İkinci Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları arasında
NATO-nun, Amerika Dövlətləri
Təşkilatının və Ərəb Dövlətləri
Liqasının rəhbər şəxsləri də olacaqlar
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə mayın 29-da Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" devizi altında İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayacaqdır.
İyunun 1-dək davam edəcək İkinci Bakı Forumunun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi nüfuzlu beynəlxalq siyasi, iqtisadi və mədəni güc mərkəzləri çıxış edirlər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Forumda NATO baş katibinin qadın, sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Mari Skare, Amerika Dövlətləri Təşkilatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Corc Sanin, Ərəb Dövlətləri Liqasının mədəniyyət və sivilizasiyalararası dialoq şöbəsinin müdiri Samia Bibers də iştirak edəcəklər.
Ümumiyyətlə, İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünyanın 100-dən çox ölkəsindən yüksək səviyyəli nümayəndələrin, beynəlxalq qurumların başçılarının, bir sıra ölkələrin hazırkı və keçmiş prezidentlərinin, nazirlərin, ekspertlərin, dünyanın nüfuzlu beyin mərkəzləri rəhbərlərinin, alimlərin və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli təmsilçilərinin iştirakı nəzərdə tutulur.
Bu
platformanın qlobal beynəlxalq əhəmiyyəti, Azərbaycanın
Şərq ilə Qərbin, müxtəlif mədəniyyətlərin
kəsişməsində yerləşməsi nəzərə
alınaraq ilk dəfə olaraq
İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində Dünya Forumu
Nazirlər Konfransı keçiriləcəkdir.
Azərbaycan.- 2013.- 26 may.- S. 7.