Müstəqillik yolu
çətin, lakin şərəfli və
uğurlu olub
Azərbaycan
Xalq Cümhuriyyəti-95
28 may Azərbaycan Xalq Cümhuriyyətinin ilk bünövrə daşlarının qoyulduğu, hər bir Azərbaycan vətəndaşının qəlbini milli qürur hissi ilə dolduran, xalqımızın azadlıq və müstəqillik naminə mübarizə tarixinə qızıl hərflərlə həkk olunmuş şərəfli bir gündür.
O gün keçmiş Qafqaz canişininin iqamətgahı əsl bayram libasına bürünmüşdü. Həmin gün orada doktor Həsən bəy Ağayevin sədrliyi, xalqımızın görkəmli şəxsiyyətlərinin və dövlət xadimlərinin iştirakı ilə Azərbaycan Milli Şurasının təntənəli yığıncağında uzun qərinələr boyu əzab burulğanında çırpınan məmləkətimizin ilk istiqlal bəyannaməsi qəbul edilirdi. Həmin gün Şərqdə ilk dəfə olaraq azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı elan olundu. Şura üzvləri bəyannaməni ayaq üstə, sevinc içərisində qəbul etdilər. Həmin andan etibarən Azərbaycanın bütün guşələrində ilk müstəqillik bayrağımız dalğalanmağa başladı. Qısa vaxt ərzində Azərbaycanın dövlət rəmzlərinin atributları qəbul edildi, dövlət sərhədləri müəyyən olundu, vətəndaşların hüquq bərabərliyinin təminatı, ana dilinin dövlət dili elan edilməsi, həmçinin milli dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahəsində mühüm addımlar atıldı. Ancaq təəssüflər olsun ki, qan bahasına əldə edilən müstəqillik uzun çəkmədi. Azadlıq və xoşbəxtlik rəmzi olan milli bayrağımız cəmi 23 ay dalğalandı. Sonra uzaq şimaldan əsən qara küləklər onu imperiyanın qan rəngli bayrağı ilə əvəzlədi. Lakin bu, polad dözüm sahibi olan xalqımızın mətin iradəsini sarsıda bilmədi. Xalqımız başını dik tutub gələcəyə doğru inamla addımladı. Çünki bu torpaq tarix boyu müdrik insanlar, mərdanə oğullar məmləkəti olub.
1918-ci ildə ilk müstəqillik bayrağımız dalğalanan günədək beş min illik əzablı bir yol keçib Azərbaycan. Əgər vaxtilə parçalanmasaydıq bu gün 60 milyonluq nəhəng bir ölkə kimi təşəkkül tapa bilərdik Yer kürəsində. İndi ölkəmizdə 9 milyon qalmışıq. İmperiyanın zülmündən baş götürüb 70 məmləkətə pənah aparıb əksəriyyətimiz. 2 milyon 500 min kvadratkilometr ola bilərdi Azərbaycan deyilən bu ulu məmləkətin ərazisi. Sonra 1920-1930-cu, 1937-1938-ci və 1947-1953-cü illərdəki ağır deportasiyalar, sürgünlər... O faciəli illərdə Orta Asiyanın və Qazaxıstanın odlu səhralarında ağır məhrumiyyətlərə düçar oldu yüz minlərlə günahsız qan qardaşımız. Qaranlıq zindanlarda, qarlı Sibir düzlərində buz heykəllərə döndü nə qədər müdrik oğullarımız. 1920-ci ildə ilk müstəqilliyimiz əldən çıxdıqdan sonra 1991-ci ilədək imperiya bayrağı altına sığınmaq məcburiyyətində qaldıq. Lakin öz haqq yolumuzdan dönmədik. Libasımızı dəyişsək də, məslək və əqidəmizi dəyişmədik. Ruh düşkünlüyünə qapılmadıq. 71 il ərzində Azərbaycan böyük zəfər yolu keçdi.
