«Gələcəyə baxış» ABŞ-Azərbaycan Forumunun iştirakçıları Milli Məclis ilə tanışlıqdan zəngin təəssüratla ayrılmışlar

 

Bakıda keçiriləcək "Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumunun iştirakçıları mayın 27-də Milli Məclisdə olmuşlar.

AzərTAc xəbər verir ki, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov amerikalı qonaqlar qarşısında çıxış edərək respublikamız haqqında məlumat vermişdir. Bildirilmişdir ki, müsəlman Şərqində ilk parlamentli respublika 1918-ci il mayın 28-də Azərbaycanda yaradılmışdır. Məhz Azərbaycanda qadınlara əksər ölkələrdən daha əvvəl seçib-seçilmək hüququ verilmişdir.

Diqqətə çatdırılmışdır ki, uzun müddət Sovet İttifaqının tərkibində olan Azərbaycan 22 il bundan əvvəl öz müstəqilliyini yenidən qazanmışdır. Açıq cəmiyyət, demokratiya və inkişaf yolunu tutan ölkəmiz dövlətçiliyin qurulması sahəsində çoxlu çətinliklərlə üzləşmişdir. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Bunun nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Lakin buna baxmayaraq, Azərbaycan özünün enerji ehtiyatlarından səmərəli istifadə edərək sürətlə inkişaf edən ölkəyə çevrilmişdir. Bu gün həm regional, həm də beynəlxalq səviyyəli layihələrin təşəbbüsçüsü və iştirakçısı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır.

V.Ələsgərov bildirmişdir ki, Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq qurumlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan həmçinin NATO və Avropa İttifaqı kimi qurumlarla əməkdaşlığı, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyətini də durmadan inkişaf etdirir. Eyni zamanda, ölkəmizin sülhməramlıları Əfqanıstan və İraqda həyata keçirilən əməliyyatlarda iştirak etmişlər.

Sonra Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək parlamentin funksiyaları barədə qonaqlara məlumat vermişdir. Qeyd olunmuşdur ki, regionun lider dövləti olan Azərbaycanın digər mədəniyyətlərə və dinlərə münasibətdə qədim tolerantlıq ənənələri vardır. Qədim tarixə, mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olan Azərbaycan bu gün özünün inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.

Diqqətə çatdırılmışdır ki, 155 ölkənin səsini qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan dünyada sülhün və təhlükəsizliyin təmin edilməsində öz səylərini əsirgəmir.

ABŞ-Azərbaycan Forumunun iştirakçıları Azərbaycan Respublikasının Milli Məclisi ilə tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.

 

Azərbaycan.- 2013.- 28 may.- S. 4.