«İpək Yolu»nun dəmir qanadı

 

Azərbaycanda dəmir yolunun yaranma tarixi XIX əsrin sonlarından başlayır. 1878-ci ildə inşasına başlananuzunluğu 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolu xətti 1880-ci ilin yanvarında istismara verilib. O gündən bu günə ölkəmizdə dəmir yolu çəkilişi böyük inkişaf yolu keçib, təkmilləşib. Hazırda baş yolların ümumi uzunluğu 2910,1 km, istismar uzunluğu 2079,3 km-dir ki, onlardan da 802,3 km-i ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1241,4 km-iya 59,7 faizi elektrikləşdirilmiş, 837,9 km-i, yəni 40,3 faizi teplovoz dartısı ilə işləyir. 1527,7 km-i isə avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilib.

Ölkəmizdə dəmir yolu nəqliyyatının inkişaf strategiyasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun apardığı uzaqgörən siyasət nəticəsində nəqliyyat sektorunda, xüsusən dəmir yollarının yenilənməsində və inkişafında da genişmiqyaslı islahatlar həyata keçirilmiş, böyük nailiyyətlər qazanılmışdır. Ölkəmiz beynəlxalq və regional layihələrin reallaşmasında aparıcı dövlət kimi iştirak edir. Bunlardan biri dünyanın yüz möhtəşəm layihəsi siyahısına daxil edilən, Asiyanı Avropaya birləşdirəcək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsidir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiyaİran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması məhz Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gerçəkləşməsində təzahür edir.

Təməli 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində qoyulan bu layihə ABŞ-ın Şəffaflıq üzrə Tərəfdaşlıq Fondunun dəstəyi ilə Dövlət Neft Fondu tərəfindən maliyyələşir. Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttindəki tikinti işləri başa çatmaq üzrədir. Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını qüvvətləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyini möhkəmləndirmişdir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan "Şimal-Cənub" nəqliyyat layihələrinin reallaşması prosesində də aktiv iştirak edir.   

İqtisadçı mütəxəssislərin fikrincə, BTQ xəttinin əsas hissəsi bu ilin sonunda yekunlaşacaq. Layihənin Axalkalakidən Türkiyə sərhədinə keçən qismində 450 metr dərinlikdə, uzunluğu 4,4 kilometr olan tunel tikilir. Tunelin Gürcüstan sərhədinə qədər olan 2,5 km hissəsi demək olar ki, hazırdır. Gürcüstan hissəsinin tikintisində "Azərbaycan Dəmir Yolları" QSC-nin "Dəmiryolservis" MMC podratçı təşkilat kimi iştirak edir. Bu ilin sonuna kimi ilk qatarın Türkiyə sərhədinə kimi göndərilməsi nəzərdə tutulur. Dəmir yolu istifadəyə veriləndə əvvəlcə ildə 5 milyon ton yük daşınması nəzərdə tutulur. Sonrakı illərdə yükdaşıma həcminin 10-15 milyon tona kimi qaldırılacağı gözlənilir.  

Azərbaycanın, Türkiyənin və Gürcüstanın çox böyük önəm verdiyi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin  reallaşması tarixi "İpək Yolu"nun təkrar canlanması kimi dəyərləndirilir. Çünki bu dəmir yolu xətti Avropa ilə Çin arasında ticarət yollarını bir-birinə bağlayacaq, bölgənin iqtisadi-strateji əhəmiyyətini gücləndirəcək. Təkcə Azərbaycan, Türkiyə və Gürcüstan deyil, bütünlükdə Avropa ilə Asiya arasında ən mühüm nəqliyyat sistemi olacaq. Qarsdan Qazaxıstana, oradan da ŞanxayaHonkonqa çıxış imkanı yaranacaq. Bölgə ölkələri arasında mal dövriyyəsinin artmasında da əhəmiyyətli rol oynayacaq. BTQ dəmir yolu xəttilə təkcə yük qatarları deyil, sərnişin qatarları da hərəkət edəcək. Bu dəhliz vasitəsilə daşımalar digər dəhlizlərə nisbətən ucuz olacaq, alternativlərinə nisbətən xətt 60-km qısadır ki, bu da çəkilən xərclərin də azalması deməkdir. BTQ gələcəkdə Rusiya üçün də əlverişli dəhlizə çevriləcək, çünki hazırda Rusiya ilə Türkiyə arasında dəmir yolu bağlantısı yoxdur. Dəhlizin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açılacaq.

