28 May - Respublika Günü münasibətilə rəsmi qəbul

 

Prezident İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir

 

 

Mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir.

Salona toplaşanlar dövlət başçısını hərarətlə qarşıladılar.

Azərbaycanın dövlət himni səsləndi.

Azərbaycan Prezidenti rəsmi qəbulda nitq söylədi.

 

 

Prezident İlham Əliyevin nitqi

 

- Hörmətli xanımlar və cənablar, əziz dostlar!

 

Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Doxsan beş il əvvəl müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yaranmışdır. Bu, böyük və tarixi hadisə idi. Çünki Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə, azadlığa qovuşurdu. Azərbaycan xalqının artıq öz dövləti var idi. Eyni zamanda, respublikanın yaranması müsəlman aləmində respublika quruluşunun yayılmasına da təkan vermişdir.

Qısa müddət ərzində bütün dövlət qurumları, dövlət təsisatları yaradılmışdır. Demokratik inkişaf gedirdi, qadınlara səsvermə hüququ verilmişdir, Milli Ordu yaradılmışdır. Bir sözlə, respublikanın qurucuları böyük işlər görmüşdülər və Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır. "İstiqlal Bəyannaməsi"ni imzalayanların şərəfinə Bakının mərkəzində abidə ucaldılmışdır.

Ancaq müəyyən səbəblər üzündən iki ildən sonra respublika süqut etmişdir və Azərbaycan müstəqillikdən məhrum olunmuşdur. Ondan sonra sovet dövrü başlamışdır. Biz 71 il Sovet İttifaqının tərkibində yaşamışıq. Biz azad, müstəqil deyildik. Buna baxmayaraq, Azərbaycanda inkişaf prosesi gedirdi. Hesab edirəm ki, o illər ərzində müsbət məqamlar da kifayət qədər çox idi. İlk növbədə, savadsızlığa qarşı mübarizə gözəl nəticələr vermişdir. Yoxsulluq aradan qaldırılmışdı, işsizlik demək olar ki, yox idi. Azərbaycanda sənayeləşmə prosesi gedirdi, xüsusilə 1970-ci illərdə bu proses daha geniş vüsət almışdı.

Ancaq biz azad, müstəqil deyildik. Biz başqa dövlətin tərkibində yaşayırdıq. Əlbəttə, həm müstəqillikdən məhrum idik, eyni zamanda, Sovet İttifaqında mövcud olan siyasi və iqtisadi sistem sürətli inkişaf üçün məqbul deyildi. Sovet İttifaqının süqutu bunun əyani sübutudur.

1970-ci illərdə Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə böyük quruculuq işləri başlamışdır. İttifaqda müttəfiq respublikalar arasında Azərbaycan seçilirdi, fərqlənirdi. Burada sürətli inkişaf gedirdi. Biz bu sürətli inkişafı 1993-cü ildən sonra da görəcəyik. Ancaq əfsuslar olsun ki, 1980-ci illərin sonlarında - erməni separatizminin baş qaldırması dövründə respublikaya rəhbərlik etmiş insanlar öz vəzifə borcunu yerinə yetirə bilmirdilər. Azərbaycan tənəzzülə uğrayırdı və Sovet İttifaqı dağılanda burada vəziyyət çox ağır idi. Siyasi xaos, hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül, sənaye demək olar ki, iflic vəziyyətində idi. İqtisadiyyatımızın əsas sektoru olan neft sektoru da tənəzzülə uğrayırdı, hasilat getdikcə aşağı düşürdü. Bir sözlə, 1991-ci ildə müstəqillik bərpa olunanda Azərbaycan postsovet məkanında ən ağır vəziyyətdə olan ölkə idi. Bir tərəfdən, Ermənistanın və separatçıların ərazi iddiası, digər tərəfdən, daxildə xoşagəlməz vəziyyət, hakimiyyət uğrunda çəkişmələr, xüsusilə 1992-1993-cü illərdə AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əslində əldən gedirdi, tarix təkrarlanırdı. Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı və 1991-1993-cü illərdə - iki il ərzində demək olar ki, Azərbaycan böyük fəlakətlərlə üz-üzə idi.

