Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstanın iqtisadiyyat nazirlərinin görüşləri keçirilmişdir

 

Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu çərçivəsində mayın 25-də hər üç ölkənin iqtisadiyyat nazirlərinin ikitərəfli görüşləri keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili arasında keçirilən görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, Azərbaycanda yaradılan sənaye parklarında Gürcüstan şirkətlərinin iştirakı, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı turist səfərlərinin təşkili, investisiya mühiti və layihələrə dair məlumat mübadiləsinin aparılması, adamlarının iştirakı ilə sərgi və yarmarkaların təşkili, digər məsələlərə dair müzakirələr aparılmışdır.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanın görüşündə isə ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilmişdir. Üçtərəfli formatda biznes forumların və görüşlərin strateji əməkdaşlığın, mehriban qonşuluq və qardaşlığın göstəricisi olduğu vurğulanmışdır. Görüşdə sənaye parklarının yaradılması istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsi, ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, eləcə də qida məhsullarının istehsalı sahəsində iki ölkə şirkətləri arasında əməkdaşlıq, üçüncü ölkələrdə birgə müəssisələrin yaradılması imkanları, tekstil, turizm və digər sahələrdə işbirliyinin inkişafı məsələləri müzakirə edilmişdir.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili və Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan arasında keçirilmiş görüşdə ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.- 2013.- 26 may.- S. 3.