Azərbaycan-ABŞ Forumunun
sessiyalarından biri «Avrasiya
təhlükəsizliyi və əməkdaşlığı:
Azərbaycanın regional sülh
və sabitlikdə rolu» mövzusuna
həsr olunmuşdur
Mayın 29-da Bakıda Heydər Əliyev Mərkəzində "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumu çərçivəsində "Avrasiya təhlükəsizliyi və əməkdaşlığı: Azərbaycanın regional sülh və sabitlikdə rolu" mövzusunda sessiya keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadənin və ABŞ-ın "Rethink" İnstitutunun icraçı direktoru Fevzi Bilginin moderatoru olduqları sessiyada mövzu üzrə məruzələr dinlənilmişdir.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət ƏSGƏROV beynəlxalq təhlükəsizlik çərçivəsində regiondakı təhdidlərdən danışmışdır. O qeyd etmişdir ki, Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi və həmin ərazilərdə qeyri-qanuni fəaliyyətin göstərilməsi regional və beynəlxalq təhlükəsizliyə birbaşa təhlükə yaradır. BMT və digər beynəlxalq qurumların qətnamələrinə baxmayaraq qonşu Ermənistan torpaqlarımızı işğal altında saxlamaqda davam edir. Bu isə işğal altındakı Dağlıq Qarabağda narkoticarətin geniş vüsət almasına gətirib çıxarmaqla yanaşı, digər qanunsuz fəaliyyətlərin mənbəyinə də çevrilmişdir. Bu isə regional və beynəlxalq təhlükəsizliyə təhdid yaradır.
Z.Əsgərov demişdir ki, Xocalı soyqırımının törədilməsində iştirakını yüksək tribunadan etiraf edən Ermənistanın dövlət başçısı yüzlərlə günahsız insanın vəhşicəsinə öldürülməsi ilə öyünür. Ancaq beynəlxalq ictimaiyyət buna heç bir reaksiya vermir. Bunun özü ikili standartların göstəricisidir. İşğala məruz qalan dövlətlə işğalçıya eyni münasibətin bəslənilməsi qəbuledilməzdir.
ABŞ-ın İrs Fondunun elmi tədqiqatçısı Ariel KOEN "Əsrin müqaviləsi"nin imzalanmasına görə Azərbaycana göstərilən təzyiqlərdən danışaraq, bütün maneələrin dəf edildiyini vurğulamışdır. O bildirmişdir ki, Azərbaycan bu gün müstəqil siyasət yürüdür və özünün enerji siyasəti ilə təqdir olunası nailiyyətlərə imza atır.
Cənubi Qafqazın təhlükəsizliyinin çox vacib olduğunu söyləyən A.Koen qeyd etmişdir ki, sülh və sabitlik olmadan çiçəklənən və demokratik cəmiyyət yaratmaq çox çətindir. Ona görə də bu gün Cənubi Qafqazda sabitliyə ehtiyac vardır.
ABŞ Konqresinin sabiq üzvü, İndiana ştatından olan Dən BÖRTIN Azərbaycan hərbçilərinin Əfqanıstanda və İraqda sülhməramlı qüvvələrin tərkibində uğurlu fəaliyyətindən bəhs edərək bildirmişdir ki, Azərbaycan bu gün düzgün istiqamətdə inkişaf edir. O diqqətə çatdırmışdır ki, Azərbaycana olunan təzyiqlərə baxmayaraq, özünün müstəqil siyasətindən dönməmiş və bu yolda inamla irəliləyir.
Respublikamızın Birləşmiş Ştatlar üçün önəmini vurğulayan D.Börtın demişdir ki, ABŞ daim Azərbaycanın yanında olmalı və onun haqq səsini eşitməlidir. O, konqresmenləri Azərbaycana dövlət yardımının göstərilməsini qadağan edən "Azadlığa dəstək aktı"na "907-ci düzəliş"in ləğvinə çağırmışdır.
Hayfa Universitetinin Siyasi Elmlər Məktəbinin professoru Brenda ŞAFFER bildirmişdir ki, müsəlman Şərqində ilk demokratik respublika məhz 1918-ci ildə Azərbaycanda yaradılsa da, cəmi iki il yaşamışdır. Uzun illər Sovet İttifaqının tərkibində olmasına baxmayaraq, yenidən özünün müstəqilliyinə qovuşan Azərbaycan bu gün tam azad siyasət yürütməklə yanaşı, ABŞ-ın regionda mühüm tərəfdaşıdır.
O qeyd etmişdir ki, ümumiyyətlə, ABŞ Azərbaycanı nəyə görə dəstəkləməlidir dedikdə, əvvəlcə müstəqil siyasət yürüdən bu respublikanın maraqları ilə Birləşmiş Ştatların maraqlarının uzlaşdığını düşünməliyik. Buna görə də Konqresdə Azərbaycan ilə bağlı səsvermə keçirildikdə bütün bu amilləri nəzərə almaq lazımdır.