Ancaq onu da qeyd etməliyəm ki, müstəqilliyə gedən yolda ulu öndər Heydər Əliyevin çox böyük zəhməti olmuşdur. Hələ Naxçıvanda ikən Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis edildi. Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarıldı. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilməmişdir. Yəni, bütün bu addımlar əslində müstəqilliyə yönəldilmiş addımlar idi.

Təsadüfi deyildir ki, 1993-cü ildə vətəndaş müharibəsi getdiyi bir dövrdə Azərbaycan xalqı yenə milli liderə müraciət etdi, onu dəvət etdi. Onun Azərbaycan siyasi hakimiyyətinə gəlişindən sonra vəziyyət köklü şəkildə dəyişmiş və Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur.

Bu yaxınlarda, ulu öndərin 90 illiyində mən o dövrlə bağlı fikirlərimi bildirmişəm. Sadəcə, demək istəyirəm ki, 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuşdur. Məhz o illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmişdir. O illərdə Azərbaycan dünya birliyinə qovuşmuşdur, özünü tanıtdıra bilmişdir. Çox ciddi islahatlar aparılmışdır. Bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etmişdir. Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması məhz o illərə təsadüf edir. Müstəqil dövlətin Konstitusiyası qəbul edilmişdir. Siyasi sistem möhkəmləndirilmişdir və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır.

1993-2003-cü illər sabitlik və inkişaf illəri kimi tarixdə qalır. Bu illər ərzində görülmüş işlər bu gün ölkəmizin uğurlu inkişafına xidmət göstərir. O illərdə başlanmış layihələr bu gün uğurla davam etdirilir. Əlbəttə, Azərbaycanın bugünkü reallıqlarını təsəvvür etmək üçün, əlbəttə, biz o illərə qayıtmalıyıq.

Xoşbəxtlikdən Heydər Əliyev amili ölkəmiz üçün həlledici anlarda özünü göstərdi. Bu gün bu siyasət dəyişməz olaraq qalır. Bu gün Azərbaycan uğurla, inamla inkişaf edir. Ölkə qarşısında duran bütün əsas vəzifələr müvəffəqiyyətlə icra edilir. Azərbaycan bu gün dünya miqyasında etibarlı tərəfdaş və dost ölkə kimi tanınır.

Son on il ərzində Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilmişdir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən bu siyasətə sadiq qalacağam və bu siyasəti davam etdirəcəyəm.

Çox şadam ki, son on il ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşamışdır. Bu on ildə problemlərin böyük hissəsi öz həllini tapmışdır. İstənilən istiqamət üzrə konkret proqramlar icra edilir. Onların bir çoxu artıq başa çatmışdır. Azərbaycanda proseslər müsbət istiqamətdə gedir. Daxili vəziyyət çox sabitdir. Xarici əlaqələrimiz genişlənir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan ilə dostluq etmək istəyən ölkələrin sayı artır. Biz də ikitərəfli münasibətlərə eyni mövqedən yanaşırıq: nə qədər çox dostlarımız olsa, mövqeyimiz də dünyada o qədər möhkəm olacaqdır.

Xarici siyasətlə bağlı bütün vəzifələr icra edilmişdir. İkitərəfli formatda çox gözəl əlaqələr yaradılmışdır. Bölgədə Azərbaycanın rolu böyük dərəcədə möhkəmləndirilmişdir. Hazırda bölgədə gedən bütün proseslərdə Azərbaycanın fəal rolu, öz mövqeyi vardır. Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın iştirakı olmadan heç bir layihə, heç bir təşəbbüs uğurla nəticələnə bilməz.

Əlbəttə, xarici siyasətin zirvəsi, hesab edirəm ki, BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olmuşdur. Bu, tarixi hadisə idi. Beynəlxalq birliyin mütləq əksəriyyəti Azərbaycana inandı, bizi dəstəklədi, bizə böyük etimad göstərdi. Artıq iki ilə yaxındır ki, Təhlükəsizlik Şurasında Azərbaycan, bəyan etdiyim kimi, beynəlxalq hüququ və ədaləti müdafiə edir. Bu illər ərzində biz böyük təcrübə toplamışıq. Bu, əvəzolunmaz təcrübədir, gələcək fəaliyyətimiz üçün bizə çox lazım olan təcrübədir. Eyni zamanda, dünya birliyinə ölkəmizi bir daha geniş şəkildə təqdim etmişik. Təhlükəsizlik Şurasının üzvü olmaq o deməkdir ki, hər bir məsələ ilə bağlı sənin dəqiq və çox aydın mövqeyin olmalıdır. Azərbaycan bu mövqeyi göstərir və göstərəcəkdir.

