Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının VIII konfransı keçirilmişdir

 

Mayın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının VIII konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, təşkilatın sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı gündəliyi elan edərək demişdir ki, konfransda partiyanın mərkəzi aparatında qəbul edilmiş təlimata əsasən YAP-ın V qurultayına hazırlığın vəziyyəti müzakirə olunacaq, Seçki Məcəlləsinə uyğun olaraq seçki qərargahı yaradılacaq, qurultaya nümayəndələr seçiləcəkdir.

Təşkilatın VII qurultayından ötən dövr ərzində görülən işlər barədə məlumat verən M.İbrahimqızı qarşıda duran vəzifələrdən də danışmışdır.

Bildirilmişdir ki, cari il bir sıra mühüm əhəmiyyətli tədbirlərlə zəngindir. Ən vacibi isə bu il keçiriləcək prezident seçkiləridir. YAP qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı böyük işlər görür. Partiyanın hazırladığı seçki proqramına uyğun olaraq bütün rayon və şəhər təşkilatlarında ciddi işlər aparılır. YAP-ın seçki kampaniyasının uğurunu təmin edəcək həlledici amil partiyamızın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsidir. Bütün proseslərin təhlili göstərir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir və seçkilərə qalan müddət azaldıqca, Azərbaycan cəmiyyətində İlham Əliyevin namizədliyinin dəstəklənməsi əhval-ruhiyyəsi özünü daha aydın şəkildə göstərir.

YAP Nəsimi rayon təşkilatı bundan əvvəlki seçkilərdə olduğu kimi, növbəti kampaniyaya da ciddi şəkildə hazırlaşır və bütün resurslarını seçki kampaniyasının daha uğurlu şəkildə həyata keçirilməsinə səfərbər edəcəkdir.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev çıxış edərək ölkədə və dünyada baş verən proseslərdən, Azərbaycanın sürətli inkişafından danışmışlar. Ölkəmizin dünyada artan nüfuzunun məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğu xüsusi vurğulanmışdır.

Sonra prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər geniş müzakirə olunmuş, YAP Nəsimi rayon təşkilatının nəzdində yaradılmış seçki qərargahının üzvləri seçilmişdir.

Daha sonra YAP Nəsimi rayon təşkilatından partiyanın V qurultayına nümayəndələr seçilmişdir.

 

Azərbaycan.- 2013.- 26 may.- S. 2.