Prezident İlham Əliyev Dağüstü parkda yenidənqurmadan

 sonra yaradılmış şəraitlə tanış olmuşdur

 

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Dağüstü parkında yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur.

Dövlət başçısı funikulyorla Dağüstü parka qalxdı.

Bildirildi ki, Dağüstü parkda aparılan yenidənqurma işləri nəticəsində paytaxt sakinləri və şəhərimizin qonaqları üçün daha bir istirahət məkanı istifadəyə verilir. Bu parkdan paytaxtımıza və Bakı buxtasına ecazkar mənzərə açılır. Məhz bu amil əsas tutularaq hələ XX əsrin 30-cu illərində Bakının baş planı hazırlanarkən burada salınacaq Dağüstü parkın paytaxtımızın ümumi kompozisiyasında mühüm əhəmiyyətə malik olacağı nəzərdə tutulmuşdu. Bu park uzun illər paytaxt sakinlərinin, şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından biri olmuşdur.

Diqqətə çatdırıldı ki, bu gün Bakıda yenidənqurma və abadlıq işləri sürətlə davam etdirilir. Nəticədə şəhər daha da gözəlləşir. Bununla əlaqədar Bakının ən yüksək hissəsində yerləşən Dağüstü parkın da yenidən qurulması qərara alınmışdı. Ötən il başlanılan yenidənqurma işlərindən sonra bu park yeni görkəm alaraq göz oxşayan məkana çevrilmişdir. Park yenidən qurularkən relyef müxtəlifliyindən məharətlə istifadə olunmuşdur. Görülən işlər və meydançaların əlverişli yerləşdirilməsi Bakı buxtasına valehedici mənzərə açılmasına şərait yaradır. Prezident İlham Əliyev burada aparılan yenidənqurma tədbirlərini daim diqqət mərkəzində saxlamış, işlərin gedişi ilə yerindəcə tanış olmuş, müvafiq tapşırıqlarını vermişdir. Memarlıq baxımından zövqlə qurulan xiyabanterraslar bir-biri ilə pilləkənlərlə əlaqələndirilir, meydançalar isə doğma Xəzərimizin panoramını daha geniş nümayiş etdirir. Şəhərin Azneft meydanını Dağüstü parkla funikulyor birləşdirir. İndi bu park paytaxtın ən gözəl istirahət yerlərindən birinə çevrilmişdir.

Məlumat verildi ki, burada əsaslı təmir işləri ən yüksək səviyyədə görülmüş, parkın ərazisi tamamilə yenidən qurulmuşdur. Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən Dağüstü park, ilk növbədə, paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Müasir tələblər səviyyəsində qurulan və paytaxtın bu hissəsinin görkəminə xüsusi yaraşıq verən parkda yeni yollar və cığırlar salınmışdır. Burada quraşdırılan yeni şəlalə parka füsunkar görünüş verir. Parkda yaşıllaşdırma işləri aparılmış, köhnə ağaclar saxlanılmaqla yeni dekorativ bitkilər əkilmişdir. Müasir işıqlandırma sistemi parkın gözəlliyini daha da artırır.

Prezident İlham Əliyev Dağüstü parkdakı İstiqlal Muzeyinin binası ilə də tanış oldu.

Dövlət başçısı 2011-ci il avqustun 2-də Bakı şəhərində İstiqlal Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdı. Bundan sonra bu istiqamətdə görülən işlər daim Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur.

Prezident İlham Əliyev sonra Dağüstü parkdan Bakının mənzərəsini seyr etdi.

Vurğulandı ki, Dağüstü parkda inşa olunmuş kafedə müştərilərə yüksək xidmət göstəriləcəkdir. Binanın yuxarı mərtəbəsindən paytaxt Bakının və Xəzərin mənzərəsini müşahidə etmək mümkündür. Belə istirahət məkanlarının istifadəyə verilməsi artıq Bakının simasının günbəgün dəyişdiyini, şəhərdə həyata keçirilən sosial infrastruktur layihələrinin miqyasının genişləndiyini bir daha təsdiqləyir.

Dövlət başçısı kafedə yaradılmış şəraitlə maraqlandı, binadan ətrafı seyr etdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 26 may.- S.1.