Daxildə gedən proseslər, hesab edirəm ki, son on il ərzində ölkəmizi böyük dərəcədə möhkəmləndirə bilmişdir. Daxili sabitlik, ictimai-siyasi asayiş, xalqla iqtidar arasında olan birlik - bütün bu amillər hər bir ölkənin uğurlu inkişafı üçün vacibdir. Əgər sabitlik qorunmasa idi, əgər sabitlik pozulsa idi, əlbəttə, Azərbaycana bu qədər xarici sərmayə qoyulmazdı. Bu gün Azərbaycan bölgədə və dünyada bu möhkəm imkanlara malik ola bilməzdi.

Sabitliyin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Sabitliyin mövcudluğu bu səbəblərlə şərtlənir. Çünki əgər düşünülmüş siyasət yoxdursa və xalqla iqtidar arasında uçurum varsa, əgər icra edilən proqramlar xalqın arzularını əks etdirmirsə, sabitlik mütləq pozulacaqdır. Biz bölgədə gedən proseslərə diqqətlə baxırıq, izləyirik və görürük ki, qarşıdurmalar, kütləvi etiraz aksiyaları və digər xoşagəlməz hallar, vətəndaş müharibələri, qanlı toqquşmalar bu gün reallıqdır. Dünyanın müxtəlif yerlərində proseslər, onların əksəriyyəti mənfi istiqamətdə gedir. İnkişaf etmiş ölkələr indi daha çox iqtisadi və maliyyə böhranının fəsadlarının aradan qaldırılmasına çalışırlar. O qədər də inkişaf etməmiş ölkələrdəki vəziyyət, vətəndaş müharibələri, vətəndaş itaətsizliyi, qarşıdurmalar, siyasi və iqtisadi böhran, yoxsulluq və işsizlik artıq göz qabağındadır. Bax, budur inkişaf etməmiş ölkələrin bugünkü reallıqları.

Son illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə, doğrudan da, böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarıdır. İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Azərbaycanın kredit reytinqləri artmaqdadır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən rəqabətqabiliyyətli 50 iqtisadiyyat arasındadır. Orada bizim yerimiz 46-cı yerdir. Ölkədə sürətlə sosial proqramlar icra edilir.

Mən xarici siyasətlə bağlı fikirlərimi bildirdim. Burada da tərəfdaşlarımızın sayı artır. Biz həm İslam Əməkdaşlıq Təşkilatının, eyni zamanda, Avropa Şurasının üzvüyük və bu da bizim xüsusiyyətimizdir. Biz Qoşulmama Hərəkatının fəal üzvüyük və bu təşkilat çərçivəsində artıq öz mövqeyimizi ortaya qoymuşuq.

Digər məsələlərə gəldikdə, böyük işlər görülmüşdür. Ancaq hələ görüləsi işlər çoxdur. Bizim əsas diqqətimiz gələcəyə yönəlibdir. Gələcəkdə daha hansı işlər görülməlidir ki, Azərbaycanda inkişaf uzunmüddətli və dayanıqlı olsun və iqtisadiyyat çoxşaxəli olsun?!

İndi bizim əsas məqsədimiz gələcək prioritetləri müəyyən etmək və gələcək inkişaf strategiyamızı icra etməkdən ibarətdir. Deyə bilərəm ki, son 20 il ərzində bu istiqamətdə əldə edilmiş təcrübə çox gözəl şərait yaradır. Azərbaycanda transformasiya dövrü çox uğurlu keçmişdir. Hesab edirəm ki, bu gün çətin vəziyyətdə olan ölkələr üçün Azərbaycan təcrübəsi çox maraqlı olmalıdır. Çünki müstəqilliyə qovuşduqda, eyni zamanda, siyasi sistem də dəyişdirilməli idi. Müstəqilliyə qovuşan ölkələrin böyük əksəriyyəti, sadəcə olaraq, azad olurlar, müstəqil olurlar. Orada siyasi sistem dəyişmir. Əgər misal üçün, 1970-ci illərdə müstəqilliyə qovuşan ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada siyasi sistem dəyişmir, iqtisadi münasibətlər dəyişmir. Bizdə isə həm siyasi, həm iqtisadi sistem dəyişmişdir. Eyni zamanda, biz dövlət qurmalı idik.

