Bakıda «Gələcəyə
baxış» Azərbaycan-ABŞ Forumu keçirilmişdir
Azərbaycan
Prezidenti İlham Əliyev forumun rəsmi
açılış mərasimində iştirak etmişdir
Mayın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun rəsmi açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun rəsmi açılış mərasimində iştirak etmişdir.
Heydər Əliyev Mərkəzinə gələn Prezident İlham Əliyev əvvəlcə ABŞ-dan olan qonaqlarla görüşdü.
Dövlət başçısı Alman Marşal Fondunun Transatlantik Akademiyasının aparıcı mütəxəssisi, ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Riçard Luqar, ABŞ-ın federal konqresmenləri Maykl Törner, Ted Po, 1998-2001-ci illərdə Birləşmiş Ştatların energetika naziri, Nyu-Meksika ştatının sabiq qubernatoru, ABŞ-ın BMT-dəki sabiq səfiri və Nümayəndələr Palatasının sabiq üzvü Bill Riçardson və digər konqresmenlər Qreqori Miks, Leonard Lans, Cim Brayndştayn, Ruben Hinoyosa, Stiv Stokmən, Mişel Qrişəm, Pol Uolfovitz və Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstar ilə söhbət etdi.
Tədbirin aparıcısı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd SEYİDOV dedi:
- Zati-aliləri cənab İlham Əliyev!
Hörmətli
qonaqlar, senatorlar, qubernatorlar, xanımlar və cənablar!
Mənim üçün çox böyük şərəfdir
ki, bu gün sizi burada salamlayıram. Azərbaycana səfər
etdiyinizə və tədbirə
qatıldığınıza görə sizə dərin təşəkkürümü
bildirirəm.
Bu, çox gözəl bir ənənə olmuşdur
ki, həm Azərbaycanda, həm də ABŞ-da biz bir araya gəlirik
və çox mühüm məsələləri müzakirə
edirik. Regional təhlükəsizlik, ölkənin
inkişafı, iqtisadi məsələlər və digər
mövzuları müzakirə edirik.
Cənab Prezidenti bu tədbirdə görmək bizim
üçün xüsusi şərəfdir. Onun forumun təşkilində
şəxsi iştirakı və töhfəsi bu tədbirin
gözəl keçməsinə imkan vermişdir. Eyni zamanda, gözəl və parlaq Azərbaycanın
inkişafı işinə xidmət etmişdir.
İcazənizlə, sözü Azərbaycan
Respublikasının Prezidenti, Zati-alilərinə təqdim etmək
istəyirəm.
* * *
Prezident İlham Əliyev forumda nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli
xanımlar və cənablar!
Hörmətli
qonaqlar!
Əziz
forum iştirakçıları!
İlk olaraq, sizi ölkəmizdə salamlayıram və
bu tədbirə qatıldığınıza görə sizə
dərin təşəkkürümü bildirirəm.
Burada bir çox dostlarımızı görürəm. Uzun illərdir
Azərbaycan-ABŞ münasibətlərinin möhkəmlənməsində
bir arada çalışırıq. Bundan
əlavə, qonaqlarımız arasında nüfuzlu siyasətçilər
vardır ki, Azərbaycana ilk dəfə səfər edirlər.
Əminəm ki, Azərbaycandakı səfəriniz
çox uğurlu olacaq, bu tədbir çərçivəsində
biz ikitərəfli münasibətlərimizə dair bir
sıra məsələləri müzakirə etmək
imkanı əldə edəcəyik.
Əminəm ki, bu forum əlavə bir töhfə
olacaqdır ki, ölkələrimiz arasında strateji əməkdaşlıq
müzakirə edilsin. Gündəlik çox genişdir,
müxtəlif sahələri əhatə edir. Əminəm ki, səmimi və açıq
müzakirələr qarşılıqlı anlaşmaya xidmət
edəcəkdir və əməkdaşlıq
üçün yeni sahələri müəyyənləşdirəcəkdir,
strateji əməkdaşlıq sahəsində müəyyən
yeni mövzular aşkar olunacaqdır.