Qısa bir zaman çərçivəsində orta və ali təhsil ocaqlarını, elm və bilik məbədlərinin nəhəng şəbəkəsini yaratdı. İşıqlı zəkalar, müdrik beyinlər, misilsiz istedadlar beşiyinə döndü, zəif aqrar ölkədən güclü sənaye ölkəsinə çevrildi respublikamız. "Neft daşları" kimi nəhəng bir dəniz şəhəri yarandı mavi Xəzərin qoynunda, polad estekadalar üstə. 1945-ci ildə Elmlər Akademiyası kimi qüdrətli bir elm məbədinin əsası qoyuldu ölkəmizdə. Bəli, o dövrdəki uğurlarımız saymaqla tükənən deyil. Ancaq nə fayda ki, taleyimiz özgələr əlində idi. Əgər 71 ildə qazandığımız o böyük uğurlar olmasaydı, bəlkə də SSRİ deyilən qondarma qurumun dağılış prosesi ərəfəsində ölkənin məşhur mütəxəssisləri - "Əgər Sovet İttifaqı süquta uğrasa respublikalar arasında yalnız ikisi-Rusiya və Azərbaycan iqtisadi nöqteyi-nəzərdən müstəqil yaşaya bilər" - deyə bilməzdilər. Və bu uğurlar ilk növbədə 1969-cu ildə hakimiyyət kürsüsünə qalxmış qüdrətli şəxsiyyətin- Heydər Əliyevin titanik zəhmətinin, siyasi uzaqgörənliyinin, xalqı öz ətrafında vahid bir əqidə bayrağı altında birləşdirmək bacarığının nəticəsi idi.
Azərbaycan ötən əsrin ikinci onilliyinin əvvəlində itirdiyi müstəqilliyini əsrin sonuncu onilliyinin əvvəlində - 1991-ci ildə yenidən tapdı. Lakin dövlət müstəqilliyimizin ilk üç ilində dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hərc-mərclik və hakimiyyətsizlik baş alıb gedirdi. Sənaye və kənd təsərrüfatı istehsalının səviyyəsi günbəgün azalır, manatın məzənnəsi sürətlə aşağı düşür, çörək və digər ən zəruri ərzaq məhsulları üçün uzun növbələr yaranır, vaxtilə tam gücü ilə işləyən nəhəng müəssisələrin qapılarından qara qıfıllar asılır, minlərlə təcrübəli mütəxəssis öz iş yerləri ilə vidalaşmaq məcburiyyətində qalırdı. Respublikanın bölgələrində separatçılıq əhval-ruhiyyəsi güclənir, insanlar təqiblərə məruz qalır, hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verirdi. Bir tərəfdən də erməni silahlı dəstələrinin ölkədəki hakimiyyətsizlikdən istifadə edib Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğala məruz qoymaları respublikamızı və xalqımızı çıxılmaz vəziyyətdə qoymuşdu. Azərbaycanın əsl müstəqilliyi 1993-cü ildən Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı. Yeri gəlmişkən qeyd edək ki, Heydər Əliyev hələ keçmiş Sovetlər Birliyində ali vəzifə kürsüsündə olduğu vaxt Azərbaycanın müstəqil, suveren bir dövlət kimi öz daxili imkanları hesabına yaşamaq iqtidarında olduğunu müəyyənləşdirmiş və gələcəkdə azad, demokratik dövlət quruculuğunu öz inkişaf fəaliyyəti üçün başlıca istiqamət seçmişdi. Təsadüfi deyil ki, ulu öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra müstəqil Azərbaycan Respublikasının inkişaf istiqaməti haqqında danışarkən qətiyyətlə deyirdi: "Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik, hüquqi cəmiyyət qurmaq yoludur". Məhz onun sistemli şəkildə həyata keçirdiyi fundamental dəyişikliklər sayəsində qısa bir zaman çərçivəsində atəşkəsə nail olundu. Azərbaycanı parçalamaq ehtirası ilə qovrulan separatçı qüvvələrin, dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı qətiyyətlə alındı. Ölkədə güclü qanunverici baza yaradıldı. Siyasi, iqtisadi, hüquqi, demokratik