Los-Ancelesdə Azərbaycanın milli bayramı - Respublika Günü və
Heydər Əliyevin 90 illik yubileyi təntənəli şəkildə
qeyd olunmuşdur
Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılmasının 95-ci
ildönümü və ümummilli lider Heydər Əliyevin
90 illik yubileyi münasibətilə Azərbaycanın
Los-Ancelesdəki baş konsulluğu geniş ziyafət
vermişdir. Tədbirdə Kaliforniya, Nevada, Nyu-Meksiko, Oreqon,
Vaşinqton və ABŞ-ın bir sıra digər qərb
ştatlarının təmsilçiləri, Los-Anceles dairəsinin
və meriyasının məsul əməkdaşları,
ABŞ Dövlət Departamentinin nümayəndələri,
xarici dövlətlərin Los-Ancelesdəki baş
konsulları, Kaliforniya universitetlərinin professorları, yerli
KİV təmsilçiləri, həmçinin Azərbaycan,
türk, yəhudi və İran icmalarının üzvləri
iştirak etmişlər.
Azərbaycanın
Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxışında
Respublika Gününün Azərbaycan üçün
xüsusi önəm daşıdığını, 95 il
öncə Şərq aləmində ilk demokratik və
dünyəvi respublikanın yaradıldığını
qeyd edərək, bu möhtəşəm hadisənin Azərbaycan
xalqının milli dövlətçilik ənənələrinin
inkişafında müstəsna rol oynadığını
bildirmişdir. Diplomat, həmçinin cümhuriyyətin əldə
etdiyi nailiyyətlərdən, həyata keçirdiyi mütərəqqi
islahatlardan, Ə.Topşubaşovun rəhbərlik etdiyi
nümayəndə heyətinin Parisdə ABŞ Prezidenti
V.Vilson ilə keçirdiyi görüşdən söz
açmışdır. 1920-ci ildə xarici müdaxilə nəticəsində
cümhuriyyətin mövcudluğuna son qoyulmasından
sonrakı 71 il ərzində Azərbaycan xalqının öz
müstəqil dövlətçiliyinin bərpasına
inamını əsla itirmədiyini qeyd edən N.Ağayev bu
arzuların, nəhayət, 1991-ci ildə gerçəkləşdiyini
söyləmişdir.
Baş
konsul müstəqilliyinin ilk illərində Azərbaycanın
böyük çətinliklərlə üzləşdiyini,
hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi
ilə üz-üzə qaldığını diqqətə
çatdırmışdır. Diplomat belə ağır bir
zamanda görkəmli dövlət və siyasət xadimi Heydər
Əliyevin yenidən hakimiyyət sükanı arxasına
keçərək, Azərbaycanı böyük təhlükələrdən
xilas etdiyini bildirmişdir. N.Ağayev ulu öndər Heydər
Əliyevin rəhbərliyi altında aparılan məqsədyönlü
islahatlardan, uğurlu daxili və xarici siyasətdən bəhs
edərək, Azərbaycanın qısa zaman ərzində
regionda öz mövqelərini gücləndirdiyini və
sürətli inkişafının əsasını
qoyduğunu vurğulamışdır.
Tədbirdə
Kaliforniya qubernatoru, Los-Anceles və Orinc vilayətləri, San
Dieqo və Monterey şəhərləri adından təbriklər
səslənmiş və müvafiq şəhadətnamələr
təqdim edilmişdir. Tədbir iştirakçıları
Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif
dövrlərini, eləcə də ABŞ-a rəsmi səfərlərini
əks etdirən fotosərgi ilə tanış olmuşlar. Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri
Anar Şahmuradov və Nigar Məmmədovanın ifa etdikləri
Azərbaycan milli rəqs nümunələri ziyafət
iştirakçılarının hərarətli
alqışları ilə qarşılanmışdır.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.- 2013.- 28 may.- S. 11.