Azərbaycan-ABŞ münasibətlərinin böyük
tarixi vardır. Ola bilər, o qədər də uzun
olmasın, amma çox mühüm münasibətlər
vardır. Müstəqilliyimizin ilk günlərindən
biz xüsusi əməkdaşlıq qurmuşuq. O da nəticədə
strateji tərəfdaşlığa çevrilmişdir. Siyasi təmaslarımız və dialoq çox
yüksək səviyyədədir, çox fəaldır.
Müxtəlif sahələrdə - iqtisadiyyat,
ticarət, sərmayələr - Amerika şirkətləri Azərbaycanda
başlıca investorlardandır. Bu şirkətlər
Azərbaycan iqtisadiyyatının planlı iqtisadiyyatdan bazar
iqtisadiyyatına keçidini təmin etmişlər. Biz enerji təhlükəsizliyi məsələsində
yaxından əməkdaşlıq edirik, iqtisadi şaxələndirmə,
siyasi islahatlar, regional əhəmiyyətli məsələləri
də müzakirə edirik. Regional təhlükəsizlik
və əməkdaşlıq mühüm məsələlərdir.
Təhlükəsizlik hər iki ölkə
üçün mühüm əhəmiyyət kəsb edir. Çox
şadam ki, biz artıq bu sahədə yeni mərhələyə
qədəm qoyuruq. Biz qlobal təhlükəsizlik
məsələlərində bir arada
çalışırıq. Bizim hərbçilərimiz
dünyanın müxtəlif yerlərində sülhməramlı
əməliyyatlarda iştirak edirlər, Əfqanıstanda bir
arada xidmət edirlər. Azərbaycan Əfqanıstana
yönəlmiş yüklərin 40 faizinin nəqlini təmin
edir və bizim marşrut ən sabit marşrut hesab oluna bilər.
Bizim NATO ilə əməkdaşlığımız da
ikitərəfli münasibətlərimiz aspektindən qiymətləndirilməlidir
və çox şadam ki, gündən-günə bu
münasibətlər güclənir. Azərbaycan bu regionda
etibarlı tərəfdaşdır. Biz
bunu sadəcə bəyanatlarda deyil, real əməllərimizlə
sübut edirik. Bu, bizim əməkdaşlığımız
üçün müstəsna əhəmiyyət kəsb
edir.
Regional təhlükəsizlik məsələləri hər
zaman diqqət mərkəzində olacaqdır. Terrorizmlə
mübarizə məsələsi mühüm bir mövzudur və
Azərbaycan BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü qismində bu məsələyə
xüsusi əhəmiyyət verir. Beynəlxalq
terrorçuluqla mübarizə bu sahədə səylərin
birləşdirilməsi istiqamətində öz töhfəsini
verir və burada vətəndaşlarımızın sülh
şəraitində yaşamasına xidmət edir.
ABŞ
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında da fəal rol
oynayır. ABŞ Minsk qrupunun həmsədr
ölkələri sırasındadır. Təəssüflər
olsun ki, hələ də bu sahədə heç bir nəticə
əldə edilməmişdir. Torpaqlarımız
hələ də işğal altındadır. Lakin biz ümid edirik ki, beynəlxalq ictimaiyyətin,
xüsusilə də Minsk qrupunun fəaliyyəti nəticəsində
münaqişə nizamlanacaq, qaçqın və məcburi
köçkünlər öz doğma yurdlarına geri
dönəcəklər.
