Qardaş Türkiyədə Azərbaycan şeirinə böyük sevgi var

 

Yunis İmrə Türkiyədə, Mərkəzi Anadoluda - Əskişəhərin Sarıköy kəndində dünyaya göz açıb. Türkiyədə bu şəhər həm də şeir-sənət ocağının məbədi sayılır. Hər il burada may ayının əvəllərində Yunis İmrə günləri keçirilir. Dünyanın müxtəlif ölkələrindən gələn şairlər, Yunis  İmrəsevərlər şeirlərini oxuyur, şairin Sarıköydəki məzarını ziyarət edirlər.

Bu şəhərdə Azərbaycan şairlərinə də böyük sevgi var. "Müasir Türkiyə və Azərbaycan şairlərinin yaradıcılığında dünyəvi mövzuların müqayisəsi" adlı kitabın Əskişəhərdə nəşr olunması buna bariz nümunədir. Kitabın müəllifi Bakı Dövlət Universitetinin yetirməsi - Əskişəhər Osman Qazi Universitetinin professoru Tamella Əliyevadır. Tamella Əliyeva neçə illərdir ki, dünyanın müxtəlif ölkələrindən bu universitetə təhsil almağa gələn gənclərə Azərbaycan ədəbiyyatını və folklorunu tədris edir. Azərbaycan ədəbiyyatının Türkiyə və Şərqi Avropada tanıdılmasında faydalı işlər görür. Bir neçə ədəbi-bədii jurnalın redaksiya heyətinin üzvüdür. Azərbaycan ədəbiyyatı haqqında çoxsaylı məqalələr yazmış, beynəlxalq konfranslarda çıxış etmişdir. O, elmi-pedaqoji fəaliyyətlə yanaşı, Azərbaycan şairlərinin kitablarını türk, türkiyəli şairlərin əsərlərini Azərbaycan dilinə çevirərək nəşr etdirir.

Professorun yeni nəşr olunan kitabı bu ədəbi əlaqələrin inkişafına və möhkəmlənməsinə xidmət edir.

Kitab "Giriş", "Çağdaş türk şeiri (1960-1990-cı illər)",  "Çagdaş Azərbaycan şeiri (II Dünya müharibəsindən sonra - 1960-1990-cı illər)", "Türkiyə şairləri F.Halıcı, M.Qubat, A.Satoğlu", "Azərbaycan şairləri B.Vahabzadə, M.Araz, N.Həsənzadə", "Çağdaş Azərbaycan və Türkiyə şairlərinin yaradcılığındakı dünyəvi mövzuların müqayisəsi" və "Nəticə" adlı yeddi bölümdən ibarətdir.

Tədqiqatçı-alim 1960-1990-cı illərdə yazılmış bir çox şeirlər üzərində araşdırma apararkən maraqlı elmi nəticələrə nail olmuşdur.  Müəllifin fikrincə, türkiyəli şairlər müstəqil azad ölkədə yaşadıqlarından, mövzuları istədikləri kimi işləyə biliblər. Ancaq Azərbaycan sovet imperiyasının əsarəti altında olduğundan,  senzura buna imkan verməyib.

Bununla belə, Azərbaycan şairləri hər zaman vətənlərinə ən gözəl sözlərdən şeir çələngi hörmüşlər. Heç bir hədə onları qorxutmamışdır, onlar istər Vətən, istərsə də təbiət mövzulu şeirlərində vətənlərini hədsiz dərəcədə sevdiklərini, onun təbiətinin gözəlliklərindən ilham aldıqlarnı dönə-dönə dilə gətirmişlər. Türkiyəli şairlər bu mövzuları açıq-aşkar qələmə almışlar. Azərbaycan şairləri bunları məcazi yolla, məkanı və zamanı dəyişərək vəsf etmişlər. Azərbaycan və Türkiyə şairlərinin vətən mövzulu şeirlərində həm bənzər, həm də fərqli cəhətlər vardır, amma təbiət və sevgi şeirlərində bənzərlik çox, fərqlilik azdır. Müəllif bu fərqliliklər sırasında xalq şairi Məmməd Arazın

 

 

Azərbaycan!

qayalarda bitən bir çiçək,

Azərbaycan!

çiçəklərin içində qaya...

 

 

fəlsəfi anlamlı misralarını müqayisə müstəvisinə çıxarmaqla, həm də Azərbaycan dilinin şirinliyini, şəhdi-şəkərini türkiyəli oxuculara çatdıra bilmişdir. Müəllif  hər iki ölkə şairlərinin əsərlərindəki "oxşarlıqlara", "fərqliliklərə" beləcə aydınlıq gətirərək elmi yolla əsaslandıra bilmişdir ki, yetmiş il müstəmləkə altında yaşayan, yeraltı və yerüstü sərvətləri talan edilən ölkənin şairlərinin şeirləri əlbəttə ki, azad ölkənin şairlərinin əsərlərindən fərqli görünə bilər.

Tədqiqat zamanı azərbaycanlı ədəbiyyatşünas alim və yazıçıların, eləcə də Rusiyadan V.Belinskinin, V.Jirmunskinin, N.Konradın, Y.Bogatın və Roma Universitetinin professoru A.Masalanın əsərlərinə istinad edilmişdir. Müəllifin Türkiyədə çalışan qarşılaşdırmalı-müqayisəli ədəbiyyat üzrə bir çox alimlərin,  o cümlədən professor Gürsəl Aytaçın, Kamil Aydının, Hüseyin Arakın, Yavuz Bayramın, Midhat Encin, Berna Moranın, Mesut Tekşanın  əsərlərinə müraciəti tədqiqata uğurlu çalarlar gətirib.

"Müasir Türkiyə-Azərbaycan şairlərinin şeirlərində dünyəvi mövzuların qarşılaşdırılması" kitabının Əskişəhər şairlər dərnəyində təqdimat mərasimi də keçirilib. Mərasimdə Əskişəhər Osman Qazi Universitetinin  professorları Xəlil Buttanrı və Müzəyyən Buttanrı, Anadolu Universitetinin  professoru Rəfail Qasımbəyli, dosent Nərgiz Qasımbəyli, professor Vaqif Cəfərli, professor Məmmədağa Məmmədli, şairlərdən Məhərrəm Qubat, İbrahim Sağır, Əhməd Urfalı, Qazi Durusu çıxış edərək kitabın əhəmiyyətindən danışmışlar. Kayseri və Tokat şairlər dərnəyində, habelə İzmirdə - Doqquz Eylül Universitetində də kitabın təqdimat mərasimi olmuşdur.

 

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2013.- 26 may.- S. 7.