Gözəllikdən doymur ürək

 

Dolayları, döngələri burula-burula Əsrik vadisi boyunca neçə-neçə kəndi keçdik, dərələri adladıq, yamaclara, ormanlara qalxdıq. Azarlı, Bayramlı, Koxanəbi, Çataq, Əsrik Cırdaxan, Böyük Qışlaq, Çeşməli kəndləri arxada qaldı. Uca bir zirvədə dayanıb məxməri meşələrə, zümrüd bulaqlara, yalçın qayalara, şırhaşır kükrəyən şəlalələrə baxırıq.  Təbiətin səxavətinə söz ola bilməz! Şair demiş, gül gülü çağırır, bülbül bülbülü. Gözəllikdən doymur ürək. Amma bizi heyran edən öncə oradakı ağacların saflığı, salamatlığıdır. Bircə yerdə nə bir kötük gördük, nə bir quruyan, kəsilən, yıxılan, zədə alan ağac.

Bir sıra bölgələrdə viran qalan sahələrə bələd olduğumuza görə Tovuzun yad nəfəs dəyməmiş meşələri adamın qəlbini dağa döndərir. Baxdıqca qeyriixtiyari düşünürsən: necə olur ki, bu yerlərdə meşələr belə salamat qalıb? Təbii sərvətin belə gözəl qorunması üçün, görəsən, nə kimi tədbirlər həyata keçirilir? Elə bu təəssüratla da Tovuzda meşələrin mühafizəsinin təşkili işi ilə maraqlanırıq.

Tovuz meşələrinin bəxti elə əvvəldən gətirib, yeri səfalı, insanları vəfalıdır. İlkin mühafizənin təşkili və bu sahədə vahid sistemin yaradılması Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin adı ilə bağlıdır. Yeni ağac növlərinin gətirilməsi, tinglərin salınması, badamdan tutmuş şabalıdyarpaq palıda kimi bu yerlər üçün çox da xarakterik olmayan ağacların yetişdirilməsinə qədər çox şeydə otuz ildən artıq bu təsərrüfata rəhbərlik etmiş əməkdar meşəçi Həmid Quliyevin böyük zəhməti olub. Sonra təcrübəli təsərrüfatçı Fərman Nağıyev öz səriştəsi, səxavəti ilə kollektivə yeni ruh yüksəkliyi gətirib. Rayonun  qayğılarını, torpağın tərkibini, ağacların dilini çox gözəl bilib.  Uzun illər aqrar sahədə işləyib, ordenmedallar alıb, respublika Ali Sovetinə deputat seçilib. Çalışdığı on üç il müddətində meşələrin "Fərman üslubu"nu yaradıb. Bu səliqə-sahmanlı üslub indidavam edir.

Zəngin ənənəsi, möhkəm bünövrəsi olan bu təbii sərvət indi də etibarlı əllərdədir. Məmməd Tağıyev əsl meşəçi, elmli-bilikli ziyalıdır. Leninqrad Meşə-Texnologiya Akademiyasını bitirib. Elə o vaxtdan Tovuzda çalışır. Əvvəl Yanıqlı zonasında meşə ustası olub, sonra meşə əkinləri mühəndisi. Bir ara direktor işləyib. 1990-cı illərin burulğanında işdən kənar ediləndə ilkin sahəsinə - Yanıqlı meşəbəyliyinə qayıdıb. 2011-ci ildə M.Tağıyev yenidən direktor təyin edilib. Geniş dünyagörüşlü, işgüzar, təşəbbüskar adamdır. Həmişə yeniliyin sorağındadır. Arayır, axtarır, işdə tətbiq edir. Son illərin bir sıra uğurları məhz onun adı ilə bağlıdır.

İş yerində, başının üstündə ulu öndərin müdrik sözləri diqqəti cəlb edir: "Mən dəfələrlə demişəm, bir də deyirəm. Kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim barmaqlarımı kəsir. İnsan qurmalıdır, yaşatmalıdır. Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız".

Məmməd Tağıyev deyir ki, ulu öndər Heydər Əliyevin bu sözləri həmişə qəlbimdə yaşayır, qulaqlarımda səslənir. Bu müdrik tövsiyə və tapşırıqlar elə o vaxtdan mənim həyat amalıma çevrilib. Bu, təcrübəli təsərrüfatçının gündəlik işində, şəxsi fəaliyyətində də çox aydın görünür. Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin fəaliyyəti məhz bu istiqamətdə qurulub. Hər bir ağac, hər bir yaşıl kol qayğı ilə qorunmalı, müntəzəm surətdə cavanlaşma tədbirləri aparılmalı, vaxtı keçmiş, qurumuş ağaclar yeniləri ilə əvəz edilməlidir.