Biz ABŞ-ın ən yüksək rəhbərliyi səviyyəsində
status-kvonun qəbuledilməzliyi ilə bağlı bəyanatı
alqışlayırıq. Bu, tam olaraq bizim
mövqeyimizlə üst-üstə düşür və
bugünkü günün tələbidir. Çünki Dağlıq Qarabağ münaqişəsi
təkcə böyük zorakılığın və beynəlxalq
hüququn tapdalanmasının təzahürü deyil, bu, eyni
zamanda regional təhlükəsizliyə və sabitliyə ən
böyük təhdiddir. Bu region təhlükəsiz
və firavan olmalıdır. Eyni zamanda,
inteqrasiya olunmalıdır.
Bu münaqişə və Azərbaycan
torpaqlarının davamlı olaraq işğalı burada
çox mənfi rol oynayır. Sizə söyləmək
istərdim ki, hətta Sovet İttifaqının süqutundan əvvəl
- 1980-ci illərdə erməni separatçıları Ermənistanın
dəstəyi ilə Azərbaycana qarşı əsassız ərazi
iddiaları irəli sürürdülər. Sovetlər birliyi dağılandan sonra Azərbaycan
çox çətin bir vəziyyətlə üzləşdi.
İqtisadiyyatımız iflic vəziyyətində
idi və burada separatçılığın artması da
çox mənfi bir mənzərə yaradırdı. Azərbaycan ərazilərinin 20 faizinin
işğalı, bir milyondan artıq azərbaycanlının
doğma torpaqlarından didərgin salınması, etnik təmizləmə
və bütün bu acınacaqlı şərtlər
çox çətin bir vəziyyət yaratmışdır.
Burada təkcə Dağlıq Qarabağın
işğalından söhbət getmir, burada Azərbaycanın
əzəli, tarixi 7 rayonunun işğalından söhbət
gedir. Burada bütün infrastruktur məhv
edilmişdir. Bu, müxtəlif beynəlxalq
təşkilatların qiymətləndirmə
missiyalarının hesabatlarında da öz əksini
tapmışdır ki, bütün infrastruktur, bütün tarixi
abidələr erməni silahlı qüvvələri tərəfindən
məhv edilmişdir.
Azərbaycan xalqı soyqırımın qurbanı
olmuşdur. Bildiyiniz kimi, 1992-ci ildə Xocalıda günahsız
qadınlar və uşaqlar xüsusi zorakılıqla qətlə
yetirilmişdir. Bir sıra ölkələr
artıq bu faciəni soyqırımı kimi qəbul
etmişdir. Bir sıra ABŞ
ştatları da bunu soyqırımı kimi qəbul
etmişdir.
Bu münaqişədə ilk olaraq, beynəlxalq hüquq
və prinsiplər bərpa edilməlidir. Çünki
BMT Təhlükəsizlik Şurası bununla bağlı
dörd qətnamə qəbul etmişdir ki, orada qoşunların
dərhal və şərtsiz çıxarılması qeyd
olunur. Zənnimcə, münaqişənin həlli
regional təhlükəsizliyi və firavanlığı təmin
edə bilər, münaqişənin nizamlanması nəticəsində
Cənubi Qafqaz artıq beynəlxalq birliyə daha yaxşı
inteqrasiya ola bilər. Azərbaycanın təcrübəsi
göstərir ki, proqnozlaşdırılmış və gələcəyə
hesablanmış siyasət mövcuddursa siz uğurlu ola bilərsiniz.
Bizim münasibətlərin digər bir mühüm sahəsi
enerji təhlükəsizliyidir. Bu sahədə biz
ABŞ ilə 1994-cü ildən etibarən çox sıx əməkdaşlıq
edirik. O zamanlar bizim müxtəlif layihələrdə
ABŞ çox fəal iştirak etmişdir. Bildiyiniz
kimi, Xəzər dənizi ehtiyatlarının beynəlxalq
bazarlara çıxarılmasında Azərbaycan ilk, mən
deyərdim, pioner bir ölkə olmuşdur və
1993-2003-cü illər ərzində bütün proseslərdə
ABŞ yaxından iştirak etmişdir. Çünki
ABŞ administrasiyası və ABŞ-ın müvafiq
güclü dəstəyi olmasaydı, biz uğur qazana bilməzdik.
