır. Özünün qabiliyyətindən,
daxili zənginliyindən, ustalığından xəbərdar
olan Məhsəti Gəncəvi əminliklə deyirdi:
Məhsətiyəm,
oldum gözəllərə tağ,
Hüsnümü vəsf edir Xorasan, İraq.
Gəncə
xətibinin oğlu, qıyma ki,
Yandırsın beləcə könlümü fəraq.
O, "xətib
oğlu" deyərkən həyat yoldaşı Əmir
Əhmədi nəzərdə tuturdu. Təəssüf
ki, rüzgar onların xoşbəxtliyini əllərindən
tez aldı. Bu ağrı-acıya dözə bilməyən
Məhsəti Gəncəvi öz ömür yolunun
nidasını belə dilə gətirdi:
Ey sarvan,
səfərə vermisən qərar,
Məni qoyub getmə, üzgün canım var.
Sənin
dəvələrin adi yük çəkir,
Qəm yükü çəkirəm, məni də
apar.
Bəzən Məhsəti Gəncəvinin rübailərini
Ömər Xəyyam məktəbinə aid edirlər. Amma bu fikirlə
qətiyyən razılaşmaq olmaz. Çünki
o, Ömər Xəyyamdan əvvəl doğulub, ondan öncə
rübailər yazaraq məşhurlaşıb. Deməli, bu ziddiyyətli məlumatların,
ehtimalların həqiqətlə əlaqəsi yoxdur. Məhsəti Gəncəvi məhz elə öz məktəbini
yaratmışdır. Əlbəttə, rübaidən
söz açmaq fars və türkdilli
şeirin minillik tarixini çevirmək deməkdir. Məhsəti Gəncəvidən əvvəlcə
də, sonra da yüzlərlə şairin rübaisi məlumdur.
Bəzi hallarda da Məhsətiyə məxsus
rübailər başqa şairlərə aid edilib. Sadəcə olaraq, şeirin məzmununa diqqət
verdikdə açıq-aşkar aydın olub ki, bu rübailər
də məhz Məhsəti Gəncəviyə aiddir. Belə yanaşma və təhlillərin
düzgün və dürüst aparılmasına səy
göstərən və buna da nail olan Rafael Hüseynov Məhsəti
yaradıcılığına, onun rübailərinə şərik
və ortaq axtaranların cavabını elə gəncəli
şairin öz misraları ilə verib. Hətta elə
rübailər var ki, eynilə gah Xəyyama, gah Nəsrəddin
Tusiyə, gah Mücirəddin Beyləqaniyə aid edilib. Amma
rübainin ruhu, ahəngi, yazılma tarixi sübut edib ki, bu, məhz
Məhsəti Gəncəvinindir:
Bir əlimiz
Quranda, bir əlimiz camdadır,
Gah halalın, gah da haramın yanındayıq.
Bu
göylərin (altında) nə püxtə, nə xam olan
bizik,
Nə mütləq kafir, nə də tamam müsəlmanıq.
Əlbəttə, min ilə yaxın bir müddətin çərçivəsində şairlərin əsərlərinin qarışıq salınması təbiidir. Yetmiş il sovet imperiyası altında yaşamağımız da klassiklərimizin doğru-düzgün aşkarlanmasına mane olub. Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilən sərəncama uyğun olaraq bu unudulmaz şəxsiyyətin ədəbi fəaliyyətinin dürüst araşdırılması, onun adına layiq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Ötən əsrin 80-ci illərində Gəncədəki "Xatirə bağı"nda bu bölgədə doğulmuş görkəmli sənətkarların bir çoxuna heykəllər qoyuldu. Məhsəti Gəncəvi də öz doğma yurdunda beləcə abidələşdi. Vaxtilə dövrün sərt küləkləri gəncəli şairin şeirlərini və ömür yolu haqqındakı məlumatları, əlyazmaları ölkə-ölkə, şəhər-şəhər yaydı. Məhsəti yaradıcılığı 900 ildir ki, öz cazibəsini saxlamaqdadır. Bu gün onun şəxsiyyətinin, irsinin dürüst tədqiq olunmalı, yaradıcılığının öyrənməli, təbliğ edilməli cəhətləri çoxdur. Onun təsiri altında təkcə Azərbaycan ədəbiyyatında deyil, həm də Şərq ədəbi dünyasında onlarca qadın şair yetişdi. Çoxları da Məhsəti kimi rübai yazmağa çalışdı. Oxucu ilə müəllif arasında olan bu 900 illik məsafə arasında Məhsəti şeirinin ənənələri davam etdi, onun yaratdığı ədəbi məktəb yaşadı. Şərq dünyasında Məhsətinin adı rübai ustası kimi şöhrətlənmiş Xəyyamla birgə çəkilir. Məhsətinin rübailərinə nəzirələr, bənzətmələr yazıldı. Bütün bunlardan sonra deyək ki, XII yüzillikdə dünyanın heç bir xalqının ədəbiyyatında "Məhsəti qüdrətli, Məhsəti səviyyəli və Məhsəti istedadlı bir qadın şair görünmür. Məhsəti yaradıcılığı məhəlli çərçivələri vurub keçən, bəşərin malı olan, sənət inciləri qələmə alan bir sənətkar kimi dünya ədəbiyyatındakı ən üstün şairlərdəndir" (R.Hüseynov). Həm klassik, həm də müasir olan Məhsəti Gəncəvi Şərq şeirinin gəncəli ilahəsi idi...
Flora
XƏLİLZADƏ,
Azərbaycan.-2013.- 25 may.- S.11.