1947-ci ildən fəaliyyət göstərən müəssisə dörd meşəbəyliyindən, 54 meşə dolayısından ibarətdir. Cəmi sahəsi 30609 hektardır. Bunun 1800 hektarı Kür çayının sahilindəki Tuqay meşələri, 600 hektarı şəhərətrafı yaşıl zona və dövlət meşə zolağı, qalan isə dağ meşələridir. Hər yerdə vəziyyət yaxşıdır. Xüsusən Qovlar, Yanıqlı, Şamlıq və Cırdaxan bölgələrində işlər daha gözəl qurulub.

Böyük uğurların əsas mənbəyi hansıdır? Burada meşələrin bərpası və yeni yaşıllıqların salınması üçün müxtəlif ağac növlərindən sağlam tinglərin yetişdirilməsinə xüsusi fikir verilir. Müəssisədə daxili imkanlar hesabına yüz hektar sahəsi olan tinglik yaradılıb. Toxumları elit ağaclardan yığılır. İldə təqribən 6-7 ton toxum tədarük olunur. Bəs bu toxumlar necə cana gətirilir?

Müəssisənin tinglik təsərrüfatında olduq. Cavan fidanların yamyaşıl cərgələri göz işlədikcə uzanır. Meşəçilər dedilər ki, burada hər il bir milyona yaxın şitil hazırlanır. Baxırsan, nələr yoxdur?! Şərq çinarı, vələs, fısdıq, ağcaqayın, Eldar şamı, dağdağan, iydə, akasiya, sərv, qoz, badam, palıd, göyrüşs. Daşkəsən, Gədəbəy, Şəmkir, Ağdaş, Qaradağ, Yevlax rayonları Tovuzun tinglərini həvəslə alır. Rayonun özündə isə yeni-yeni sahələrdə cavan meşəliklər, yaşıl zolaqlar salınır. Təkcə son yeddi ildə bu cür meşələrin sahəsi yeddi yüz hektar artıb. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "Hərəmiz bir ağac əkək" təşəbbüsünə böyük həvəslə qoşulan tovuzlular hər il rayonun müxtəlif guşələrində on minlərlə ağac əkirlər.

Müsahibim Məmməd Tağıyev deyir ki, ağac əkmək hələ işin yarısıdır. Ən əsası budur ki, onu qoruyub böyüdə biləsən. Tovuzda bu sahədə sistemli surətdə geniş işlər görülür. İlk növbədə mühafizə, mübarizə aybaay, ilbəil güclənir. Əvvəllər rayonun  müxtəlif yerlərində irili-xırdalı 12 ağac emalı sexi fəaliyyət göstərirdi. İndi isə neçə vaxtdır ki, həmin sexlər "işsiz" qalıb, fəaliyyətləri, demək olar, dayanıb. Fərəhli cəhətlərdən biribudur ki, dövlətin tükənməz qayğısı sayəsində ən ucqar kəndlərə belə qaz çəkilir. Son bir neçə il ərzində minlərlə ailə mavi yanacaqla təmin olunub. Bununla yanaşı, yeni tikilən məktəblərdə istilik sistemləri yaradılır. Bu, həm məişətimizi gözəlləşdirir, həm də meşələrin qırılmasının qarşısını alır.

Tovuzun  irili-xırdalı 62 kəndi birbaşa meşələrin içində yerləşir. Mühafizəçilər çalışırlar ki, bitki örtüyünə, cavan pöhrələrə mal-qaranın nəfəsi dəyməsin. Meşə gözətçisinin fəaliyyəti təhlil edilərkən, öncə bu mühüm cəhətə xüsusi fikir verilir. Bu baxımdan narahatlıq doğuran yerlərdə təzə əkinlər dəmir torla əhatə olunur.  Müəssisədə hər ayın sonuncu şənbəsi ictimai baxış günü elan olunub. Yerlərdə mövcud vəziyyət mütəxəssislər və ictimaiyyətin nümayəndələri tərəfindən diqqətlə araşdırılır. Sonra hamının iştirakı ilə açıq dialoq, müzakirə-məşvərət başlanır. Laqeydliyə, səhlənkarlığa, qüsurlara yol verənlər ciddi cəzalandırılırlar.

Tovuzda ümumən meşələrin, eləcə də yaşıllığın mühafizəsi ümumrayon tədbirinə çevrilib. Bu sahədə icra hakimiyyəti ilə birgə müvafiq tədbirlər planı hazırlanıb. Bir-birini tamamlayan maraqlı-məzmunlu tədbirlər əlaqəli, əhatəli şəkildə həyata keçirilir. Cari ilin yaz, payız ayları rayonda kütləvi yaşıllaşdırma mərhələsi elan olunub. Ulu öndərin 90 illik yubileyi ilə əlaqədar olaraq təkcə son bir neçə ay ərzində 45 hektar sahədə meşə zolaqları salınıb.