Biz çox güclü dəstəyin şahidi
olduq və ABŞ-Azərbaycan tərəfdaşlığı
da bu mühüm strateji layihələrin icrasını təmin
etmişdir.
Biz sərmayələri cəlb edə bilmişik. Burada sərmayələr
üçün münbit şərait yaratmışıq.
Onların qanuni cəhətdən
qorunmasını təmin etmişik. Azərbaycanda
çox münbit biznes atmosferi yaradılıb. Bu da bizim iqtisadiyyatın şaxələndirilməsinə
xidmət etmişdir. Enerji gəlirləri
qeyri-neft sektorunun inkişafına yönəldilmişdir.
ABŞ administrasiyasının dəstəyi ilə
Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa edilmişdir və
istifadəyə verilmişdir.
Bu neft kəmərinin tikintisi təkcə Azərbaycan
üçün öz resurslarını beynəlxalq bazarlara
çıxarmaq imkanı olmamışdır. Bu, yeni bir dəhliz,
yeni bir istiqamət, yeni bir marşrut olmuşdur. O zaman bu
layihəni həyata keçirəndə biz onun bütün
müsbət cəhətlərini görə bilməzdik. Amma bu gün biz onun şahidiyik ki, bu layihə bizim
qitənin enerji xəritəsini dəyişmişdir. Biz bütün hasilatımızı ixrac etmək
imkanı əldə etmişik və bu kəmərdən təkcə
Azərbaycan deyil, bizim müxtəlif tərəfdaşlarımız
tərəfindən istifadə olunur. Həmin
bu dəhliz regional təhlükəsizliyin gücləndirilməsinə
xidmət etmiş və biznes mühitinin
yaxşılaşdırılmasında da müstəsna rol
oynamışdır.
Bu gün biz artıq bir sıra mühüm enerji layihələrini
icra etmişik.
Bu, müxtəlif istiqamətlərdə neftin nəqlinə
xidmət edən layihələrdir. Biz
avropalı tərəfdaşlarımızla "Cənub"
qaz dəhlizi layihəsi üzərində çalışırıq.
Azərbaycan bu layihənin təşəbbüskarı
olmuşdur. Avropa İttifaqı Azərbaycanı
qitənin ən mühüm neft və qaz təminatçısı
kimi qəbul etmişdir və bu layihədə Azərbaycanın
böyük rolu vardır. Biz Avropa
İttifaqı ilə müvafiq memorandum imzalamışıq.
Bu gün "Cənub" qaz dəhlizinin
inşası ilə bağlı bir sıra konkret real tədbirlər
görülmüşdür. Bu layihə
Azərbaycanın nəhəng qaz ehtiyatlarının Avropa
bazarlarına nəqlinə xidmət edəcəkdir. Eyni zamanda, bu, iqtisadi əməkdaşlığı
gücləndirəcək və Avropanın enerji təhlükəsizliyinə
xidmət edəcəkdir. Eyni zamanda, Azərbaycanın
ixrac potensialı da nəticə etibarilə çox əhəmiyyətli
dərəcədə artmış olacaqdır.
Bu arada biz istehlakçı və ixracatçı
ölkələr ilə yaxından əməkdaşlıq
edirik. Bildiyiniz kimi, bu qaz ABŞ-a yönəlməyib, amma
buna baxmayaraq, ABŞ bu strateji əhəmiyyətli layihəni
dəstəkləyir. Çünki bu,
iqtisadi şaxələndirməyə, enerji şaxələndirməsinə
xidmət edən layihədir. Enerji sahəsində
regional əməkdaşlığa xidmət edən layihədir.
Azərbaycan və Avropa arasında əlaqələri
yaxınlaşdıran bir layihədir. Bu,
bizim şaxələndirmə imkanlarımızı
artırmış olacaqdır. Çünki
burada marşrutların şaxələndirilməsindən
söhbət getmir, burada mənbələrin şaxələndirilməsindən
söhbət gedir. Azərbaycan yeni bir mənbədir.
