Azərbaycan ABŞ-ın ən yaxın müttəfiqidir

 

Mayın 29-da Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumu çərçivəsində "ABŞ-Azərbaycan strateji əməkdaşlıq: ABŞ-Azərbaycan münasibətləri" mövzusunda sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən sessiyada Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, Azərbaycanın ABŞ-dakı ilk səfiri Hafiz PAŞAYEV çıxış etmişdir. Rektor demişdir ki, hələ XX əsrin əvvəllərində Şərqdə ilk dəfə olaraq öz müstəqilliyini elan etmiş Azərbaycan xalqı bütün dünyaya müstəqil şəkildə yaşayıb inkişaf etmək iqtidarında olduğunu sübut etmişdir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) çoxpartiyalı parlamentdən ibarət olmuş, qadınların seçib və seçilmək hüququnu tanımışdır. Lakin 23 aydan sonra bolşeviklərin təcavüzünə məruz qalan AXC süquta uğramışdır. XX əsrin sonunda Azərbaycan öz müstəqilliyini bərpa edərək hüquqi dövlət qurmuşdur. Bir əsrdə 2 dəfə müstəqilliyini əldə edən Azərbaycan hər zaman ABŞ ilə yaxşı münasibətlər qurmağa çalışmışdır. Müstəqilliyin ilk illərində Azərbaycanda xaos, anarxiya hökm sürürdü və dövlətin ABŞ-ın dəstəyinə ehtiyacı var idi. Lakin ABŞ kimi dünyanın aparıcı dövlətinin diqqətini Azərbaycana yönəltmək çox çətin məsələ idi, ancaq biz buna nail olduq. Bu gün isə ABŞ-Azərbaycan münasibətləri inkişaf mərhələsindədir. Bu münasibətlərin yaxşı olması yalnız iki dövlət üçün deyil, Cənubi QafqazAvropa üçün də əhəmiyyətlidir. ABŞ-da baş vermiş 2001-ci il 11 sentyabr terror aksiyasından sonra Azərbaycan birmənalı olaraq rəsmi Vaşinqtonu terrorla mübarizədə dəstəkləyəcəyini və hər cür yardım edəcəyini bildirmişdir. Azərbaycan ABŞ-ın Əfqanıstanda apardığı terror əleyhinə mübarizədə də fəal iştirak edir.

ABŞ Hava Qüvvələrinin generalı, sabiq nəqliyyat komandanı Dankn MAKNAB bildirmişdir ki, Azərbaycan heç bir qarşılıq gözləmədən antiterror əməliyyatlarında ABŞ-a yaxından kömək göstərmiş, rəsmi Vaşinqtonun bütün xahişlərini qəbul edərək öz hava məkanından istifadə etməyə icazə vermişdir. Əfqanıstana daşınan yüklərin 40 faizi məhz Azərbaycan vasitəsilə həyata keçirilir. Azərbaycan hərbçiləri NATO-nun sülhməramlı qüvvələrinin tərkibində Əfqanıstanda çox cəsarətli xidmət aparır, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər.

Azərbaycana bir neçə dəfə səfər etdiyini xatırladan general D.Maknab Bakının gündən-günə gözəlləşdiyini, ölkənin böyük inkişaf yolu keçdiyini bildirmişdir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd SEYİDOV qeyd etmişdir ki, bu gün ABŞ ilə Azərbaycanın dostluq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Münasibətlərin intensiv inkişafı olduqca əhəmiyyətlidir. Strateji tərəfdaşlıq daha səmərəli və əlverişlidir. Belə şəraitdə birgə iqtisadi layihələri həyata keçirmək asandır və hər iki tərəf üçün faydalıdır. Strateji tərəfdaşlıq həm ABŞ-a, həm də Azərbaycana milli maraqları qorumaqla əməkdaşlıq etməyə imkan verir.

Qeyd olunmuşdur ki, Azərbaycan tolerant ölkədir, burada məscidlərlə yanaşı, sinaqoqlar və kilsələr də fəaliyyət göstərir. Milli Məclisdə 25 qadın deputat vardır ki, bu da ölkədə gender bərabərliyinin mövcudluğuna sübutdur. Azərbaycan xalqı demokratik dəyərləri qəbul edirbu dəyərlərlə irəliləyərək gələcəyə ümidlə baxır.

Stratfor Qlobal Araşdırmalar Mərkəzinin təsisçisi və rəhbəri, siyasi analitik Corc FRİDMAN hələ 5 il əvvəl səsləndirdiyi fikrini xatırladaraq demişdir ki, yaxın gələcəkdə ABŞ-ın ən yaxın müttəfiqi Azərbaycan olacaqdır. Hazırda dünya soyuq müharibənin başa çatdığı dövrdə yaşayır. Dünyada çox mürəkkəb siyasi proseslər baş verir. ABŞ-ın müttəfiqləri sayılan Avropa ölkələri dərin iqtisadi böhran içindədirlər. Bu qitədəki dövlətlərin mövqeləri qətiyyən uzlaşmır. Halbuki, Avropa dövlətlərinin əksəriyyəti NATO-nun üzvüdürilk baxışdan siyasi mövqelər üst-üstə düşməlidir. Lakin biz ziddiyyətli münasibətlərdə olan Avropa dövlətlərini bir araya gətirə bilmirik. Bu isə NATO-nun beynəlxalq hərbi-siyasi təşkilat kimi gücünü zəiflədir. Ona görə də ABŞ-a Azərbaycan kimi davamlı iqtisadi inkişafa malik olan müttəfiq lazımdır. Bu, bir həqiqətdir və bu həqiqət nə qədər tez dərk olunarsa, bir o qədər faydalı olar. 2001-ci ildə ABŞ-a qarşı dəhşətli terror aksiyası törədilmişdir. Rəsmi Vaşinqtonun bəzi müttəfiqləri antiterror əməliyyatlarında ABŞ-ı dəstəkləmək üçün müəyyən şərtlər irəli sürdülər. Lakin Azərbaycan qeyd-şərtsiz ABŞ-ı dəstəklədiyini bəyan etmiş və beynəlxalq terrorçuluğa qarşı mübarizədə hər cür kömək göstərmişdir.

Sonra məruzəçilər iştirakçıların suallarını cavablandırmışlar.

 

Azərbaycan.- 2013.- 30 may.- S. 7.