Ankarada Azərbaycan Xalq
Cümhuriyyətinin qurulmasının 95-ci ildönümü və ümummilli liderin anadan
olmasının 90 illiyi münasibətilə möhtəşəm
tədbir həyata keçirilmişdir
Azərbaycan
Respublikasının Türkiyədəki səfirliyi tərəfindən
Ankara şəhərində yerləşən Heydər Əliyev
Parkında Azərbaycan Xalq Cümhuriyyətinin
qurulmasının 95-ci ildönümü və ümummilli
liderin anadan olmasının 90 illiyi münasibətilə rəsmi
qəbul və möhtəşəm tədbir həyata
keçirilmişdir.
Səfirlikdən
AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov, ARDNŞ-nin prezidenti Rövnəq
Abdullayev, Türkiyə Böyük Millət Məclisinin sədr
müavini Mehmet Sağlam, enerji və təbii sərvətlər
naziri Taner Yıldız, daxili işlər naziri Muammer Güler, Türkiyə-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet
Ünüvar və bu ölkənin digər rəsmi şəxsləri,
yüksək rütbəli zabitləri, ictimai, elm və incəsənət
xadimləri, Ankarada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri
və təmsilçiləri, habelə KİV nümayəndələri
iştirak etmişlər.
Səfir
Faiq Bağırov, Prezidentin Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov, türkiyəli nazirlər -
Taner Yıldız, Muammer Güler və digərləri iki
qardaş ölkə arasındakı əlaqələr və
ulu öndər Heydər Əliyevin Azərbaycanın
inkişafı sahəsində əvəzsiz xidmətləri
barədə geniş çıxış etmişlər.
Daha
sonra "Eurovision-2013" mahnı müsabiqəsində
ikinci yerə çıxmış Fərid Məmmədovun
ifasında mahnılar səsləndirilmiş, Azərbaycan Dövlət
rəqs ansamblı tərəfindən milli rəqslər
nümayiş etdirilmişdir.
Tədbir
iştirakçılarına türk dilində nəşr
etdirilmiş "Heydər Əliyev" və "İlham Əliyev"
kitabları ilə yanaşı, "İrs-Miras" və
"Diplomatik atlas" jurnalları təqdim olunmuşdur.
Ankarada
ARDNŞ tərəfindən əsaslı surətdə təmir
edilən Heydər Əliyev Parkı çoxsaylı qonaqlarda
xoş təəssürat yaratmış, ölkəmiz
haqqında müsbət fikirlərin möhkəmlənməsinə
səbəb olmuşdur.
Azərbaycan.- 2013.- 30 may.- S. 5.