Biz Xəzər dənizində nəhəng qaz
ehtiyatları aşkar etmişik və hazırda Azərbaycan tərəfindən
bütün zəruri maliyyə və texniki tədbirlər həyata
keçirilir ki, "Cənub" qaz dəhlizi layihəsi həyata
keçə bilsin.
Əminəm ki, Azərbaycan-ABŞ münasibətləri
bu gün də 1990-cı illərin ortalarında olduğu
kimi, eyni dərəcədə əhəmiyyətlidir. Bunu söylədikdə
biz daha çox iqtisadiyyatımızın şaxələndirilməsinə
səylər göstəririk, iqtisadiyyatın enerji sahəsindən
asılılığını azaldırıq, ölkənin
və iqtisadiyyatın davamlı inkişafını təmin
etməyə çalışırıq. Çünki neft və qaz tükənən bir sərvətdir.
Azərbaycana gəldikdə, bizim sərvətlər hələ
bir 100 il bizə kifayət edəcəkdir.
Amma buna baxmayaraq, biz bu "qara
qızıl"ı insan kapitalına çevirməyə
çalışırıq.
Biz artıq bu işlərə başlamışıq. Biz
aparıcı mütərəqqi texnologiyalara sərmayə
qoyuruq, qeyri-neft sektoruna sərmayələr
yatırırıq. Bu ilin ilk dörd
ayında bizim qeyri-neft sektorunun artımı 11 faiz təşkil
etmişdir. Bu, onun göstəricisidir ki,
biz ümumilikdə öz məqsədlərimizə nail oluruq
və artıq iqtisadiyyatımızı şaxələndirməyə
müvəffəq olmuşuq.
Təbii ki, bu sahədə müasir texnologiyaların tətbiqi
və təhsil böyük əhəmiyyətə malikdir. 1990-cı illərin
ortalarında da bizə müasir mütərəqqi
texnologiyalar lazım idi. Çünki sovet
dövründə bizim 150 metrdən dərindəki ehtiyatlara əlimiz
çatmırdı. İnformasiya-kommunikasiya
texnologiyaları və innovasiyalar bu gün bizim
iqtisadiyyatımızın şaxələndirilməsində
çox mühüm rol oynamışdır. Burada da ölkələrimiz arasında əməkdaşlıq
müstəsna əhəmiyyət kəsb edir.
Əməkdaşlığımızın
bariz nümunəsi bu il fevral ayında Azərbaycanın
ilk peykinin fəzaya çıxarılması idi. Bu peykin adı "Azərspace-1"dir. Bu, elə
onun işarəsidir ki, bundan sonra əlavə peyklər də
qurulacaqdır. Biz Azərbaycanda kosmos sənayesini
inkişaf etdirmək əzmindəyik. Bu əməkdaşlıq
qarşılıqlı faydalı bir əməkdaşlıqdır.
Bu, bizə müasir texnologiyalara sərmayələrin
qoyulmasına, təhsil, insan kapitalına sərmayələrin
qoyulmasına imkan verir. Eyni zamanda, ölkələrimiz
arasında əməkdaşlığın genişləndirilməsinə
töhfə verir.
Əminəm ki, bu forum bizim əlaqələrimizin təkcə
siyasi və təhlükəsizlik aspektinə nəzər
salmayacaqdır. Eyni zamanda, biz iqtisadi əməkdaşlığa
önəm verməliyik. Bizim daha çox
iqtisadi fəaliyyətimiz olmalıdır. Biz
çox şadıq ki, çoxsaylı Amerika şirkətləri
Azərbaycanda fəaliyyət göstərirlər. Amma əminəm ki, burada potensial daha
böyükdür. Azərbaycanın
imkanları genişlənir. İqtisadi
islahatların aparılması baxımından Azərbaycan
çox gözəl göstəricilərə malikdir. Beynəlxalq maliyyə institutları da bunu təsdiq
edir. Bu səbəbdən biz əminik ki,
Azərbaycanın uğurlu inkişafı davam edəcəkdir.
