Moskvada Azərbaycan Respublikası Günü qeyd edilmişdir

 

Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə təntənəli qəbul təşkil etmişdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq mərasimdə iştirak edənləri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü münasibətilə təbrik etmişdir. O demişdir: "1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında Dekret imzalanmışdır. Bu ona dəlalət edirdi ki, Azərbaycan xalqı inkişaf etməkdə olan demokratik cəmiyyətdə yaşamaq istəyir. Təəssüf ki, bu respublikanın ömrü cəmi 23 ay oldu. Lakin o, bütün Yaxın Şərqdə demokratik cəmiyyətin təməlini qoymuşdur".

Səfir qeyd etmişdir ki, Azərbaycan həm sovet dövründə, həm də SSRİ dağılandan sonra bütün sahələrdə dinamik inkişaf etmişdir. P.Bülbüloğlu daha sonra demişdir: "Bu yaxınlarda Moskvada, İttifaqlar evinin Sütunlu Salonunda Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasi xadim və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 90 illiyi qeyd edilmişdir. Gecədə Heydər Əliyev haqqında çox xoş sözlər deyildi. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Cəmi bir neçə il bundan əvvəl hətta təsəvvür etmək də çətin idi ki, bizim respublika Təhlükəsizlik Şurasının üzvü olacaqdır".

Cari ilin Azərbaycan üçün çox əlamətdar olduğunu qeyd edən Polad Bülbüloğlu vurğulamışdır: "Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Güman edirəm ki, müdrik Azərbaycan xalqı düzgün seçim edəcəkdir".

Rusiya xarici işlər nazirinin müavini, stats-sekretar Qriqori Karasin təntənəli qəbulda çıxış etmişdir. O qeyd etmişdir ki, dost Azərbaycanın Respublika Gününün bayram edilməsi Rusiya Federasiyasının ictimai-siyasi həyatında gözəl bir ənənəyə çevrilmişdir. Diplomat demişdir: "Bu yaxınlarda Moskvada Heydər Əlirza oğlu Əliyevin - təkcə Rusiyada deyil, keçmiş sovet respublikalarının hamısında yüksək hörmət qazanmış, nadir siyasi liderin 90 illiyi qeyd edilmişdir. Bizim çoxəsrlik əlaqələrimiz 1997-ci ildə imzalanmış Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik haqqında Müqavilədə, habelə dostluq və qarşılıqlı hörmət ənənələri ilə təsbit olunmuşdur. Biz bu ənənələri davam etdirir, qarşılıqlı fəaliyyətimizin  əhatə dairəsini genişləndiririk".

Q.Karasin Rusiya-Azərbaycan ticari-iqtisadi münasibətləri məsələsinə toxunaraq xatırlatmışdır ki, iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 3,5 milyard dollara çatmışdır. Humanitar təsisatlar arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən Q.Karasin bildirmişdir ki, iki ölkənin prezidentlərinin himayəsi ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ənənəvi tədbirə çevrilmişdir. İyun ayının əvvəlində Volqoqradda Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcəkdir. Diplomatın sözlərinə görə, ölkələrimizin bütün regionları qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı davam etdirmək əzmindədirlər.

Sonra Azərbaycanın Rusiyadakı səfiri fəxri diplomlar təqdim etmişdir. Əvvəlcə səhnəyə Azərbaycan idmançısı, qarışıq təknövçülüklər üzrə Moskvada keçirilən "Leqenda" turnirində bir sıra beynəlxalq yarışların çempionu Badr Xariyə qalib gəlmiş Zabit Səmədov dəvət edilmişdir. Ekranda həmin döyüşdən kadrlar göstərilmişdir. Səfir Polad Bülbüloğlu Zabit Səmədova fəxri diplom təqdim edərək ona Azərbaycan Bayrağını daim uca tutmağı arzulamışdır.

Azərbaycanın Rusiyadakı səfiri "Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Fərid Məmmədova və Rusiya nümayəndəsi Dina Qaripovaya da fəxri diplomlar verilməsini elan etmişdir. "Eurovision-2013" mahnı müsabiqəsinin gümüş mükafatçısı Fərid Məmmədov yaradıcılığının yüksək qiymətləndirilməsinə görə səfirə təşəkkürünü bildirmişdir. Tədbir iştirakçıları onun ifasında "Hold me" mahnısını gurultulu alqışlarla qarşılamışlar.

Bayram gecəsi Azərbaycanın və Rusiyanın mədəniyyət və incəsənət xadimlərinin zəngin konsert proqramı ilə davam etmişdir.

Tədbirdə Rusiya və Azərbaycanın rəsmi dairələrinin nümayəndələri, bir sıra ölkələrin Moskvada akkreditə edilmiş  səfirləri və diplomatik nümayəndəliklərin təmsilçiləri, Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2013.- 30 may.- S. 5.