Ölkəmiz daha bir beynəlxalq tədbirə layiqincə ev sahibliyi etdi
Regionun lider dövləti olan Azərbaycan hər bir sahədə qazandığı müvəffəqiyyətlərlə və beynəlxalq nüfuzu ilə bu statusu layiqincə daşıdığını təsdiq edib. Məsələn, Cənubi Qafqazı əhatə edən hər hansı beynəlxalq layihənin Azərbaycanın maraqları nəzərə alınmadan həyata keçirilməsi mümkün deyil. Siyasi sahədə Azərbaycanla hesablaşır, məsləhətləşirlər. Cənubi Qafqaz iqtisadiyyatının əsas ağırlığı məhz Azərbaycanın payına düşür.
Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının və dünya kosmik klubunun üzvüdür. Diqqət çəkən əsas məqamlardan biri isə odur ki, Azərbaycan tam müstəqil siyasət həyata keçirir. Bütün bunlar göstərir ki, Azərbaycan regionun lider dövlətidir və istənilən məsələdə, istənilən sahədə öz sözünü deməyə qadirdir. Ona görə də beynəlxalq birlik hər bir əməkdaşlıq məsələsində Azərbaycanı əsas tərəfdaş kimi qəbul edir.
Azərbaycanın regionun lider dövlətinə çevrildiyini nümayiş etdirən məqamlardan biri də ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə bir mərkəz kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bununla yanaşı Azərbaycan mühüm siyasi, iqtisadi, idman və digər səpkili beynəlxalq tədbirlərin əsas ünvanıdır. Mayın 23-24-də Bakıda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin XI illik konfransı bunu bir daha təsdiqləyir.
Parlament Şəbəkəsinin Bakıda keçirilən konfransının əsas məqsədi sosial müdafiə vasitəsilə inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə dayanıqlı, davamlı və hərtərəfli artımı təmin etmək, iqlim dəyişikliyini yumşaltmaq və uyğunlaşmaq, hasilat sənayesi sektorunda şəffaflığın təbliğ edilməsi və parlament nəzarətinin gücləndirilməsi idi. İllik konfrans həm şəbəkə siyasətinin qarşıdan gələn il üzrə vəzifələrini, həm də prioritetlərini müəyyən etmək üçün keçirilirdi.
Xatırladaq ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsi 2000-ci ildə təsis edilmiş müstəqil təşkilatdır və 140-dan artıq ölkənin parlamentarilərinə inkişaf məqsədilə əməkdaşlıq sahəsində məsuliyyət və şəffaflığın artırılmasını dəstəkləmək üçün platformanı təmin edir. Şəbəkə öz beynəlxalq katibliyi, regional və ölkə filialları vasitəsilə Afrika, Asiya, Avropa və Amerikada 1500-dən çox parlament üzvünü əhatə edir. Qurum parlamentlər və vətəndaş cəmiyyətinin nəzarət rolunu gücləndirməklə inkişaf məqsədilə əməkdaşlıq prosesində şəffaflıq və məsuliyyəti artırmağa səy göstərir. Bakıda keçirilən konfransda Parlament Şəbəkəsinin 250 nəfər üzvü, vətəndaş cəmiyyəti və tərəfdaş təşkilatların rəhbərləri və Dünya Bankı, BVF və regional inkişaf bankları daxil olmaqla, bir sıra beynəlxalq maliyyə institutlarının yüksək vəzifəli rəsmiləri iştirak edirdilər.
Onu da qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin illik konfransında dünyada qlobal iqtisadi, sosial məsələlərin müzakirəsi ilə yanaşı, qurumun idarə heyətinə seçkilər də keçirilib. Kanada, Böyük Britaniya, İsveç, Hindistan, Türkiyə kimi ölkələrin parlamentlərindən ümumilikdə 10 nəfər Parlament Şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib. Azərbaycandan isə Milli Məclisinin deputatı Ceyhun Osmanlı qurumun idarə heyətinə üzv seçilib. Ceyhun Osmanlı bu vəzifəyə seçilən ilk azərbaycanlı, eyni zamanda postsovet ölkələrindən olan yeganə deputatdır. O öz uğurunu dövlətimizin dünyada artan nüfuzunun hər bir Azərbaycan vətəndaşının beynəlxalq aləmdə mövqeyinə müsbət təsir etməsi ilə izah edib.
Dünya
Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin
illik konfransı müzakirə olunan mövzuların
aktuallığı baxımından beynəlxalq miqyasda
böyük əhəmiyyətə malik idi. Tədbirin əhəmiyyətini
və aktuallığını təsdiq edən digər fakt
Bakıya 75 ölkədən deputatların,
tanınmış iqtisadçıların və dövlət
rəsmilərinin gəlməsi idi. Lakin ən əsası
odur ki, bu konfrans dünyanın bir sıra siyasi və iqtisadi mərkəzlərinin,
siyasətçilərin və iqtisadçıların Azərbaycanı
daha yaxından tanımaları baxımından mühüm əhəmiyyət
kəsb etdi.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2013.- 28 may.- S. 9.