Biz iqtisadiyyatın elə sahələrinə sərmayələr
yatıracağıq ki, onların daha mütərəqqi
olmasına ehtiyac vardır. Burada biz Amerika
şirkətlərinə müraciət edəcəyik ki,
onlar bu yeni əməkdaşlıq sahələrini
araşdırsınlar.
Hərdən müəyyən mütəxəssislər
Azərbaycanın inkişafını enerji ilə əlaqələndirirlər. Əlbəttə,
sirr deyildir ki, enerji Azərbaycanın transformasiyasında
böyük rol oynamışdır. Amma
bunu təhlil etsək görərik ki, bu, tam olaraq belə
deyildir. Biz öz neft gəlirlərimizi
müdrik şəkildə istifadə etməyi
bacarmışıq. Biz müxtəlif sahələrə
bu gəlirləri yönəltmişik. İnfrastruktur
layihələri həyata keçirmişik. Mən deyərdim, radikal iqtisadi islahatlar həyata
keçirmişik. Bu, bizim
strategiyamızın tərkib hissəsidir. Çünki siyasi və sosial islahatlar iqtisadi
islahatlarla bərabər aparılmalıdır. Çünki hər hansı bir sahə bir balaca
geridə qalsa, biz uzunmüddətli inkişafı və
uğuru təmin edə bilmərik.
Bizim siyasi islahatlara da ehtiyacımız vardır. Biz bunu edirik.
Biz demokratik təsisatlarımızı
inkişaf etdiririk. Azərbaycanda
bütün azadlıqlar təmin edilir. Biz
fərəhlənirik ki, Azərbaycan tam sərbəst media və
internet məkanıdır. Hər ölkədə
azad internet mövcud deyildir. Azərbaycanda
internet istifadəçiləri 70 faizə çatır və
bu rəqəm artmaqdadır. Bu səbəbdən siyasi
reformalar, demokratik proses hər zaman bizim gündəliyimizdədir.
Bu islahatlar iqtisadiyyatla tamamlanmalıdır.
Uğurlu iqtisadi və sosial islahatlarla
tamamlanmalıdır.
Biz öz tarixi irsimizi nəzərə alırıq. Biz 1990-cı
illərin ortalarında artıq konkret qərar verdik ki,
dünyəvi, müasir, demokratik ölkə qurmaq istəyirik.
Öz dost və tərəfdaş ölkələrimizlə,
Avropa, Avratlantika təsisatları ilə yaxın əməkdaşlıq
qurmaq əzmində olan bir ölkəyik. NATO və
Avropa İttifaqı ilə əməkdaşlıq bizim beynəlxalq
münasibətlər gündəliyinin başlıca məsələləridir.
Bizim xarici siyasətdə mövqeyimiz
açıqdır və aşkardır. Biz
BMT Təhlükəsizlik Şurasında da öz
mövqeyimizi açıq və şəffaf şəkildə
ifadə edirik. 2011-ci ilin oktyabrında biz
öz müstəqilliyimizin 20 illiyini qeyd etdik və o zaman
BMT-nin üzvlərinin böyük əksəriyyətinin dəstəyi
ilə Təhlükəsizlik Şurasına - dünyanın ən
nüfuzlu təşkilatına üzv seçilmişik.
Bizim
müsəlman, islam aləmində
böyük nüfuzumuz vardır. Çoxsaylı
tərəfdaşlarımız vardır. Biz,
eyni zamanda, Avropa Şurasının da üzvüyük.
Biz bir növ təbii siyasi, iqtisadi və mədəni
bir körpü rolunu oynayan ölkəyik.
