Prezidentin hər səfəri rayona xeyir-bərəkət gətirir

 

Azərbaycanda dövlət proqramları, sosial-iqtisadi layihələr uğurla icra olunur, iqtisadi imkanların daha da genişləndirilməsi üçün bütün gərəkli tədbirlər görülür. Ölkəmizin güclənməsində regional inkişaf proqramlarının icrasının, o cümlədən bütün bölgələri əhatə edən abadlıq-quruculuq işlərinin əhəmiyyəti isə daha böyükdür.

Regionların yüksək inkişaf tempini Qobustan rayonunun timsalında da aydın görmək olur. Əhalisinin sayına və ərazisinə görə elə də böyük olmayan Qobustan dövlət qayğısından yetərincə bəhrələnərək inkişaf dövrünü yaşayır. Bu gün 8300-dən çox sakinin yaşadığı Qobustan şəhəri əhəmiyyətli dərəcədə dəyişib, abadmüasir görkəm alıb. Burada infrastruktur  layihələrinin gerçəkləşdirilməsi insanların rahat yaşamasını, normal çalışmasını, fəaliyyət göstərməsini şərtləndirən amillərdəndir.

Bu günlər qobustanlılar dövlət başçısının rayona səfərinin xoş təəssüratı ilə yaşayırlar. Mayın 1-də Qobustan rayonuna səfər edən Prezident İlham Əliyev 2 hektar ərazini əhatə edən Bayraq meydanı ilə tanış olmuş, Qobustan İdman Kompleksinin, Gənclər Mərkəzinin açılışlarında iştirak etmiş, Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri ilə və Qobustan Bağ-Bağat Mərkəzində yaradılmış şəraitlə maraqlanmışdır.

İndi Qobustanın mərkəzində yaradılan Bayraq meydanı rayon sakinlərinin ən çox üz tutduqları məkandır. Bayraq dirəyinin hündürlüyü 50, bayrağın eni 10, uzunluğu 20 metrdir. Görülmüş abadlıq işlərinin fonunda bura çox gözəl və möhtəşəm görünür. Bakı-Şamaxı avtomobil magistralı ilə Qobustan şəhəri ərazisinə çatanda bu gözəllik və əzəmət daha çox diqqəti çəkir. Hündürlükdən baxdıqca şəhər üzərində vüqarla dalğalanan dövlət bayrağı təkcə qobustanlıların deyil, avtomobil magistralından keçənlərin də qəlbində qürur hissləri doğurur.

Qobustan İdman Kompleksinin təməlini Prezident İlham Əliyev əvvəlki səfərlərindən birində qoymuşdu. Mayın 2-də açılışını etdiyi kompleksdə müxtəlif idman yarışlarının, təlim-məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Burada həmçinin 900 nəfərlik zal, müxtəlif otaqları və yardımçı kabinetlər mövcuddur. Dövlət başçısı komplekslə ətraflı tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşündə demişdir: "Yenidən Qobustan rayonunda olmağımdan çox məmnunam. Çox şadam ki, rayonda işlər yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır, rayonun siması dəyişilir və Qobustan rayonunda gözəl obyektlər istifadəyə verilir. Bu gün biz həm Gənclər Mərkəzinin, həm də idman kompleksinin açılışını qeyd edirik. Çox gözəl, əlamətdar hadisədir. İdman kompleksinin açılışı, ümumiyyətlə, çox gözəl hadisədir. Çünki idmanla məşğul olmaq üçün burada bütün imkanlar olacaqdır. Xüsusilə uşaqlar, yeniyetmələr, gənc idmançılar burada məşğul olacaqlar, öz sağlamlıqlarını qoruyacaqlar. Eyni zamanda ümid edirəm ki, bu mərkəzdə məşğul olacaq uşaqlar gələcəkdə peşəkar idmançılar kimi böyüyəcəklər. Çünki bu gün Azərbaycan idman dövlətidir. İdmanın bütün növləri inkişaf edir, çox gözəl nəticələrimiz vardır".