Hesab edirəm ki, bu keçid dövrünü biz uğurla başa vurmuşuq. Mən artıq qeyd etmişəm ki, keçid dövrü Azərbaycanda çoxdan başa çatmışdır və bu transformasiya bu gün ağır vəziyyətdə olan ölkələr üçün, yenə də deyirəm, çox maraqlı və cəlbedici ola bilər.

Gələcək planlara gəldikdə, biz xarici siyasətimizi bundan sonra da müəyyən edilmiş xətlə aparacağıq. Xarici siyasətimizin əsas istiqamətləri müəyyən edilibdir. Biz bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı surətdə faydalı və bərabərhüquqlu münasibətlərin inkişafında maraqlıyıq. Bu münasibətlər artıq oturuşmuş münasibətlərdir. Azərbaycan dünya birliyi tərəfindən bərabərhüquqlu tərəfdaş kimi tanınır. Hesab edirəm ki, növbəti illərdə biz xarici siyasətdə daha da fəal olacağıq və indi xarici siyasətlə bağlı yeni istiqamətlər müəyyən edilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən vacib məsələdir. Bu, həm xarici, həm də daxili siyasət məsələsidir. Bu, ədalət, beynəlxalq hüquq məsələsidir. Əfsuslar olsun ki, bu istiqamətdə irəliləyiş yoxdur və bunun əsas səbəbi ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatlarına əməl etmir, status-kvonu mümkün qədər çox saxlamaq, dəyişməz olaraq saxlamaq istəyir. Danışıqlarda özünü səmimi aparmır, yalan bəyanatlarla, riyakar davranışla fərqlənir. Beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir və məsələ ilə bağlı olan vasitəçi qurumların tələblərinə əməl etmir.

Budur reallıq və Azərbaycanın çoxsaylı səyləri cavabsız qaldı. Bildiyiniz kimi, Azərbaycan 2009-cu ilin sonunda Minsk qrupu tərəfindən irəli sürülmüş yenilənmiş Madrid prinsiplərinə öz razılığını vermişdir. Hesab etmişdir ki, bu prinsiplər böyük sülh müqaviləsi üçün əsas ola bilər. Təklif etmişdir ki, yubanmadan, vaxt itirmədən böyük sülh müqaviləsi üzərində iş aparılmalıdır. Ermənistan o təklifləri rədd etmişdir. Ondan sonrakı dövr ərzində bütün imkanlarını səfərbər etmişdir ki, danışıqlarda bax bu durğunluq vəziyyəti yaransın və möhkəmlənsin.

Biz bununla barışa bilmərik. Biz danışıqların aparılmasında maraqlıyıq. Ancaq danışıqlar mahiyyət üzrə aparılmalıdır. Azərbaycan məsələnin həllində ən maraqlı tərəfdir. Ermənistan sadəcə çalışır ki, vaxtı uzatsın. Əgər Ermənistanın maraqlarını onların siyasətçiləri nəzərə alsalar görərlər ki, vaxt uzatmaq onları daha da ağır vəziyyətə gətirib salacaqdır. Ancaq buna baxmayaraq, bu, taktiki gedişlərdir. Ermənistan vaxt uzatmaq taktikasını seçibdir, danışıqlar naminə danışıqlar aparmaq fikrindədir.

O ki qaldı vasitəçilərə, əfsuslar olsun ki, vasitəçilərin əsas fəaliyyət istiqaməti atəşkəsi saxlamaqdan ibarətdir. Biz də atəşkəsi saxlamaq istəyirik. Ancaq, eyni zamanda, biz ərazi bütövlüyümüzün bərpasını istəyirik, bunu tələb edirik. Beynəlxalq hüquq bunu tələb edir. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri bunu tələb edir. Ona görə Azərbaycanın maraqları burada müəyyən dərəcədə fərqlənir. Biz də istəyirik ki, sülh olsun. Biz də istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, amma həll edilsin. Ermənistan məsələnin həllini istəmir. Status-kvonu, yenə də deyirəm, nə qədər çox saxlaya bilsə, o qədər də saxlamaq istəyir. Vasitəçilər də əfsuslar ki, son zamanlar etimad tədbirlərinin gücləndirilməsi, təmas xəttində vəziyyətin sabitləşdirilməsi və bilavasitə danışıqların mahiyyətinə aid olmayan digər məsələlərlə daha çox məşğul olurlar.

