Fransa radiosunda Azərbaycanın
birinci xanımının Parisdə keçirdiyi
görüşlərdən ətraflı bəhs
olunmuşdur
Azərbaycan
ilə bağlı ayda bir dəfə efirində yer ayıran
Fransa radiosunun may ayındakı proqramında əsasən
ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri
Mehriban Əliyevanın başçılıq etdiyi nümayəndə
heyətinin Fransaya səfəri çərçivəsində
Parisdə keçirdiyi görüşlərdən ətraflı
bəhs olunmuşdur.
Verilişin
aparıcıları Mehriban xanım Əliyevanın Milli
Assambleyanın sədri Klod Bartmone, xarici əlaqələr
komissiyasının sədri xanım Elizabet Qiqu, Fransa-Azərbaycan
dostluq qrupunun sədri Tierri Mariani, Avropa məsələləri
komissiyasının sədri xanım Daniel Orua, Senatın sədri
Jan-Pyer Bel, Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon,
Fransa prezidentinin Frankafoniya üzrə xüsusi təmsilçisi
xanım Yamina Benqiqi ilə keçirdiyi görüşlər
haqda dinləyicilərə ətraflı məlumat vermişlər.
Həmçinin belə görüşlərin iki ölkə
arasında əməkdaşlığın inkişafına,
fransız və Azərbaycan xalqlarının dostluq əlaqələrinin
daha da möhkəmlənməsinə xüsusi töhfə
verməsi diqqətə çatdırılmışdır.
Azərbaycanı
Fransada daha yaxından tanıtmaq məqsədi ilə Heydər
Əliyev Fondunun təşkilatçılığı və
ölkəmizin Parisdəki səfirliyinin dəstəyi ilə
"Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri"
layihəsi çərçivəsində Van şəhərində
keçirilən "Azərbaycan günləri" ilə əlaqədar
təşkil olunan sərgi və konsertə sakinlərin
böyük maraq göstərdikləri proqramda xüsusi
vurğulanmışdır.
Son
illər Azərbaycan ilə Fransa arasında əlaqələrin
inkişafı istiqamətində mühüm addımların
atıldığının vurğulandığı
verilişdə Naftalan şəhəri ilə Fransanın Leql
şəhərlərinin qardaşlaşmasına dair rəsmi
sənədin imzalanması və bununla bağlı
keçirilən tədbirlərdən geniş bəhs
olunmuşdur.
Heydər
Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı
sayəsində Bakıda tikilən fransız liseyinin sentyabrda
açılacağı və 2013-2014-cü tədris ili
üçün şagirdlərin qəbuluna
başlayacağı verilişin əsas xəbərlərindən
biri olmuşdur.
Proqramda
ermənilərin Xocalı hava limanını açmağa cəhd
göstərmələri və Azərbaycanın bu məsələyə
münasibətinə də toxunulmuşdur. Bununla bağlı
türk jurnalistlərinin suallarına xarici işlər
nazirinin müavini Araz Əzimovun cavabı fransız dinləyicilərinə
çatdırılmışdır. Nazir müavini Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli ilə əlaqədar ATƏT-in Minsk qrupu tərəfindən
irəli sürülən təkliflərə Ermənistanın
razı olmadığını, hava limanının
işğal altındakı ərazilərimizdə yerləşdiyinə
görə yalnız ölkəmizin razılığı və
torpaqlarımızın azad edilməsindən sonra
açılmasının mümkünlüyünü, onun fəaliyyətinin
beynəlxalq mülki aviasiya qanunlarına tamamilə zidd
olduğunu qeyd etmişdir.
Verilişdə
Ermənistanda yaranmış acınacaqlı iqtisadi vəziyyətdən,
əhalinin əksəriyyətinin yoxsulluğun son həddində
yaşamasından, ölkədə korrupsiyanın
tüğyan etməsindən və digər məsələlərdən
bəhs olunmuşdur.
Klassik
və müasir musiqimizlə müşayiət olunan
verilişdə Azərbaycanda nəşr edilən mətbu
orqanlarının xülasəsi barədə də məlumat
verilmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2013.- 30 may.- S.4.