Mütəxəssislərin şərhinə görə, çox böyük strateji əhəmiyyətə malik olan dəmir yolu layihəsinin reallaşması Qars vilayəti üçün ayrıca bir özəlliyə malikdir. Çünki orada qurmaq istəyən bir çox azərbaycanlı adamı səbirsizliklə dəmir yolu xəttinin işə düşməsini gözləyir. Çünki yeni yerləri olacaq, iki qardaş xalq arasında gediş-gəliş imkanları çoxalacaq, əlaqələrimiz daha da genişlənəcəkdir. "Biz bir-birimizi daim dəstəkləməliyik. Hər bir türkdilli ölkənin problemi digərinin problemlərinə çevrilməlidir" söyləyən, hər bir iqtisadi əməkdaşlığın siyasi proseslərin sürətləndirilməsinə imkan yaratdığını vurğulayan Prezident İlham Əliyev daha böyük mənada əməkdaşlıq, birlik və həmrəylik nümunəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişində də bu prinsipə sadiqliyini bəyan edir: "Bu dəmir yolunun tikintisi ölkələrimiz üçün, xalqlarımız üçün, regional əməkdaşlıq üçün lazımdır. Bu xətt Türkiyəni Azərbaycanla birləşdirəcək, Türkiyəni Orta Asiya ilə, Qazaxıstanla birləşdirəcək və bütünlükdə Avropanı Asiya ilə birləşdirəcək. Bu layihə bölgədə ancaqancaq sabitliyinsülhün möhkəmlənməsinə gətirib çıxaracaq".    

Mütəxəssislərin fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini sülh yolu ilə, ədalətlə həll etməmək, münaqişəni uzatmaq və gərginləşdirmək Ermənistanı bölgədə həyata keçirilən bütün beynəlxalq layihələrdən, enerji və nəqliyyat dəhlizlərindən kənarda qoyur.  Bu da özlüyündə təcavüzkar dövlətin daha çox təcrid olunmasına gətirib çıxarır. Bu amillər gələcəkdə Ermənistanın öz suverenliyini birdəfəlik Rusiyaya təhvil verilməsilə nəticələnə bilər. 

Beynəlxalq maliyyə qurumları ilə son zamanlar getdikcə intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda islahatların aparılmasına öz müsbət təsirini göstərməkdədir. Belə ki, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında 450 milyon ABŞ dolları, Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində kredit müqaviləsi imzalanmışdır. Dövlət proqramına uyğun olaraq bu vəsaitlərə lokomotiv, yol, enerji təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması, yeni lokomotivlərin alınması, beynəlxalq maliyyə-hesablama  sisteminin tətbiq edilməsi nəzərdə tutulur.   

Dövlət başçısının 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamda bu sahənin inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Dövlət proqramına uyğun olaraq vaqon və lokomotiv parklarının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə, rabitə və sair təsərrüfatların əsaslı təmiri, Bakı-Böyük Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır. Dövlət proqramının əsas məqsədi Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin etməkdir.    

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin sürətləndirilməsindən bəhs edərkən bildirmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırar, insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olar, həm də Azərbaycanın regionda gücünü artırar. Dövlət başçısı onu da vurğuladı ki, hədəfimiz ən nəhəng infrastruktur layihələrin başa çatdırılması və  yenilərinin icrasına başlanmasıdır.

 

 

Rəsmiyyə RZALI,

 

Azərbaycan.- 2013.- 26 may.- S. 7.