Bu vəziyyət dözülməzdir, qəbuledilməzdir, dəyişdirilməlidir. Əgər danışıqlar aparılacaqsa mahiyyət üzrə aparılmalıdır. Mahiyyət isə ondan ibarətdir ki, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa edilməli, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir.

O ki qaldı Dağlıq Qarabağda yaşayan və münaqişə həll olunandan sonra oraya qayıdacaq vətəndaşların gələcəyinə, dünyada müsbət təcrübə, muxtariyyətlər, o cümlədən Avropa qitəsində müsbət təcrübələr vardır. Bax bu təcrübədən kənara çıxmadan özünüidarəetmə prinsipi həllini tapa bilər.

Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Həmişə belə olubdur. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Ərazi bütövlüyü məsələlərində Azərbaycan tərəfindən zərrə qədər güzəşt olmayacaqdır və ola da bilməz.

Hesab edirəm ki, biz bu istiqamətdə gələcək fəaliyyətimizlə bağlı indi daha da ciddi addımlar atmalıyıq. Burada əslində seçim o qədər də böyük deyildir. Ya hərb yolu, ya sülh yolu! Biz hər iki varianta hazırıq. Hərb yolunu heç vaxt istisna etməmişik. Beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi özünümüdafiə imkanlarını bizə tanıyır və beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan ərazilərdə Azərbaycan istənilən vaxt istənilən əməliyyatı apara bilər.    

Sadəcə olaraq, biz hələlik çalışırıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. Hesab edirəm ki, bu istiqamətdə imkanlar hələ tam tükənməyib. Məsələni sülh yolu ilə tezliklə və ədalətli şəkildə həll etmək üçün biz öz səylərimizi daha da gücləndirməliyik. Xarici, daxili siyasətlə, iqtisadi sahə ilə bağlı biz daha da güclü olmalıyıq və oluruq.

Biz Ermənistanı bundan sonra da bütün beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdə saxlamalıyıq. Bu taktika və bu siyasət öz bəhrəsini verir. Ermənistanın öz rəsmi statistikasına görə, hər il o ölkəni 80-100 min adam tərk edir, həmişəlik tərk edir. O ölkədə depopulyasiya meyilləri güclənir, demoqrafik böhran yaşanır. Bu böhran getdikcə dərinləşəcəkdir. Çünki əmək qabiliyyətli nə qədər çox insan oradan çıxırsa, iqtisadiyyatın dirçəlməsi imkanları da o qədər azalır. İqtisadiyyatın dirçəlməsinə gəldikdə isə, ümumiyyətlə, belə perspektivlər yoxdur. Orada tamamilə staqnasiya dövrü yaşanır.

Biz öz səylərimizi, öz ölkəmizi gücləndirməliyik. Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və saxlamalıyıq. Bütün imkanlardan istifadə edib daha da böyük potensial əldə etməliyik. Bu potensial həm də hərbi potensialdır. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Dəfələrlə bunu göstərmişik, hərbi paradlarda nümayiş etdirilibdir, yenə də nümayiş etdiriləcəkdir.

Bizim xarici siyasətimiz öz bəhrəsini verir. Son on il ərzində ikitərəfli formatda görüşdüyüm dövlət başçılarının mütləq əksəriyyəti ilə imzalanmış yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyü prinsipləri əks olunubdur.

