Qəbələdə üçüncü
Azərbaycan-Gürcüstan-Türkiyə biznes
forumu keçirilmişdir
Mayın 25-də Qəbələdə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin, İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Gürcüstanın "Invest in Georgia" Milli İnvestisiya Agentliyinin və Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) təşkilatçılığı ilə Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilmişdir.
AzərTAc xəbər verir ki, forumda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili, Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akınçı və digər rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, kənd təsərrüfatı, İKT, turizm, nəqliyyat, xidmət, ticarət və s. sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak etmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev biznes forumun üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını qeyd etmişdir. O vurğulamışdır ki, regional inteqrasiyanın inkişaf etdirilməsi və dərinləşdirilməsi bu gün dünyada yaşanan maliyyə, iqtisadi və sosial böhranın mənfi təsirlərinə qarşı yüksək dayanıqlıq nümayiş etdirilməsində, regionun imkanlarından daha səmərəli istifadə olunmasında, eləcə də ölkələrimizin davamlı sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan-Türkiyə-Gürcüstan siyasi-iqtisadi əməkdaşlığının genişlənməsi hər üç ölkə, bütünlükdə isə region üçün olduqca önəmlidir. Nazir Şahin Mustafayev ölkə rəhbərlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, bu gün dövlətlərimiz arasındakı əməkdaşlığın dünyada örnək olduğunu vurğulamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli formatda təşkil olunan Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumları ölkələrimiz arasında strateji tərəfdaşlığın daha bir göstəricisidir. Nazir qeyd etmişdir ki, Azərbaycan, Türkiyə və Gürcüstan biznes forumu artıq 3-cü dəfədir ki, təşkil edilir, bundan əvvəl Tbilisi və Qars şəhərlərində keçirilmişdir. O, növbəti biznes forumun Batumi şəhərində keçiriləcəyini bildirmişdir.
Nazir forum iştirakçılarının diqqətinə çatdırmışdır ki, dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı hörmət və maraq, xalqlarımız arasında tarixən mövcud olan qardaşlıq və dostluq münasibətləri, hər üç ölkənin iqtisadiyyatında müşahidə edilən davamlı inkişaf, makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti, ölkələrimizin əlverişli coğrafi mövqeyə və böyük tranzit imkanlarına malik olması Azərbaycan, Türkiyə və Gürcüstanın uğurlu regional əməkdaşlığını şərtləndirən başlıca amillərdir.
Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, "Azərbaycan-Gürcüstan-Türkiyə Enerji Körpüsü" layihələrinin və digər transmilli layihələrin iştirakçısı olan ölkələr siyasi, maliyyə-iqtisadi, sosial dividendlər qazanır, nəinki regionda, eləcə də beynəlxalq müstəvidə nüfuzlu tərəfmüqabil qismində çıxış edirlər. Azərbaycanın və Orta Asiya regionunun enerji resurslarının Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarına nəql edilməsi, ölkələrimizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaması regionun əhəmiyyətini daha da artırır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya və Avropa arasında nəqliyyat dəhlizinin yaradılması istiqamətində strateji rol oynayacaqdır.
Nazir Şahin Mustafayev Azərbaycan, Gürcüstan və Türkiyə arasında ticarət əlaqələrinin, qarşılıqlı investisiya fəaliyyətinin dərinləşdiyini vurğulamışdır.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili çıxışında Gürcüstan, Azərbaycan və Türkiyə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və biznes forumun iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayacağına əminliyini bildirmişdir.
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan dost ölkələrimizin iştirakı ilə növbəti biznes forumun Qəbələ şəhərində keçirilməsindən məmnunluğunu ifadə etmiş, bu forumun Azərbaycan-Türkiyə-Gürcüstan dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu demişdir. Zəfər Çağlayan qonşu ölkələr arasında mövcud iqtisadi əlaqələrin daha da genişlənməsi imkanları barədə də məlumat vermiş və üçtərəfli əməkdaşlığın regionun inkişafında faydalı olacağını bildirmişdir.
Türkiyəli nazir bir daha vurğulamışdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Türkiyə bu ölkə ilə diplomatik və iqtisadi əlaqələr qurmayacaqdır. Türkiyə daim qardaş Azərbaycanı dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.
Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, regional iqtisadi əməkdaşlıq perspektivlərinə, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov sənaye parkının yaradılması istiqamətində görülən işlərə və sənaye parkının perspektivlərinə, Gürcüstanın Milli İnvestisiyalar Agentliyinin direktoru Giorgi Pertaya ölkəsinin investisiya imkanlarına dair təqdimatlarla çıxış etmişlər.
Türk-Gürcü İşadamları Birliyinin sədri Tuğrul Erkin və Türk-Azərbaycan İşadamları Birliyinin sədri Cengiz Gül çıxışlarında iş adamları arasındakı əlaqələrin genişləndirilməsi və rəhbərlik etdikləri qurumların bu sahədə gördüyü işlərə dair məlumat vermişlər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir. Görüşlərdə sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Biznes forum çərçivəsində hər üç ölkənin iqtisadiyyat nazirləri arasında ikitərəfli görüşlər də keçirilmişdir.
Üçtərəfli
biznes forumun iştirakçıları Qəbələdəki
bir sıra istehsal müəssisələrinin fəaliyyəti, eləcə də
rayonun turizm imkanları ilə tanış olmuşlar.
Azərbaycan.- 2013.- 26 may.- S. 3.