Yaşıllıq, gözəllik xalqımızın əzəli-əbədi sərvətidir. Meşə Azərbaycanı bəzəyən ən dəyərli mirvarilərdən biri sayılır. Onu qorumaq, zənginləşdirmək, gələcək nəsillərə çatdırmaq hamının və hər kəsin borcudur. Ata-babadan  tovuzlular bu mənəvi borca məhəbbətlə, hörmətlə əməl edirlər. Ana təbiət də bu füsunkar diyardan heç nəyi əsirgəməyib. Ekoloji saflıq, bir-birindən uca dağlar, gen düzlər, ürəkaçan mənzərələr, möhtəşəm qalalar, qədim abidələr turist axınına güclü təkan verir. Hara gedirsən, ürək açılır, hara baxırsan, göz oxşayır. Əsrik dərəsi, Göyəbaxan, Çeşməli, Ağqaya yaylaqları, Şamlıq, Qoşabulaq meşələri, Kürün səfalı sahilləri, Bahar, Cökəli, Şahzadə, Loğman, Turşsu, Şırşır, Qələmçə bulaqları gəl-gəl deyir; ilin hər fəslində, günün hər çağında gözəldir, cazibəlidir bu yerlər.

Qonaqları öncə Heydər Əliyev seyrəngahının başındakı abidələr toplusu salamlayır. Olimpiya İdman Kompleksi bu yerlərə xüsusi yaraşıq verir. Onun yanında karvansara tipli "Qala", "Şəlalə", Bayraq meydanı, "Üç qala" mərkəzi tikilib. On hektar sahədə mədəniyyət və istirahət parkı salınıb. İdman və istirahət obyektləri düzəldilib. Şəhərin səfalı guşəsində aşıq sənəti mərkəzi, diyarşünaslıq muzeyi, şəkil qalereyası fəaliyyət göstərir. Buradakı maraqlı və məzmunlu eksponatlar bu yerlərin tarixindən, taleyindən ətraflı xəbər verir.

Tovuz əsl turizm məkanıdır. Ulu tarixin həvəskarları babaların yadigarı müqəddəs Haçaqayanı, Kəmərqayanı və Koroğlu qalasını, Manırlı dağını, Oğuz qəbirlərinin üstündəki təkə heykəllərini böyük maraqla ziyarət edirlər.

Rayonun müxtəlif guşələrində, ən səfalı yerlərdə yüzlərlə abidə qeydə alınıb. Torpaqqala, Koroğlu qalası, Əvəztəpə qalası, Qala düzü hərəsi tarixin önəmli bir dövründən xəbər verir. Yanıqlı kəndindəki məscid, Alban kəndindəki məbəd, Əsrik-Cırdaxanın qədimi qala divarları, Düz Qırıqlıdakı Hacı Bağır məscidi, Çataq, Qazqulu, Yuxarı Öysüzlü kəndlərindəki türbələr, Zəyəm çayının məcrasındakı körpü tağları ilk andan diqqəti cəlb edir. Səkkiz min illik tarixi olan Göytəpə yaşayış məskəni isə özgə bir aləmdir!

İcra hakimiyyətinin başçısı Tofiq Zeynalov deyir ki, təbiətin mühafizəsi ilə yanaşı turizmin geniş əl-qol atması üçün rayonda hər şərait yaradılır. Xınna dərəsi boyunca Tovuz-Qovlar-Ağbaşlar, Əsrik dərəsində Tovuz-Böyükqışlaq-Qaralaq-Vahidli magistral yolu, Ağdam-Təpəbaşı və Əmirli-Kürqırağı istiqamətində yaşayış məntəqələri, tarixi abidələri və görməli yerləri əhatə edilən marşrutlar müəyyən olunub, məlumat lövhələri yazılıb, istirahət guşələri düzəldilib. Tovuza gələnlər mehmanxana və hotellər sarıdan da korluq çəkmirlər, bu problem də həll olunub. "Dastan", "Qartal", "Fidan", "Aysu", "Turan", "Uğurlu", "Petrotal" restoran-şadlıq evləri fəaliyyət göstərir. Həmin müəssisələrin bəzilərində ailəvi yaşayış üçün kotteclər tikilib, bir sözlə, hər yerdə qonaqlar üçün şərait yaradılıb. Səfalı təbiətin qoynunda da gecələmək mümkündür. Xüsusən Ağbulaq meşəliyindəki  "Turist" istirahət mərkəzi qonaqların daha çox xoşuna gəlir. Beşulduzlu "Ayan-Palace" hotelinin isə ətraf bölgədə tayı-bərabəri tapılmaz.

Bu yerlərə bir gələn bir də gəlmək istəyir. Gəlib-gedənlər səmimi qəlbdən deyirlər ki, Allah qoysa, bir də gələcəyik, gözəllikdən doymur ürək.

 

 

 

Əhməd İSAYEV,

 

Azərbaycan.- 2013.- 26 may.- S. 4.