İqtisadi sahədə islahatlarımızı gücləndirməliyik. Beləliklə, hesab edirəm ki, danışıqlar masasında bizim mövqeyimiz daha da güclü olacaqdır. Əgər bir qədər qabağa baxsaq, - mən keçən dəfə də bu barədə danışmışam, bu gün də demək istəyirəm, - demoqrafik vəziyyət də öz müsbət rolunu oynayacaq və artıq oynayır. Bu gün Azərbaycan əhalisi 9 milyon 500 minə yaxınlaşır.  Ermənistanda isə 2 milyondan az əhali yaşayır. Əgər bizim əhalimiz bu templərlə artsa, Ermənistan əhalisi azalsa, təqribən 5-7 ildən sonra bizim əhalimiz on dəfə çox olacaqdır. Bu da özlüyündə bir güc mənbəyidir. Azərbaycanın uğurlu iqtisadi siyasətini, enerji siyasətini nəzərə alsaq, hesab edirəm ki, biz istədiyimizə nail olacağıq.

Yəni, Dağlıq Qarabağ məsələsi birinci məsələdir, ən əsas məsələdir. Azərbaycan hakimiyyəti və Azərbaycan cəmiyyəti bütün imkanları səfərbər edib ki, bu məsələ tezliklə öz həllini tapsın.

Digər vəzifələrə gəldikdə, artıq hesab edirəm ki, bizim proqramlarımız özlüyündə bu vəzifələrin müəyyən edilməsində kifayət qədər dolğun məlumat verir. Daxili siyasətlə bağlı demokratik proses inkişaf edəcəkdir. Azərbaycanda bütün azadlıqlar qorunur. Söz azadlığı, mətbuat azadlığı tam şəkildə təmin edilir. Azərbaycanda sərbəst internet fəaliyyət göstərir. Sərbəst toplaşmaq azadlığı tam şəkildə təmin edilir.

Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı bundan sonra da islahatlar aparılacaqdır. Biz bu islahatlara hazırıq. Əslində bu islahatların təşəbbüskarı da bizik.

Azərbaycanda təhlükəsizlik tədbirləri bundan sonra da təmin edilməlidir. Bizim böyük xoşbəxtliyimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayırlar. Korrupsiyaya qarşı mübarizədə çox böyük uğurlar əldə edilibdir. Həm inzibati tədbirlər, həm də sistem xarakterli islahatlar aparılır və öz bəhrəsini verir. Hesab edirəm ki, gələcək illərdə biz bu böyük bəlanın aradan qaldırılmasında daha da böyük uğurlar əldə edəcəyik.

Bir sözlə, daxili siyasətin əsas istiqamətləri çoxdan müəyyən edilib. Sadəcə olaraq, biz bu məsələləri daha da məqsədyönlü şəkildə həll etməliyik.

İqtisadi sahədə qeyri-neft sektorunun inkişafı bundan sonra da prioritet olaraq qalacaqdır. Çox şadam ki, bu ilin dörd ayında qeyri-neft sektorumuz 11 faiz artmışdır. Yəni, bu, o deməkdir ki, şaxələndirmə siyasətimiz öz bəhrəsini verir. Bu gün ölkəmiz üçün ənənəvi olmayan sahələr inkişaf edir - informasiya-kommunikasiya texnologiyaları, digər sahələr. Neft amilindən asılılıq azalır. Ümumi daxili məhsulumuzda neft seqmenti artıq azlıq təşkil edir. Bu da çox müsbət göstəricidir. Ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır. Yəni, gələcək illərdə bu proses davam etdiriləcəkdir. Nəzərə alsaq ki, gələn ilin əvvəlində üçüncü regional inkişaf proqramı qəbul olunacaqdır, hesab edirəm ki, bütün vəzifələr icra edilməlidir.

Kənd təsərrüfatı ilə bağlı ərzaq təhlükəsizliyi məsələləri ön plandadır. Bu barədə kifayət qədər çox qərarlar qəbul edilmişdir. Biz özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik. Mən bu hədəfi bir neçə il bundan əvvəl qarşıya qoymuşam və biz bu hədəfə doğru uğurla irəliləyirik. Azərbaycanda çox güclü ixrac potensialı yaradılmalıdır. Ölkəmizdə sənayeləşmə prosesi sürətlə gedir, texnoparklar yaradılır, yeni sənaye müəssisələri fəaliyyət göstərir. Bu da iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına xidmət göstərir. Biz növbəti illərdə ümumi daxili məhsulu məhz qeyri-neft sektoru hesabına artırmalıyıq.