İdman kompleksinin Qobustan rayonu üçün böyük əhəmiyyətini qeyd edən dövlət başçısı yaxınlıqda Gənclər Mərkəzinin açılmasının önəmini də xüsusi vurğulamışdır: "Bu da son illər ölkəmizdə geniş vüsət almış bir təşəbbüsdür. Hər şəhərdə gənclər mərkəzləri yaradılır. Onların çox gözəl imkanları vardır, funksional cəhətdən də çox əhəmiyyətlidir ki, gənclər burada öz asudə vaxtlarını mənalı şəkildə keçirsinlər. Beləliklə, həm idman, həm gənclər siyasəti Azərbaycanda çox uğurla inkişaf edir".

Rayonda görülən işlərlə bağlı razılığını bildirən Prezident qazlaşdırma, su-kanalizasiya, yol infrastrukturu məsələlərinə də toxunaraq, infrastruktur layihələrinin icrasının prioritet olduğunu diqqətə çatdırmışdır. Xüsusilə kənd yollarının tikintisinə böyük vəsait ayrıldığını bildirən dövlət başçısı demişdir: "Ümid edirəm ki, yaxın 2-3 il ərzində Azərbaycanda bütün kənd yolları yüksək keyfiyyətlə yenidən qurulub istifadəyə veriləcəkdir. Bu yollar, əlbəttə ki, ölkəmizin ümumi inkişafına təkan verəcəkdir".

Məlum olduğu kimi, 13 min əhalinin yaşadığı 6 kəndin sakinlərinin dövlət başçısına müraciətinə cavab olaraq Qobustan-Xilmilli avtomobil yolunun yenidən qurulması üçün Prezident İlham Əliyevin sərəncamı ilə iki dəfəyə 7,3 milyon manat vəsait ayrılmışdır. Artıq həmin yol da hazırdır və rayonun Xilmilli, Sündü, Təklə, Nabur, Cəyirli və Çalov kəndlərinin gediş-gəlişinə hərtərəfli imkan verən yeni Qobustan-Xilmilli yolunun açılışında dövlət başçısı kənd sakinləri ilə görüşüb onlara gözaydınlığı vermiş və bildirmişdir ki, yaxın vaxtlarda kəndlərimizdə heç bir çətinlik qalmayacaqdır.

Bu günlər Qobustanda olarkən RİH başçısı Adil Məmmədovla görüşdük. A.Məmmədov bildirdi ki, rayonun ictimaiyyəti hələ də dövlət başçısının səfərinin müsbət ovqatı ilə yaşayır: "Cənab Prezidentin hər xoş sözü bizim üzərimizə daha böyük məsuliyyət qoyur. Çalışırıq ki, dövlət başçısının bütün tapşırıq və tövsiyələrini vaxtında, layiqincə yerinə yetirək".

Söhbət etdiyimiz rayon sakinləri də ürək sözlərini bildirdilər.

Ruslan Şahbazov: "Dövlətin gənclər siyasəti bir gənc olaraq məni də çox razı salır. Ulu öndərin formalaşdırdığı dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən bu sahədə kompleks tədbirlər görülür. 2005-2009-cu illəri əhatə edən "Azərbaycan gəncliyi" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramları indiyədək həyata keçirilən işlərin davamlı xarakter daşıdığını göstərir. Dövlət biz gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü işlər görür. Prezident İlham Əliyevin rayonumuzdakı Gənclər Mərkəzinin açılışını etməsi, Qobustan gənclərinə arzu və tövsiyələrini bildirməsi bunun bariz nümunəsidir. Biz də çalışırıq ki, öz fəaliyyətimizlə vətənimizə və dövlətimizə daha faydalı olaq".

Əlikram Musayev: "Prezident İlham Əliyevin rayonumuza gəlişi həmişə xeyir-bərəkət gətirir. Qobustana səfərindən bircə gün sonra Qobustan Mərkəzi Rayon Xəstəxanasının 50 çarpayılıq yeni binasının tikintisi üçün ilkin olaraq 1 milyon manat vəsait ayrılması barədə sərəncam imzalaması Prezidentin rayonumuza qayğısının növbəti ifadəsidir.

Xilmilli kənd sakini Eminə Əhmədovanın da ürəyi dolu idi: "Uzun illər idi yol sarıdan əziyyət çəkirdik. Prezidentə müraciət etdik, səsimizi eşitdi, tapşırıq verdi və bizə müasir yol çəkdilər. Bu yolun açılışında Prezidentin özünün iştirak etməsi, bizimlə hal-əhval tutması, şəkil çəkdirməsi ürəyimizi dağa döndərdi".

 

 

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2013.- 26 may.- S.4.