«Gələcəyə baxış»
ABŞ - Azərbaycan Forumunun
iştirakçıları Azərbaycan Diplomatik
Akademiyasında olmuşlar
Bakıda keçiriləcək "Gələcəyə baxış" ABŞ - Azərbaycan Forumunun iştirakçıları mayın 27-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşlar.
AzərTAc xəbər verir ki, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev qonaqlara ADA-nın yaranma tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Prezident İlham Əliyevin 2006-cı il 6 mart tarixli fərmanı ilə təsis edilən ADA yarandığı gündən öz fəaliyyətində xüsusi ixtisaslı diplomat kadrların hazırlanmasını və beynəlxalq münasibətlər sahəsində elmi tədqiqatların aparılmasını əsas prioritet kimi götürmüşdür. 2009-cu ildən bu təhsil ocağında tədris proqramının genişləndirilməsinə və "Beynəlxalq əlaqələr və diplomatiya" sahəsində magistratura proqramının reallaşdırılmasına başlanılmışdır.
ADA-da, həmçinin "Biznesin idarə edilməsi və beynəlxalq münasibətlər" üzrə bakalavr ixtisasları yaradılmışdır. Akademiyada 300-ə yaxın tələbə diplomatiyanın sirlərinə yiyələnir. ADA-nın xarici tələbələrinin əksəriyyəti akademiyanın Beynəlxalq Təqaüd Proqramı üzrə təhsil alır.
Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin sərəncamı əsasında 2009-cu ildən təhsil ocağının yeni tədris kompleksinin tikintisinə başlanılmışdır. Yeni tədris kompleksi ABŞ-ın "EYP" şirkətinin layihəsi əsasında, xüsusi dizaynla, yüksək standartlar səviyyəsində tikilmişdir. Bu tədris ocağı dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunmuşdur. Burada dörd ayrı bina - biznes və beynəlxalq münasibətlər institutları, tələbə mərkəzi və kitabxana fəaliyyət göstərir. Azərbaycanda ilk dəfə olaraq bu tədris kompleksinin havalandırma sistemi geotermal enerji ilə həyata keçirilir.
Sonra qonaqlar ADA-da xeyriyyə məqsədilə təşkil edilmiş şənlik-yarmarka ilə tanış olmuşlar. Burada yaradılmış əl işlərindən ibarət sərgi forum iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
ADA-da yaradılmış şəraitlə tanış olan qonaqlara məlumat verilmişdir ki, burada tədris ingilis dilində aparıldığından akademiyada xarici ölkələrin tanınmış universitetlərindən professorlar və müəllimlər çalışırlar.
Qeyd edilmişdir ki, ADA-da fəaliyyət göstərən Azərbaycanın ən böyük xarici dilli kitabxanası dördmərtəbəlidir. Bu təhsil ocağının tələbələri kitabxanada ingilis dilində bir milyona yaxın ən son elmi mənbələrlə tanış olmaq imkanına malikdirlər.
Sonda Hafiz Paşayev qonaqları maraqlandıran sualları cavablandırmışdır.
Akademiya
ilə tanışlıqdan zəngin təəssüratla
ayrılan forum iştirakçıları ADA-nın
yaradılmasını, buradakı şəraiti yüksək
qiymətləndirmişlər.
Azərbaycan.-2013.- 28 may.- S. 7.