Biz son on il ərzində dünyada ən yüksək sürətlə inkişaf edən ölkə olmuşuq. Hesab edirəm ki, biz bundan sonrakı on il ərzində qeyri-neft sektorunun ən sürətli inkişafını təmin etməliyik. O ki qaldı neft sektoruna, hesab edirəm ki, biz indi gündəlik   fəaliyyətimizdə əsas diqqəti bu sahəyə yönəltmirik. Bu da çox müsbət hadisədir. Çünki bu sahədə artıq hər şey plan üzrə gedir.

Bütün layihələrimiz uğurla icra edilibdir - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər layihələr. Keçən il TANAP layihəsinin imzalanması böyük tarixi hadisədir. Qürur hissi ilə deyə bilərəm ki, TANAP layihəsinin təşəbbüskarı da Azərbaycandır. Ən böyük maliyyə və texniki yük də Azərbaycanın üzərinə düşür. Biz bu məsuliyyətə hazırıq. Biz görürdük ki, "Cənub" qaz dəhlizi ilə bağlı danışıqlar davam edir və danışıqlardan başqa, necə deyərlər, heç bir real addımlar atılmır. Ona görə bu təşəbbüsü də biz öz üzərimizə götürmüşük. TANAP layihəsi qısa müddət ərzində geniş beynəlxalq dəstək qazana bilmişdir. Əminəm ki, Azərbaycan bu layihəni də bütün başqa layihələr kimi şərəflə yerinə yetirəcəkdir.

İndiki dövrdə Azərbaycan tərəfindən irəli sürülən və sürüləcək təşəbbüslər diqqəti cəlb edir. Bizim qərarlarımız gözlənilir. Bizim qərarlarımız həlledici rol oynayacaqdır. Azərbaycanda veriləcək qərarlar qitənin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə olacaqdır. Biz tərəfdaşlarla bərabər qitənin yeni enerji xəritəsini müəyyən edirik. Bu, böyük məsuliyyətdir, böyük şərəfdir, böyük nailiyyətdir. Çünki bunu biz öz təşəbbüslərimizlə etmişik. Bu gün də bölgənin enerji şaxələndirilməsi ilə bağlı təşəbbüslər böyük dərəcədə Azərbaycanın təşəbbüsləri ilə uzlaşır. Bizim bu istiqamətdə siyasətimiz birmənalıdır. Mən bunu dəfələrlə bəyan etmişəm. Biz enerji amilindən əməkdaşlığı dərinləşdirmək üçün istifadə edirik. Bu amildən heç vaxt qarşıdurma, əsassız rəqabət yaratmaq üçün yox, əməkdaşlıq yaratmaq, möhkəmləndirmək və milli maraqlarımızı təmin etmək üçün istifadə edirik. Bu siyasət bu günə qədər həyatda öz düzgünlüyünü sübut edir. Əminəm ki, Azərbaycan bundan sonra  da regional və dünya miqyaslı enerji tərəfdaşı kimi öz sözünü deyəcək və bu gün bizim planlaşdırdığımız layihələr uğurla nəticələnəcəkdir.

Bir sözlə, hər bir istiqamət üzrə konkret proqramlarımız vardır. Bugünkü çıxışda mən, sadəcə olaraq, əsas istiqamətlər haqqında fikirlərimi bildirdim. Ancaq hər bir sahə üzrə konkret proqramlar var və bu proqramlar icra edilir. Ən əsası ondan ibarətdir ki, Azərbaycan təxminən 22 ildir artıq müstəqil dövlət kimi yaşayır. Yenə də demək istəyirəm ki, müstəqilliyimizin ilk illəri ağır olmuşdur, çətin olmuşdur. 1991-1993-cü illərin əvvəlləri ən ağır illər olmuşdur. Bu illər müstəqil Azərbaycan üçün ləkə, biabırçılıq idi. Azərbaycan xalqı daha da gözəl şəraitə layiqdir və bu şəraiti bizim iqtidar, ulu öndər Heydər Əliyevin siyasəti təmin etmişdir.

İyirmi ildir ki, bu siyasət davam etdirilir. Azərbaycanın xoşbəxt gələcəyi üçün bu siyasət davam etdirilməlidir.

Müstəqillik ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq.

 

* * *

 

Sonda Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.

 

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 26 may.- S. 1-2.