«Gələcəyə baxış» Azərbaycan-ABŞ Forumunun iştirakçılarının şərəfinə ziyafət verilmişdir

 

Mayın 29-da "Buta" sarayında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun iştirakçılarının şərəfinə ziyafət verilmişdir.

AzərTAc xəbər verir ki, Milli Məclisin Sədri Oqtay Əsədov tədbirdə çıxış edərək demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev forumun açılışında ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrinin və strateji tərəfdaşlığın perspektivlərindən danışmışdır. O.Əsədov vurğulamışdır ki, bu tərəfdaşlıq hər iki ölkənin gələcəyi naminə daha da genişlənəcəkdir.

Forumun ölkələrimiz arasında bütün sahələrdə müşahidə olunan inkişafın göstəricisi olduğunu diqqətə çatdıran Milli Məclisin Sədri bu cür tədbirlərin qarşılıqlı əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini bildirmişdir.

Milli Məclisin Sədri O.Əsədov Azərbaycanın maddi yardıma deyil, daha çox siyasi dəstəyə ehtiyacı olduğunu vurğulamışdır. Belə bir tədbirin keçirilməsi ABŞ-da ölkəmizə siyasi dəstək verənlərin sayının artmasına kömək edəcəkdir.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunda səmərəli müzakirələrin keçirildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan ilə ABŞ arasındakı münasibətlər möhkəm təməllər üzərində qurulmuşdur.

Ölkələrimiz arasındakı münasibətlərin inkişaf perspektivlərindən danışan diplomat, tərəflərin bir çox istiqamətlərdə ortaq dəyərləri bölüşməsinin əhəmiyyətini vurğulamışdır. Səfir forum iştirakçılarını Azərbaycan ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal olmağa çağırmışdır. Azərbaycanın Avrasiyada ABŞ-ın etibarlı tərəfdaşı olduğunu deyən Elin Süleymanov qeyd etmişdir ki, bu dostluq əlaqələri xalqlarımızı daha da yaxınlaşdırır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat, bu problemin tezliklə həll olunmasının vacibliyini vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycan regionda sülhün tərəfdarıdır.

E.Süleymanov qeyd etmişdir ki, Azərbaycanın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu enerji strategiyası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir. Azərbaycan Avropa, regionalqlobal enerji təhlükəsizliyinə töhfə verən önəmli bir ölkədir.

ABŞ-ın Tennessi ştatının Memfis Şəhər Şurasının sədri Mayron Loveri, Nyu-Meksika ştatının Nümayəndələr Palatasının üzvü Nora Espinoza və başqaları çıxış edərək "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirmişlər. Qeyd etmişlər ki, bu cür tədbirlərin keçirilməsi Azərbaycan ilə ABŞ arasında yüksələn xətlə inkişaf edən əlaqələrin bundan sonra da dərinləşməsinə təkan verəcəkdir.

Tədbir konsert proqramı ilə davam etmişdir.

 

 

Azərbaycan.-2013.- 30 may.- S.4.