Vurğulanmışdır ki, Azərbaycan cəmiyyəti açıq, şəffaf, mütərəqqi cəmiyyətdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır.
ABŞ Konqresinin Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyət göstərən dırnaqarası "respublika"ya hər il maddi yardım ayrılmasına dair qərar verməsini absurd adlandıran B.Şaffer bildirmişdir ki, o ərazilərdə heç kim yaşamır, kimsənin tanımadığı, hansı fəaliyyətin göstərildiyi bilinməyən əraziyə pullar ayrılır. Halbuki bu vəsaiti daha uyğun istiqamətə yönəltmək olar. Ona görə də Konqresdəki səsvermələrdə bütün bunları nəzərə almaq lazımdır.
ABŞ Konqresinin sabiq üzvü, Nyu-York ştatından olan Maykl MAKMAHON belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirərək, Avrasiyada əməkdaşlıq və təhlükəsizlik məsələlərində Azərbaycanın rolundan danışmışdır. O, Azərbaycana səfərindən sonra ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun respublikamızdakı inkişafı yüksək qiymətləndirdiyini diqqətə çatdıraraq, özünün də bu nailiyyətlərin canlı şahidi olduğunu bildirmiş və qazanılan uğurları təqdir etmişdir.
Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etdiyini deyən M.MakMahon "907-ci düzəliş"in hələ də qüvvədə qalmasının dostluq və tərəfdaşlıq prinsiplərinə zidd olduğunu söyləmişdir. O demişdir ki, bu düzəlişin ləğvi hər iki ölkənin münasibətlərinin daha da genişlənməsinə və möhkəmlənməsinə səbəb olar. Buna görə də "907-ci düzəliş" ləğv edilməli, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Minsk qrupunun fəaliyyətinə yeni stimul verilməlidir. Ümumiyyətlə, ABŞ Azərbaycanı layiqincə, əsl dost kimi qiymətləndirməlidir.
Hyuston şəhərinin keçmiş meri, ABŞ energetika nazirinin sabiq müavini Bill UAYT müstəqilliyin ilk illərində Bakıya səfərləri zamanı gördükləri ilə indiki inkişafı müqayisə edərək, Azərbaycan xalqının heyrətamiz inqilabi dəyişikliyə imza atdığını vurğulamışdır.
O qeyd etmişdir ki, 2001-2007-ci illərdə Azərbaycanın enerji resursları işə salınmasaydı, həmin illərdə neftin qiyməti daha 20-30 dollar baha olardı. Bu isə, insanların rifahına bir başa təsir göstərəcəkdi. O zaman ABŞ gözləmirdi ki, Azərbaycan onun milli maraqlarına uyğun addım atacaqdır. Ancaq Azərbaycan enerji resurslarını Avropaya istiqamətləndirərək, həm özünün enerji siyasətinə uyğun addım atdı, həm də dolayısı ilə dünya bazarlarında neftin uyğun qiymətdə qalmasını təmin etmiş oldu. Ümumiyyətlə, bizim burada gördüklərimiz, qazanılan nailiyyət, yüksək iqtisadi inkişaf son 20 il ərzində Azərbaycan hökumətinin əzmkarlığının nəticəsidir.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan Respublikasının ABŞ-dakı sabiq səfiri Yaşar ƏLİYEV regional sülh və sabitliyin təmin edilməsində ölkəmizin rolundan danışaraq, respublikamızın yürütdüyü siyasətdə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırmışdır.
Azərbaycanın bir çox beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı olduğunu deyən Y.Əliyev ölkəmizin neft-qaz siyasətindən, şaxələndirilmiş enerji infrastrukturundan və əldə olunan nailiyyətlərdən danışmışdır. Bildirilmişdir ki, hazırda Azərbaycan "Şahdəniz-2" qaz layihəsini, eləcə də Transanadolu təbii qaz boru kəmərini reallaşdırmaqla "Cənub qaz dəhlizi"nin açılmasında mühüm rol oynayır. Bundan başqa, Avropa ilə Asiyanı birləşdirəcək və artıq tikinti işlərində son mərhələyə qədəm qoyulmuş Bakı-Tbilisi-Qars dəmir yolu da ölkəmizin daha bir uğurlu addımıdır.
Azərbaycanın Birləşmiş Ştatların etibarlı tərəfdaşı olduğunu deyən Y.Əliyev vurğulamışdır ki, ölkələrimizin münasibətləri regional təhlükəsizlik və terrorizmə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edir. ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi üçün imkanların genişləndirilməsi vacibdir. Bu baxımdan "907-ci düzəliş" strateji münasibətlərin ruhunu əks etdirmir və daha geniş əməkdaşlığa mane olur.
Sonda
iştirakçıların sualları
cavablandırılmışdır.
Azərbaycan.- 2013.- 30 may.- S.7.