islahatlar həyata keçirildi, onun təsisatları yarandı və bu islahatlar həyatın bütün sahələrində ölkənin tərəqqisinə güclü təkan verdi. Gəlin açıq etiraf edək ki, heç bir dövlət torpaqlarının 20 faizi düşmən tapdağında olan, əhalisinin hər 9 nəfərdən biri qaçqın və məcburi köçkünə çevrilən, hər an dəhşətli hücum təhlükəsi qarşısında qalan bir ölkəyə daxil olub, onunla iqtisadi əlaqələr qurmağa, oraya güclü sərmayələr yatırmağa özündə cəsarət tapmazdı. Ancaq dünyanın ən nəhəng şirkətləri heç nədən çəkinməyərək Azərbaycana böyük inamla qədəm qoydular. Bu inamın banisi öz ölkəsini və xalqını qorumaq iqtidarına malik olan Heydər Əliyev idi. O qüdrətli şəxsiyyət 1994-cü ilin sentyabrında planetimizin ən nəhəng şirkətləri ilə "Əsrin müqaviləsi"ni imzalamaqla ölkəyə uğur gətirən yeni neft strategiyasını həyata keçirməyə başladı. Həmin müqavilə regionda Azərbaycanın geostrateji mövqeyini xeyli gücləndirdi, dünyanın aparıcı dövlətləri ilə əlaqələrinin daha da möhkəmlənməsinə güclü təkan verdi. Bu, ölkəmizin müstəqil dövlət kimi siyasi və iqtisadi diplomatiya sahəsində manevr etmə imkanlarını genişləndirdi, iqtisadi böhrandan hələ xilas olmamış məmləkətimizə xarici investisiyaların cəlb edilməsi yolunda yaşıl işıq yandırdı. "Əsrin müqaviləsi" sözün əsl mənasında müstəqilliyimizin toxunulmazlığının və əbədiyaşarlığının təsdiqi idi. Həmin beynəlxalq layihə bu gün məhsulları dünyanın onlarca ölkəsinə ixrac edilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin polad bünövrəsi oldu. Hazırda bu kəmərlərlə Azərbaycandan əcnəbi ölkələrə neft və qaz, əvəzindəsə həmin ölkələrdən respublikamıza valyuta axmaqdadır. 400 ildən bəri öz fəaliyyətini dayandırmış Böyük İpək Yolunun yenidən dirçəldilib, dünya xalqlarının böyük ticarət vasitəsinə çevrilməsinin, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin işə salınmasının da ilk ideya müəllifi və təşkilatçısı Heydər Əliyev oldu.
Məhz ulu öndərin iqtisadi siyasəti ilə Azərbaycanda müasir bazar iqtisadiyyatına uyğun yeni münasibətlər formalaşdırıldı. Sahibkarlığa geniş meydan verildi. Kəndli öz halal torpağının əsl sahibinə çevrildi. Özəlləşdirmə proqramının uğurla həyata keçirilməsi sayəsində iqtisadiyyatda və kənd təsərrüfatında tənəzzülə son qoyuldu. Qiymətlər liberallaşdırıldı. SSRİ dövründən qalma köhnə bank, maliyyə, vergi sistemlərinin yeniləşdirilməsı nəticəsində inflyasiyanın ömrünə son nöqtə qoyuldu. Bu gün MDB ölkələri arasında inflyasiyanın ən aşağı həddinin və məhsul istehsalında ən yüksək artımın Azərbaycanda olması da müstəqillik illərində qazandığımız nailiyyətlərin əyani sübutudur. Avropanın humanist və demokratik dəyərlərinə inteqrasiya yolu tutan Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olub, onun tam hüquqlu üzvləri arasında öz layiqli yerini tutdu, ölkəmizin NATO, Avropa Birliyi və dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatların işində yaxından iştirakı, çoxsahəli əməkdaşlığın qurulması, TRASEKA layihələrinin uğurla həyata keçirilməsi, dövlətlərarası əməkdaşlıq müqavilələrinin bağlanması müstəqillik yolları ilə inamla addımlayan Azərbaycanın əbədiyaşarlığına xidmət edən dəyərli işlərdir.