Sabah bizim mədəniyyətlərarası dialoq tədbirimiz
olacaqdır. Biz burada mehriban qonşuluq, sülh şəraitində
yaşamanın və tolerantlığın bir nümunəsi
olan dövlətik. Ona görə də
iqtisadi və siyasi islahatlar ölkənin transformasiyasına
xidmət etmişdir. Sizə deyə bilərəm
ki, bizim islahatlarımız beynəlxalq maliyyə
institutları tərəfindən yüksək qiymətləndirilir.
Maliyyə böhranı illərində
"Fitch", "Moody's" və "S&P" şirkətləri
Azərbaycanın kredit reytinqini qaldırmışdır.
Davos Forumunun məruzələrinə əsasən, Azərbaycan
dünyanın rəqabətə davamlı ilk 50
iqtisadiyyatı siyahısına daxildir. Bu, təkcə
neftlə bağlı deyildir. Azərbaycandan
dəfələrlə artıq neft ixrac edən ölkələr
vardır. Amma onlar bizim uğuru əldə
edə bilməyiblər. Bu, bir göstəricidir
- Azərbaycanda şaxələndirmə, biznes
üçün imkanlar, güclü sosial siyasət, elm və
təhsilə qoyulan sərmayələr. Sizi
əmin etmək istərdim ki, bizim gözəl
inkişafımız olmuşdur. Biz
ümumi daxili məhsulu üç dəfə
artırmışıq, yoxsulluğu 50 faizdən 6 faizə
endirmişik. Bu isə təbii ki, bizim
imkanlarımızın zəruri qaydada tətbiq edilməsinin
və istifadəsinin göstəricisidir.
Gəlirlərin əldə edilməsi və bu prosesdə
olan şəffaflıq bizim inkişafın təməlində
dayanmışdır. Bizim Neft Fondumuz dünyanın ən şəffaf
neft fondudur. Biz işsizliyi 5,2 faizə
endirmişik. Gəlməkdə olan mühüm sərmayələri
nəzərə alsaq, bu rəqəm bir az
da aşağı düşəcəkdir. Bizim
iqtisadiyyatımız sabitdir. Bizim strateji
valyuta ehtiyatımız ümumi daxili məhsulun 70 faizini təşkil
edir. Ona görə də siyasi və
iqtisadi sabitlikdir, bizim iqtisadiyyatımızın 83 faizi özəl
sektor tərəfindən təmin edilir. Eyni
zamanda, əməkdaşlıq üçün açıq
olmağımız, bütün bu şərtlər bizim
iqtisadiyyatımızın inkişafına xidmət edəcəkdir.
Tam səmimi demək istərdim ki, mənim əvvəlki
fəaliyyətimdə və hazırda prezidentlik dönəmimdə
də əməkdaşlığımız üçün
çox böyük işlər görülüb. Bu əməkdaşlıq çox mühüm əhəmiyyət
kəsb etmişdir.
ABŞ hər zaman Azərbaycanın yanında
olmuşdur. İslahatların həyata keçirilməsi,
regional təhlükəsizliyin gücləndirilməsi məsələsində
də bizim yaxın tərəfdaşımız olmuşdur.
Bu forum zənnimcə, onun ən bariz nümunəsidir.
Əminəm ki, bu forum çərçivəsində
çox səmimi və maraqlı fikir mübadiləsi həyata
keçiriləcəkdir. Bu, bizim əməkdaşlığımızın
və tərəfdaşlığımızın gələcək
uğurları naminə davam edəcəkdir.
Sizə təşəkkür edirəm.
* * *
Sonra Azərbaycanın inkişafına, ölkəmizdə
enerji siyasətinin uğurlarına həsr olunan videoçarx
nümayiş etdirildi.
* * *
Azərbaycan-ABŞ Forumu işini sessiyalarla davam etdirdi.
AzərTAc
Azərbaycan.- 2013.- 30 may.- S. 1-2.