Əsası ümummilli liderimiz tərəfindən qoyulmuş demokratik və dünyəvi dövlət quruculuğu və sosialyönümlü bazar prinsiplərinə əsaslanan iqtisadi siyasəti artıq 10 ilə yaxındır ki, Heydər Əliyev siyasi kursunun sədaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Onun fədakar zəhməti sayəsində artıq bölgədə lider dövlətə çevrilmiş Azərbaycan dünya iqtisadi sisteminə inamla inteqrasiya etməkdədir. Son illər ölkədə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, işsizliyin sürətlə aradan qaldırılması, saysız-hesabsız sənaye və kənd təsərrüfatı müəssisələrinin inşası, infrastrukturun yenidən qurulması istiqamətində mühüm dövlət proqramlarının həyata keçirilməsi müsbət nəticələr verib. Bunu rəqəmlər də sübut edir. 2003-cü ildən bəri ölkədə ümumi daxili məhsul 3 dəfə artıb. Qeyri-neft sektorunda da böyük uğurlara imza atılıb. Son 9 il ərzində Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötüb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə enib. İşsizlik 5,2 faizə qədər azalıb. 2003-2012-ci illərdə iqtisadiyyatımıza 128,3 milyard dollar investisiya yönəldilib ki, bunun da yarıdan çoxu daxili investisiyadır. İnamla demək olar ki, Azərbaycan son 10 ildə bəzi ölkələrin heç 100 ildə belə keçə bilmədiyi şərəfli bir yol keçib. Bu qısa zaman çərçivəsində tariximizdə heç vaxt müşahidə olunmayan böyük tikinti, quruculuq, abadlıq işləri görülüb. Rayonlarımız öz simasını kökündən dəyişib. Respublikamızda elm, təhsil, səhiyyə, idman mərkəzlərinin nəhəng bir şəbəkəsi yaranıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilib. Prezident İlham Əliyevin gərgin fəaliyyəti sayəsində Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv qəbul olunması, ötən ilin mayında həmin Şuraya sədrlik etməsi ölkəmizin tarixinə şöhrət gətirən və hər bir azərbaycanlının qəlbini qürur hissilə dolduran ali məqamlardır. Ölkəmizin peykinin səmaya buraxılması da Azərbaycanın inkişaf modelinin ən böyük göstəricilərindən biri kimi dəyərləndirilməlidir. Fərəhlidir ki, vaxtilə öz iqtisadiyyatını dirçəltmək üçün xarici investisiyalara möhtac olan Azərbaycanın özü bu gün digər ölkələrin iqtisadiyyatına investisiya qoyan bir ölkəyə çevrilib. Bu gün regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Son 9 il ərzində xarici ticarət dövriyyəsinin 6,4 dəfə artması da iqtisadi inkişafın Azərbaycan modelinin banisi olan İlham Əliyevin səmərəli fəaliyyətinin nəticəsidir. O iqtisadi inkişaf modeli ki, ölkəmizdə uğurla həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının özəyidir. Azərbaycanın iqtisadi tərəqqi zirvələrinə doğru irəliləyişinin əsas təkanverici qüvvəsidir, müstəqilliyimizin, xoşbəxtlik və firavanlığımızın qarantıdır.
Zeynal VƏFA,
Azərbaycan.- 2013.- 26 may.- S. 3.